Əlaqə Arxiv
news Image
2016.05.04
12:30
| A A A
"Gəncə Avropa Gənclər Paytaxtı 2016"nın açılış mərasimi başlayıb

Mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinin açılış mərasimi başlayıb.


Movqe.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak edirlər.


Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.


Mərasim iştirakçılarını salamlayan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib və tədbiri açıq elan edib.


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinin açılış mərasiminin iştirakçılarına ünvanlanmış məktubunu oxudu.


Sonra Əli Həsənov çıxış etdi.


Xatırladaq ki, açılış mərasiminə İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən nümayəndələr dəvət olunublar.


Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, "Qadınlar zirvədə" layihəsinin təqdimatı və digər tədbirlər də daxildir.


"Avropa Gənclər Paytaxtı" layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.azərtac

Sizin Reklam Yeriniz