Əlaqə Arxiv
news Image
2017.01.20
10:30
| A A A
Xatirə Muzeyi ilə məktəblər arasında aparılan interaktiv dərsə 200-dən çox təhsil müəssisəsi qoşulub

Yanvarın 19-da Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil, orta ixtisas və peşə məktəbləri arasında interaktiv əlaqə yaradılıb.

Movqe.az "Şərq qapısı" qəzetinə istinadən xəbər verir ki, interaktiv dərs 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunub. Xatirə Muzeyinin bələdçisi Rəqsanə Kərimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Qeyd olunub ki, Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri soyqırımları əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.

Qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsi barədə danışan Rəqsanə Kərimova deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanı sovet imperiyasının buxovunda saxlamaq və sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək məqsədilə Bakıya ordu yeridilib, misligörünməmiş qətliam törədilib.

Diqqətə çatdırılıb ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək insanlığa zidd aksiya kimi pisləyib. Əsl vətəndaşlıq və ümummilli mübarizəyə çağırış məqamı olan bu addım Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mücadilədə əsas stimul olub. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndləri də erməni silahlılarının işğalçı hücumlarına məruz qalıb. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal edilib, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Hazırda muzeydə Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar vardır. Həmçinin həmin hadisələr zamanı şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünən aparılan interaktiv dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbindən izləyiblər.

Sizin Reklam Yeriniz