Əlaqə Arxiv
news Image
2017.02.08
15:06
| A A A
Opera və Balet Teatrından Canəli Əkbərova cavab:Yalan danışır...

Canəli Əkbərovun xalq artisti, Məcnun rolunun mahir ifaçısı Mənsum İbrahimov haqqında səsləndirdiyi fikirlərə  Dövlət Akademik Opera və Balet Teatrının cavabı özünü çox gözlətməyib. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Movqe.az-a açıqlamasında bildirib ki, Canəli Əkbərov səsləndirdiyi fikirlərdə səhvə yol verib: “İlk öncə qeyd edim ki, bizim teatrda heç vaxt muğam bölməsinin bədii rəhbəri vəzifəsi olmayıb. Canəli Əkbərov isə Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin vaxtıilə bədii rəhbəri olduğunu söyləyib. Bu fikir səhvdir. Həmçinin Canəli Əkbərov müsahibəsində belə fikir səsləndirib ki, Mənsum İbrahimovun Məcnun rolu alması onun təqdimatı ilə baş tutub. Bu fikir də kökündən yalnışdır. Baş rolu həvalə etmək Canəli Əkbərovun səlahiyyətində olan məsələ deyildi. Mənsum İbrahimov, teatra Məcnun rolu ilə gəlməyib. Mənsum İbrahimov bir sıra rolları ifa edib. Teatrın rəhbərliyi onun bu potensialını gördükdən sonra Mənsum İbrahimova Məcnun rolunu həvalə edib. Bunu teatrın rəhbəri Akif Məlikov da təsdiqləyir”.

Qeyd edək ki, Canəli Əkbərov Qafqazinfo.az saytına müsahibəsində Mənsum İbrahimovun Məcnun rolunu ifa etməsinin onun təqdimatı ilə baş tutduğunu söyləyib: “Onu Məcnun kimi ilk dəfə səhnəyə hazırlayan mən olmuşam. Görün nə qədər qədir bilməzdir ki, bunu unuda bilib. Mənim iç dünyam reallığa söykənib. O vaxtlar mən Opera və Balet Teatrında milli operaların bədii rəhbəri idim. Səsvermə yolu ilə seçilmişdim, vəzifəyə elə-belə gəlməmişdim. Rəhmətlik Səfa Qəhrəmanov yanımda idi. Mənsum gəlib qoluma girdi, dedi ki, mənə atalıq et, nə olar. Cavab verdim ki, necə atalıq edim? Söylədi ki, məni Məcnun obrazına hazırlaşdır. Bu, tək mənim işim deyildi, rəhbərliklə danışmalı idim. Direktor Arif Məlikovla görüşdüm. Direktora dedim ki, Mənsumu “Məcnun” obrazına hazırlamaq istəyirəm. Məlikov söylədi ki, səs imkanları yaxşı deyil. “Xahiş edirəm, bu işə mən əl qatacam”, – deyə direktora müraciət etdim. Axır ki, razılaşdıq, hazırladım”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz