Əlaqə Arxiv
news Image
2012.08.17
20:02
| A A A
TRT Azərbaycanda film çəkir
Türkiyənin TRT kanalı Azərbaycanın "Ayrılıq" və "Ala gözlüm" mahnılarına film çəkir. Yarım saatlıq film "TRT Müzik" kanalındakı "Mahnılar və hekayələri" ("Türküler ve öyküleri") adlı serial-proqramda yayımlanacaq. TRT-nin Bakıdakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə TRT rejissoru Fateh Arslan və TRT prodüsseri Hakan Bişkin Bakıya gəlib. TRT qrupu Bakıda sözügedən mahnıların hekayələrini öyrənmək və çəkiləcək filmlərin yerlərini müəyyənləşdirmək üçün fəaliyyətə başlayıb. Mahnıların hekayələri ilə bağlı araşdırma aparan heyət filmdə oynayacaq aktyorları da müəyyənləşdirib. Filmdə çəkiləcək aktyorlar, mahnıları səsləndirəcək müğənnilər və aparıcılar azərbaycanlılar olacaq. 

Rejissor Fateh Arslan filmin ssenarisini yazmağa başladıqlarını bildirib. Rejissor film üçün bu mahnıların seçilməsinin səbəbini isə belə açıqlayıb: "İstər "Ala gözlüm", istərsə də "Ayrılıq" Türkiyədə də kifayət qədər bilinən və hətta Türkiyədəki türkülərdən belə daha populyar olan mahnılardır. Ona görə də bu mahnıların hekayəsini, tarixini də Türkiyə tamaşaçılarına çatdırmaq istədik". 

Filmin çəkilişləri sentyabrın 26-da başlayacaq və 10 gün davam edəcək. Çəkilişlərin böyük hissəsi Qala kəndində həyata keçiriləcək. Çəkilişlər 10 gün davam edəcək. Rejissor çəkiliş üçün Bakıya 15 nəfərlik professional qrupla gələcəklərini, işıqçıdan kameramana qədər bütün qrupun TRT əməkdaşlarından ibarət olacağını söyləyib. Fateh Arslan çəkiliş üçün Qalanı seçmələrinin səbəbini belə izah edib: "Qala Azərbaycanı ən yaxşı əks etdirən məkanlardan biridir və aurası çox gözəldir". 

TRT rejissoru araşdırma və hazırlıq müddətində Azərbaycanda çox böyük maraq, diqqət və qayğı gördüklərini deyib.
 
Sizin Reklam Yeriniz