Əlaqə Arxiv
news Image
2016.11.16
15:31
| A A A
Nəsibə Zeynalovanın yubiley gecəsi Musiqili Teatrda olacaq

2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 ili tamam olur. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, N. Zeynalovanın 100 illik yubiley tədbiri Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək. Tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışmış həmkraları – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Ələkbər Əliyev və başqaları iştirak edəcəklər. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, N. Zeynalovanın 100 illik yubiley tədbirilərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır. “Sərəncama uyğun olaraq milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Cahangir qızı Zeynalovanın 100 illik yubiley tədbiri 24 noyabr 2016-cı il tarixində keçiriləcək. Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N. Zeynalovanın yaradıcılıq yolunu əhatə edən səyyar sərginin teatrımızda, aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin “Nizami” Kino Mərkəzində nümayişi və qüdrətli sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabın (müəllifi İ. Rəhimli) və foto-albomun nəşr edilməsi nəzərdə tutulur”, - deyə Ə. Lalayev bildirib.

Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyorluq peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.

Sizin Reklam Yeriniz