news Image
2016.05.17
09:22
| A A A
Nyu Yorkda ilk Qafqaz irsi festivalı keçirilib (FOTO)

15 may tarixində Bruklinin "Master" Teatrı binasında Nyu York şəhərində Birinci "Qafqaz irsi" festivalı keçirilmişdir. Festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunmuşdur.


Festivalın təntənəli açılış mərasimi zamanı "Master" Teatrda yığışmış iki minədək tamaşaçını salamlayan Bruklinin meri Erik Adams bu tədbirin böyük önəmindən danışaraq Bruklin-Bakı Dostluq Assosiasiyası və onun prezidenti Mariyetta Rozental, həmçinin "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzi və onun rəhbəri Alyona Bədəlovaya bu tarixi təşəbbüsün reallığa çevrilməsində müstəsna xidmətlərinə görə təşəkkürünü bildirdi.


E.Adams Bruklini Amerikanın Bakısı adlandıraraq burada bir çox mədəniyyətin təmsilçilərinin birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadığını dedi.


Bundan sonra Bruklin meri E.Adams tərəfindən imzalanmış rəsmi Bəyanatlar (Proklamasiyalar) oxundu. Sənədlərdə Birinci "Qafqaz irsi" festivalının keçirilməsinə dəstək qeyd olunur, bu tədbirin Nyu York və Bruklinin mədəni inkişafına töhfəsi vurğulanır. Bruklin-Bakı Dostluq Assosiasiyası və "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinə xüsusi təşəkkür ifadə edilir, onların fəaliyyəti alqışlanır, Bruklin ilə Bakı arasında münasibətlərə olduqca müsbət töhfəsi qeyd olunur. Eyni zamanda bu Proklamasiyalarda hər ilin may ayı Bruklində "Qafqaz irsi ayı" elan edilir.


Öz növbəsində Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozental çıxışında Bruklin meri E.Adamsa, Azərbaycan Hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə dəstəyə görə xüsusi təşəkkürünü bildirdi.


Tədbirdə iştirak edən siyasi xadimlər və Nyu York Ştatı Assambleyası (qanunverici orqanı) üzvləri belə təşəbbüsün Bruklin üçün böyük bayram olduğunu qeyd edərək bunun ənənəvi hal alacağını təqdir etdilər, Bruklin-Bakı Dostluq Assosiasiyası və "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinə təşəkkürlərini vurğuladılar.


Azərbaycan Respublikasının ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və bu festivalın keçirilməsinin tarixi hadisə olduğunu qeyd etdi. O bildirdi ki, öz tarixi vətənlərindən uzaqda olan istedadlı uşaq və gənclərin öz doğma mədəniyyətini qorumaq, yaşatmaq və tanıtmaq üçün bu gözəl bir imkandır. O, Azərbaycanın tarix boyu tolerantlıq və sülh məkanı kimi tanındığını deyərək, ölkə rəhbərliyi tərəfindən multikulturalizm və mədəniyyətlərarası dialoqa çox böyük diqqət yetirildiyini vurğuladı. Bu kontekstdə diplomat bir neçə gün öncə BMT-nin Sivilizasiyalar Alyansının növbəti forumunun böyük uğurla Bakıda keçirildiyini xatırlatdı. Eyni zamanda o, Bruklin meri E.Adamsa burada yaşayan Azərbaycan icmasına diqqətinə görə təşəkkür etdi.


Bundan sonra "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzi, "Pesvebi" gürcü mədəniyyət mərkəzi, "İberians" rəqs ansamblı və "Crane Musiqi Teatri" kompaniyası yetirmələri tərəfindən Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqram nümayiş etdirildi. Qeyd edək ki, Azərbaycan müğənnisi Rüfət Axundovun ifasında "Azərbaycan" mahnısı və "Səs Azərbaycan" musiqi müsabiqəsinin iştirakçısı olmuş Orxan Ağayevin ifasında "Sarı gəlin" Azərbaycan xalq mahnısı gurultulu alqışlarla qarşılandı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs