Əlaqə Arxiv
news Image
2016.05.25
16:18
| A A A
Astanada Milli Məclisin deputatına türk dünyası qarşısında xidmətlərinə görə qızıl medal təqdim edilib
Həm də qazax dilinə tərcümə edilmiş kitabının təqdimatı olub

Qazaxıstanın Astana şəhərində keçirilən "Böyük Çöl" birinci Sosial Elmlər Humanitar Forumu çərçivəsində Astanadakı Lev Qumilyov adına Milli Avrasiya Universitetində Milli Məclisin deputatı Cavanşir Feyziyevin Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilmiş "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabının təqdimatı keçirilib.


Təqdimat mərasimini giriş sözü ilə açan Astanadakı Lev Qumilyov adına Milli Avrasiya Universitetin universitetin prorektoru Somjurek Jumaşulı kitabın məzmunu və müəllifi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, monoqrafiyanın türk dünyasının tarixi və bu günü haqqında sanballı bir araşdırma əsərinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı kitabın elmi və tarixi dəyərindən danışaraq əsərdə həm də türk dünyasının gələcəyi ilə bağlı mühüm inkişaf istiqamətlərinin perspektivləri haqqında mülahizələrin yer aldığını, türkdilli ölkələr arasında mümkün inteqrasiyanın prinsipləri və strategiyası barədə yeni təkliflərin irəli sürüldüyünü vurğulayıb. O, türk dünyası qarşısında xidmətlərinə görə Cavanşir Feyziyevə Akademiyanın qızıl medalını təqdim edib.


Kitab haqqında fikirlərini bildirən Lev Qumilyov adına Qazaxıstan Milli Avrasiya Universitetinin professoru Janar Medeubayeva deyib ki, kitabda türk dünyasının birləşməsi üçün irəli sürülən mülahizələrdə demokratiklik, tam hüquqluluq və ədalətlilik prinsipləri önə çəkilib və bu qaydalar da hər zaman qədim türklərin yaşam tərzi olub. Bu əsər elm ocaqları üçün dolğun bir dərs vəsaitidir və tələbə-müəllim heyəti kitabdan dəyərli məlumatlar alacaqlar.


Qazaxıstandakı Azərbaycan diasporunun rəhbəri Vidadi Salahov isə qazax dilinə tərcümə olunmuş əsərin nəşrini türk dünyasında yeni və olduqca dəyərli hadisə adlandırıb.


Daha sonra çıxış edən müəllif Cavanşir Feyziyev müasir dünyada baş verən qlobal proseslərin türk dünyasından da yan keçmədiyini qeyd edib, yeni şəraitdə türk dövlətlərinin Avrasiya miqyasında gedən inteqrasiya proseslərinə fəal şəkildə qoşulmaq zərurətindən danışıb. O, 25 il əvvəl müstəqilliyini bərpa etmiş türk respublikalarının tarixi, milli, mədəni birliyi və ortaq sivilizasiya mənsubiyyəti əsasında müasir Avrasiya məkanında vahid siyasi platforma ilə çıxış edə biləcəyini vurğulayıb. Bu gün dünya siyasi xəritəsində yer alan altı müstəqil türk dövlətinin beynəlxalq hüquq əsasında və bərabərhüquqlu müttəfiqləşməyə dayanan siyasi birliyinin mümkünlüyünü və türkdilli xalqların gələcək taleyi baxımından bu birliyin taleyüklü məsələ olduğunu qeyd edən deputat mövcud türk dövlətlərinin gələcək inteqrasiya mərhələlərinə daha fəal dəstək verəcəklərinə inandığını söyləyib.


Qeyd edək ki, "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı 2014-cü ildə Bakıda nəşr olunub, Türkiyədə də təqdimatı keçirilib. Kitabı qazax dilinə görkəmli qazax yazıçısı və jurnalisti Smaqul Rahimbekova tərcümə edib.

Sizin Reklam Yeriniz