news Image
2016.06.28
10:40
| A A A
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlayıb (FOTO)

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı başlanıb.


Trend-in məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Yaponiya, Türkiyə, İran və türkdilli ölkələrdən gəlmiş musiqi və rəqs kollektivləri, sənətçilər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edirlər.


Festivalın təntənəli açılış mərasimi iyunun 27-də Şəki şəhərindəki Yay teatrında keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.


Mərasimi festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun "Sülh naminə incəsənət xadimi" Firəngiz Əlizadə açaraq möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq 7-ci dəfədir keçirilən Şəki "İpək yolu" Beynəlxalq musiqi festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb. Firəngiz Əlizadə deyib: "Bugünkü təntənəli açılışda TÜRKSOY-un səyi ilə 11 türkdilli ölkənin nümayəndələri unudulmaz musiqi bayramında iştirak etməklə, bizim birlik və qardaşlığımızı bir daha musiqi dili ilə dünyaya bəyan edəcəklər. İpək yolunun rəmzi olan incə, həssas, eyni zamanda, möhkəm ipək bağlarla birləşən Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrin musiqiçilərinin ifasında heyrətamiz, rəngarəng və unudulmaz musiqi sədaları festivalımızı bəzəyəcək, Şəkidə özünəməxsus ab-hava yaradacaq".


TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov Şəkidə ənənəvi olaraq keçirilən "İpək yolu" Beynəlxalq musiqi festivalında iştirak etməyin bu təşkilat üçün çox önəmli olduğunu bildirib. Builki festivalın açılışı kimi fəxri missiyanın TÜRKSOY-a həvalə olunduğunu diqqətə çatdıran qurumun rəhbəri 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən xalq çalğı alətləri orkestrinin çıxışının Şəki "İpək yolu" Beynəlxalq musiqi festivalının tarixində dərin iz buraxacağını vurğulayıb.


Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalının əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, ötən il Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.


Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət və qayğı göstərildiyini vurğulayan Elxan Usubov cari ilin yanvarında Prezident İlham Əliyev tərəfindən Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı imzalanan Sərəncamın əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda şəhərin bir hissəsini əhatə edən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində də lazımi iş aparılır.


İcra hakimiyyətinin başçısı vurğulayıb ki, şübhəsiz Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha da artıracaq, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacaq.


Rəsmi hissədən sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri və türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış ediblər.


Orkestrin bədii rəhbəri və dirijoru Qazaxıstanın tanınmış musiqiçisi Marat Jalbirovdur.


TÜRKSOY-un Baş Katibliyinin təşəbbüsü ilə yaranan və üzv ölkələrin musiqiçiləri ilə təmsil olunan bu Orkestrin heyəti Türk Dünyası etnik xalq çalğı alətlərinin ifaçılarından ibarətdir. Türk xalqlarına məxsus ənənəvi musiqini dombra, bağlama, kobiz, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigen və qanun kimi alətlərdə ifa edən orkestr ilk dəfə 2016-cı ilin martında beynəlxalq Novruz bayramı tədbirləri çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda konsertlər verib.


Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb.


Orkestrin çıxışı və solistlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs