news Image
2016.06.29
14:18
| A A A
"Multikulturalizm" jurnalının təqdimatı keçirilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalının təqdimatı olub.


Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində jurnalın yaradıcı heyəti, Fondun əməkdaşları, yerli nümayəndələri, Könüllülər Birliyinin üzvləri, jurnalistlər, ədəbiyyatçılar iştirak ediblər.


Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ölkə başçısının Azərbaycanda multikulturalizmin yaşaması, bu meyllər və ideyaların güclənməsi, ictimaiyyətdən daha çox dəstək alması ilə bağlı fikirlərinə istinad edərək xalqımızın tolerantlıq ənənələrindən söz açıb.


İ.Vəliyev deyib ki, "Multikulturalizm" jurnalının ilk sayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dərin məzmunlu əhatəli məqalələri dərc olunub.


Jurnalın baş redaktoru Fəxri Uğurlu "Multikulturalizm" jurnalının Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə vermək məqsədilə nəşr olunduğunu diqqətə çatdırıb. F.Uğurlu jurnalın bölmə və rubrikaları haqqında iştirakçılara ətraflı məlumat verib.


Çıxış edənlər – Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhtçisi Rəşad İlyasov, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev, Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, BSU-nun dosenti Mübariz Əhmədov və başqaları Azərbaycanın multikultural dəyərlərinin təbligində və geniş yayılmasında dərginin böyük rol oynayacağına inandıqlarını bildirib, maraqlı təkliflər irəli sürüblər. Tədbirin gedişində səsləndirilən təkliflər müzakirə olunaraq qeydə alınıb.


2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr olunan ədəbi-bədii, elmi-publisistik jurnalın redaksiya heyətinə tanınmış dövlət və elm xadimləri, yazıçı və şairlər cəlb olunub. Beynəlxalq redaksiya şurasında Rusiya, ABŞ, Fransa, Almaniya, Türkiyə, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya və başqa ölkələrin yazıçıları təmsil olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs