news Image
2016.05.04
10:29
| A A A
Azərbaycanın xalq şairi Söhrab Tahir vəfat edib

Azərbaycanın xalq şairi, tanınmış publisist Söhrab Tahir vəfat edib.Məlumatı Azərbaycan Yazıçılar Birliyindən təsdiqləyiblər.Söhrab Tahir uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.Şəkər xəstəliyindən əziyyət çəkən şairin bu yaxınlarda hər iki ayağı amputasiya olunmuşdu.


Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub.


Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.


Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.


2006-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs