Əlaqə Arxiv
news Image
2016.05.31
17:15
| A A A
Görkəmli ictimai-siyasi və dövlət xadimi Vəli Axundovun 100 illik yubileyi qeyd edilib

Bu ilin may ayında Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, respublikada səhiyyə işinin təşkilatçılarından biri, gigiyena elminin inkişafında böyük xidmətləri olan tibb elmləri doktoru, akademik Vəli Axundovun anadan olmasının 100 illiyi tamam olur.


Movqe.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasında bu münasibətlə keçirilən yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik V.Axundovun elmi və ictimai-siyasi fəaliyyəti haqqında danışıb.


A.Əlizadə alimin 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri, 1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifələrində çalışdığı illərdə fəaliyyətindən bəhs edib. 1958-ci ildə əvvəlcə Azərbaycan KP MK-nın katibi, sonra Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunduğu müddətdə V.Axundovun işgüzarlığı, təvazökarlığı, özünə və tabeliyində olanlara yüksək tələbkarlığı ilə fərqləndiyini vurğulayıb.


A.Əlizadə V.Axundovun fəaliyyətinə dövlət səviyyəsində daim yüksək qiymət verildiyini qeyd edib: "1996-cı ildə alimin 80 illiyinə həsr olunmuş yubiley yığıncağında ümummili lider Heydər Əliyev şəxsən iştirak edərək V.Axundovun Azərbaycan tarixindəki roluna ən obyektiv qiyməti verib: "Vəli Axundovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam qəbul edərkən iki məqsədi nəzərə almışam. Birincisi, xalqımızın, millətimizin, respublikamızın, dövlətimizin tarixinə daimi hörmət və ehtiramın zəruriliyini, bununla yanaşı olaraq, Vəli Axundovun xidmətlərinə və onun şəxsiyyətinə olan hörmət və ehtiramımı...".


Akademik qeyd edib ki, V.Axundov ictimai və dövlət xadimi olmaqla yanaşı, eyni zamanda elm xadimi idi: "Vəli Axundov hansı vəzifədə çalışmasından asılı olmayaraq, elmlə əlaqələrini kəsməyib, öz elmi tədqiqatlarını davam etdirib. Görkəmli alim 1969-cu ildə Azərbaycan EA-nın həqiqi üzvü və vitse-prezidenti seçildikdən sonra isə özünü həmişəlik elmə həsr edib".


Yubiley tədbirində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov alimin səhiyyə və tibb elmi sahəsində fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, 1954-cü ildə V.Axundov Azərbaycan SSR-in səhiyyə naziri vəzifəsində çalışdığı müddətdə bu sahədə mühüm addımlar atılıb, ciddi irəliləyişlər əldə edilib. "Azərbaycan tibb təhsili sisteminin, tibb elminin müharibədən sonrakı problemlərinin aradan qaldırılmasına və bu sahələrdə islahatların aparılmasına hər zaman böyük diqqət göstərib. Alim respublikada səhiyyənin səmərəsinin artırılması, əhalinin sağlamlığının qorunması istiqamətində əvəzsiz işlər görərək səhiyyənin ən bacarıqlı təşkilatçılarından biri olduğunu sübut edib".


Daha sonra Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Musa Qasımlı V.Axundovun ictimai-siyasi fəaliyyətindən danışıb. Professor 1918-ci ildən 2005-ci ilədək olan dövrdə respublikada hökumətə rəhbərlik etmiş şəxslərin bioqrafiyasından bəhs edən "Azərbaycan baş nazirləri" kitabı üçün materiallar toplayarkən V.Axundova dair rast gəldiyi bir sıra məxfi arxiv sənədləri ilə tanış olduğunu bildirib. Bu sənədlərdə həmin illərin ictimai-siyasi vəziyyətinə baxmayaraq Ermənistanın əsassız ərazi iddialarına qarşı V.Axundovun münasibəti və digər bu kimi tarixi faktların öz əksini tapdığını qeyd edib: "Mürəkkəb situasiyaların baş verdiyi bir dövrdə respublikaya rəhbərlik etmək asan məsələ deyildi. Biliyinə, zəkasına və idarəetmə qabiliyyətinə görə V.Axundov bu çətin işin öhdəsindən gələrək 10 il respublikaya rəhbərlik edə bildi".


Tədbirdə akademik Vəli Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, tibb üzrə elmlər doktoru, professor Həqiqət Qədirova alimin səhiyyə təşkilatçılığı sahəsində fəaliyyəti barədə çıxış edib. V.Axundovun respublikada yoluxucu xəstəliklərlə mübarizə məsələlərinin araşdırılması, torpaqların sanitar-gigiyenik tədqiqinə dair xidmətlərindən söz açıb. Vurğulayıb ki, V.Axundovun elmi əsərlərinin çoxu ətraf mühit gigiyenasının müxtəlif məsələlərinə həsr olunub. Alimin Elmi Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olduğu müddətdə elmi informasiyanın işlənməsi, kadr hazırlığı və digər sahələrdə inqilabi dəyişikliklər baş verib. Onun rəhbərliyi ilə institutda çoxlu sayda fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə olunub.


Daha sonra yubiley mərasimi Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbadulla Ağayev və alimin qızı Nigar Axundovanın çıxışları ilə davam edib.


Sonda alimin həyat və fəaliyyətini əks etdirən fotoçarx nümayiş olunub.

Sizin Reklam Yeriniz