Əlaqə Arxiv
news Image
2016.06.20
14:20
| A A A
Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə

Türkmənistan Elmlər Akademiyasında keçirilmiş Elm günündə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib. Elm günündə əvvəlcə Azərbaycandan başqa dünyanın 14 ölkəsindən – Amerika, Rusiya, Yaponiya, İspaniya, Hindistan, Pakistan, İran, Çexiya, Qazaxıstan, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstandan gəlmiş akademik qurumları və universitetləri təmsil edən tanınmış elm adamları Türkmənistan Elmlər Akademiyasının Texnopark şəhərciyində yaradılmış elm-istehsalat birliklərinin işi və ölkə elminin ən son nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.


Sonra Akademiyanın Texnopark şəhərciyindəki Akt zalında "Elm, texnika və innovasiya texnologiyaları xoşbəxtlik və inkişaf dövründə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayevin sədrlik etdiyi plenar iclasda 8 ölkəni təmsil edən alimlərin və elm təşkilatçılarının elmi məruzələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli plenar iclasda "Azərbaycan-Türkmənistan ədəbi əlaqələri" mövzusunda elmi məruzə ilə çıxış edib.


Bundan başqa, Türkmənistan Elmlər Akademiyası Əlyazmaları İnstitutunun akt zalında Akademiyanın Humanitar Elmlər Bölməsinə aid elmi-tədqiqat institutlarının rəhbərləri və əməkdaşları ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Nizami adına Ədəbiyyat İnstitutunun çap etdiyi türkmən ədəbiyyatının böyük klassiki Məhdimqulu Fəraqinin "Divan"ının təqdimatı olub. Məhdimqulu Fəraqinin 1914-cü ildə Buxara şəhərində daş basması üsulu ilə nəşr olunmuş "Divan"ının nadir nüsxələrini Azərbaycan alimləri Bakıda Əlyazmalar İnstitutunun fondundan tapıb aşkara çıxarmışlar. "Divan"da indiyədək Məhdimqulu Fəraqinin külliyyatına daxil edilməmiş naməlum şeirlər və parçalar vardır. "Divan"ın Bakı nəşrini Nizami adına Ədəbiyyat İnstitutunun alimləri ilə Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşları birgə elmi əməkdaşlıq layihəsi kimi çapa hazırlamışlar. "Divan"ın Bakı nəşrinə akademik İsa Həbibbəyli "Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı ön söz yazmışdır. Bundan başqa, filologiya


elmləri doktoru Paşa Kərimov və filologiya elmləri namizədi İsmixan Osmanlının da Məhdimqulu Fəraqinin yaradıcılığına, əsərlərinin nüsxə fərqlərinə aid məqalələri Bakı nəşrində yer almışdır. Bakı nəşrində "Divan"ın türkməncə nüsxəsinin faksimilesi və mətni, habelə Azərbaycan dilinə çevrilmiş tam mətn və izahlar oxuculara çatdırılmışdır.


Bu, Məhdimqulu Fəraqinin əsərlərinin ilk akademik nəşridir.


Təqdimetmə mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli türkmən şairi Məhdimqulu Fəraqinin "Divan"ının Bakı nəşrinin ədəbi-tarixi əhəmiyyətindən danışaraq bu müştərək nəşri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Türkmənistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb. Tədbirdə çıxış edən Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, müxbir üzv Annaqurban Aşırov, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Qızılgül Kiyasova və başqaları Məhdimqulu Fəraqinin nadir "Divan"ının Bakı nəşrinin əhəmiyyətindən bəhs edərək qarşılıqlı əlaqələrin perspektivlərindən söz açıblar.


Görkəmli türkmən şairi Məhdimqulu Fəraqinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş nadir "Divan"ı Türkmənistan Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasına təqdim olunub.

Sizin Reklam Yeriniz