news Image
2012.08.17
20:12
| A A A
Bakıda yeniyetmələrin dünya çempionatı keçiriləcək
Avqustun 21-27-də Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda dünyanın 40-a yaxın ölkəsinin idmançılarının iştirakı gözlənilir. 

Yarış 12 illik fasilədən sonra FİLA tərəfindən ötən ildən etibarən bərpa olunub və Macarıstanın ardınca, Azərbaycan da bu dünya çempionatını keçirmək hüququna yiyələnib. Yeganə fərq ölkəmizin həm də çimərlik güləşi üzrə yarışları da qəbul etməsi olacaq. 

Dünya çempionatının proqramına əsasən, iyulun 21-22-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. İyulun 23-24-də yeniyetmə qızlar arasında çempionlar məlum olacaq. Yunan-Roma güləşçiləri döşək üzərinə iyulun 25-26-da çıxacaqlar. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq dünya çempionatı 10 çəki dərəcəsində keçiriləcək.

Və nəhayət, iyulun 27-də "Crescent Beach"-də çimərlik güləşi yarışları keçiriləcək. Çimərlik güləşi yarışlarında sərbəst güləş üzrə oğlanların mübarizəsində 3, yeniyetmə qızların mübarizəsində isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 

Proqrama əsasən, yarışlar həftə içi hər gün saat 14.00-da, şənbə və bazar günü isə saat 10.00-da başlayacaq.