news Image
2012.04.17
17:11
| A A A
“Ağsu möcüzəsi”nə baxış oldu

Movqe.Az xəbər verir ki, 17-18 aprel 2012-ci ildə Ağsu şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu rayonu İcra Hakimiyyəti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Tarixi şəhərlərimizdə kərpic memarlığı" konfransı və arxeoturu keçirilir. Konfransın mövzusuna tarixdə Azərbaycanda yaşayan toplumların kərpic memarlığı, dünyanın başqa yerlərindəki kərpic memarlığı nümunələri ilə Azərbaycan örnəklərinin müqayisəli təhlili, hal-hazırda kərpic memarlığının inkişafı istiqamətində görülən ictimai və iqtisadi fəaliyyətlər, kərpic memarlığı abidələrinin konservasiya və bərpası aiddir.

Konfrans İştirakçıları ilk olaraq aprelin 17-də Ağsu şəhəri ərazisində yerləşən XVIII əsrə aid Ağsu şəhərinin arxeoloji qazıntılarının aparıldığı əraziyə baş çəkdilər. Buradakı tapıntılar haqqında tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli xəbər verdi. Onun sözlərinə görə Azərbaycan tarixən dünyanın çiy və bişmiş kərpic memarlığının geniş istifadə olunduğu ərazilərdəndir. Burada hələ neolit dövründə başlayan möhrə tikililəri sonralar çiy kərpic, daha sonralar bişmiş kərpic memarlığının meydana çıxmasına imkan verib. Azərbaycanın gil ehtiyatları keyfiyyətli kərpic növlərinin meydana çıxmasına da şərait yaradıb. Arxeoloji qazıntılar zamanı aşkar olunan çiy və bişmiş kərpic memarlığı nümunələri Azərbaycanda bu ənənənin min illərlə davam etdiyini göstərir. Etnoqrafik müşahidələr hələ də bir çox bölgələrdə bu materiallardan istifadə etməklə tikilən binalara üstünlük verildiyini göstərir.

2010-cu ilin mart ayından orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılar da şəhər memarlığında çiy və bişmiş kərpicdən geniş istifadə edildiyini göstərmişdir. Şəhər ərazisindəki ən böyük ağac sütunlu məscidlərdən biri məhz çiy kərpicdən tikilmişdir. Bu cür tikililər keçmişlə bu gün arasında körpüdür, keçmiş ənənələrin bu gün təkmilləşdirilmiş şəkildə davam etdirilməsi təbii və sağlam "dialoq"un göstəricisidir.

Konfransda "Arkeoloji ve Sanat Dergisi"nin redaktoru, Türkiyənin kərpic memarlığı üzrə mütəxəssislərindən biri, arxeoloq Nezih Başgelen də iştirak edib. Arxeoloq Nezih Başgelenin rəhbərlik etdiyi "Arkeoloji ve Sanat Dergisi" 1978-ci ildən dörd ayda bir nəşr olunur. Jurnalın indiyə qədər 138 sayı çıxıb. 1982-ci ildə qurduğu Arkeoloji ve Sanat Nəşriyyatında Türkiyənin zəngin tarixi əsərləri, qədim mədəniyyətləri haqqında araşdırma, buklet, kataloq, bələdçi, 21 əsas seriya üzrə 400-ə qədər əsər çap olunub. Müəllifin arxeologiya, sənətşünaslıq, etnoqrafya, turizm, tarixi və ətraf mühitin qorunması haqqında məqalə, layihə kimi nəşr edilmiş minə yaxın əsəri vardır. Layihə çərçivəsində "Arkeoloji ve Sanat Dergisi"nın gələcək saylarından birinin Azərbaycana həsr olunması nəzərdə tutulub.

Konfransı giriş sözü ilə tarix elmləri doktoru, Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev açdı. O, kərpic memarlığı mədəniyyətinin tarixindən və inkişaf yollarindan qısa məlumat verdi. Sonra söz Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinə verildi. Nazirlik rəsmisi ölkədə olan tarixi abidələr, yerli mədəniyyət idarələrinin fəaliyyəti haqqında məlumat verdi. Onun sözlərinə görə son dövrlər bir çox yeni tarixi, mədəniyyət abidələri kəşf edilib.

AMEA-nın müxbir üzvü Vəli Əliyev məruzəsində Şərq sivilaziyası və Azərbaycanda erkən şəhər mədəniyyətinin tarixi ilə bağlı məlumat verərək, ölkəmnizdə hələ eramızdan əvvəl III minillikdə bişmiş kərpicdən istifadə edildiyini qeyd etdi.

Məruzələr konfransdan sonra üç dildə (azərbaycan, türk və ingilis) nəfis fotolarla nəşr olunacaq. Tarixçilər, arxeoloqlar, memarlar, etnoqraflar, kərpic istehsalçıları və s. mütəxəssislər bu konfrans və onun kataloqundan faydalana biləcəklər.

Tural QABİLOĞLU














Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs