Əlaqə Arxiv
news Image
2016.11.01
16:48
| A A A
Qurumlar kino avadanlıqlarını gətirməkdə maraqlı deyil

Film istehsalı üçün avadanlıqların gətirilməsində maraqlı olan qurumlar “yox” dərəcəsindədir.

Movqe.az-ın məlumatına görə, bunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında yeni “Kinematoqrafiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Vəliyev qeyd edib ki, bunun əsas səbəbi avadanlıqların son dərəcə baha olması, sahibkarların isə tez gəlir əldə edən layihələrə maraq göstərməsidir: “Onların maya dəyərinin çıxarılması üçün vaxt, eyni zamanda dövlətin təminatı lazımdır. Buna görə də kino texnikası, kino istehsalı üçün avadanlıqlar gətirənlərə uzunmüddətli gömrük, vergi güzəştləri tətbiq oluna bilər. Biz bunların arasında ən optimal olanı - 3 illik müddətin tətbiqini nəzərdə tuturuq. Çünki istənilən filmin son məqsədi kommersiya xarakteri daşıyır və o, gəlir gətirməlidir. Gəlir gətirmək üçün bizim studiyalar davamlı, dayanıqlı avadanlıqlara malik olmalıdırlar”.

Ə.Vəliyev qeyd edib ki, Azərbaycanda 40-a yaxın prodüsser mərkəzi fəaliyyət göstərir. Onların 99,9 faizinin filmi istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün heç bir maddi-texniki bazası yoxdur: “Ancaq bütün bunlara rəğmən onlar “Azərbaycanfilm” studiyasının dəstəyi ilə son illər ərzində dünya kino bazarında bir neçə filmin uğur qazanmasına imza ata biliblər”.

Ə.Vəliyev bildirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının özünün də malik olduğu texnika yüksək səviyyədə deyil: “Onlar sovet sövründən qalma texnologiyadır. “Azərbaycanfilm” hətta dövlət sifarişi olan filmlərin çəkilməsi üçün xarici ölkələrdən yüksək səviyyəli, günün tələblərinə cavab verən texniki avadanlıqlar icarəyə götürür”.

Ə.Vəliyev qeyd edib ki, “Kinematoqrafiya haqqında” qanun layihəsinə yayım müəssisələri üçün milli ekran vaxtının müəyyən edilməsi məsələsi daxil edilib: “Kinoteatrlar Azərbaycan dilində olan kinoları qeyri-münasib vaxta, xarici filmləri isə ən yaxşı saata salırlar. Təbii ki, səhər saat 11-də insanların işdə olduğu bir vaxtda heç kəs ən yaxşı Azərbaycan filminə belə vaxt ayırıb gəlib baxa bilməyəcək. Bu, imkan xaricindədir. Televiziyalarda da eyni problemlər yaşanmaqdadır. Biz yeni qanun layihəsinin hazırlanması zamanı bu məsələlərin tənzimlənməsinə diqqət yetirmişik”.

Nazir müavini onu da əlavə edib ki, hazırda Azərbaycan Film Fondunda Azərbaycanın 40 minə yaxın filmi qorunur. Ancaq bu fondun 600 minə yaxın filmi qorumaq imkanı var: “Bizim film fondu regionda filmlərin saxlanılması üçün temperatur rejimini dünya standartları səviyyəsində qoruyub saxlaya bilən bir fonddur. Dolayısı ilə biz qonşu dövlətlərin saxlaya bilmədiyi filmləri də film fondunda saxlayaraq, Azərbaycan üçün gəlir əldə edə bilərik”.

Sizin Reklam Yeriniz