Əlaqə Arxiv
news Image
2016.12.20
15:57
| A A A
Akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib

Dünən dünyasını dəyişən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyevlə bu gün AMEA-da vida mərasimi keçirilib.

Movqe.az-ın məlumatına görə, mərasimdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə "Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini söyləyib.

O qeyd edib ki, AMEA-nın həqiqi üzvü olan A.Mehdiyev Azərbaycanın ən istedadlı alimlərindən biri olub: "1950-ci illərin sonunda Fizika İnstitutunda istedadlı alimlər yetişirdi. O sırada Arif Mehdiydv də var idi. O, Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil alaraq kollektivin yeni üzvü kimi fəaliyyətə başlamışdı".

A.Əlizadə deyib ki, A.Mehdiyevin elmi fəaliyyətini şərti olaraq 3 yerə bölmək olar. Onun elmi araşdırmaları yarımkeçiricilər fizikası, kosmik informasiya və aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması sahəsi ilə sıx bağlı idi.

A.Mehdiyevin bu istiqamətlər üzrə uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri apardığını deyən A.Əlizadə A.Mehdiyevin Azərbaycanda kosmik tədqiqaatların banilərindən biri olduğunu söyləyib.

A.Əlizadə qeyd edib ki, 2001-ci ildən 2007-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən A.Mehdiyev son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışıb.

Fizika İnstitunun direktor müavini Cavad Abinov deyib ki, A.Mehdiyevin elmi fəaliyyətinin mühüm bir hissəsi Fizika İnstitutu ilə bağlı olub.

A.Mehdiyevin 1970-ci illərdə Azərbaycanda ilk dəfə olaraq, yaracılan "Xəzər" Elmi Mərkəzində fəaliyyətə başladığını deyən C.Abdinov qeyd edib ki, o, burada müxtəlif vəzifələrdə çalışsa da, heç vaxt Fizika İnstitutu ilə əməkdaşlıq etməyi unutmayıb: "Biz onu həmişə öz sıralarımızda hiss etmişik. Mən Fizika İnstitutunun adından bütün elmi cəmiyyətə başsağlığı verirəm".

Akademik Telman Əliyev isə A.Mehdiyevlə 1974-cü ildə tanış olduğunu söyləyib.

A.Mehdiyevin elmin mühüm istiqamətləri üzrə araşdırmalar apardığını deyən T.Əliyev bildirib ki, A.Mehdiyevin hər bir layihəsi unikal olub və xüsusi qiymətləndirilib.

T.Əliyev əlavə edib ki, A.Mehdiyev fizika sahəsi üzrə çalışsa da, onun işi informatika sahəsi ilə çox bağlı olub. Akademikin sözlərinə görə, A.Mehdiyev AAK-ın sədri kimi nəticə əldə olunan bütün elmi araşdırmalara ədalətlə qiymət verirdi.

Tədbirdə A.Mehdiyevlə əməkdaşlıq etmiş digər alimlər də öz xatirələrini bölüşərək mərhumun ölümünün Azərbaycan elmi üçün ağır itki olduğuni xüsusi vurğulayıblar.

Mərhum II Fəxri Xiyabanda dəfn edilib.

Sizin Reklam Yeriniz