Əlaqə Arxiv
news Image
2017.02.08
17:13
| A A A
Ahıl çağında muğamı söyüşə dəyişdi...

Zülfiyyə QULUYEVA 

Ağsaqqal deyəndə gözümüzün qabağında sözünün kəsəri, çəki-düzəni olan kişilər canlanıb həmişə. Onları görəndə cavanlar özlərini yığışdırıblar, hətta əllərindəki siqareti belə arxalarında gizlədiblər. Amma xalq artisti Canəli Əkbərovun iki gündür ki, dayanmadan mediaya verdiyi açıqlamaları ağsaqqal sözünü urvatdan saldı. Yaşı 70-i çoxdan haqlayan (ağsaqqal deyəcəkdim) yaşlı sənətkar ağzını açıb, gözünü yumdu. Həm də ağsaqqal adına  utanc gətirən ifadələr səsləndirməklə. 

İllərlə duz-çörək kəsdiyi həmkarlarının ünvanına daha nələr qaldı yağdırmasın. Söyüşün biri bir qəpiк oldu. Arif Babayevi, Səkinə İsmayılovanı, Mənsum İbrahimovu,  hətta xəstə yatağında olan Əlibaba Məmmədovu da ağ yuyub, qara sərdi. Qarşı tərəf abrına qısılıb, bir kəlmə də olsun danışmadı. Bu susqunluq Canəli Əkbərovu daha da ъoşdurdu. Tənqidlə başlayıb, sözünü təhqirlə başa çatdırdı. Nə vaxtsa cavanlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədib, söyüşsələr, heç də onları qınamaq lazım deyil. Ağsaqqal ağzını açıb məsləhət verəcək, cavan qayıdacaq ki, sən hələ bir özünə umac ov, sonra başqalarına əriştə kəsərsən. Beləcə Canəli Əkbərovun sayəsində ağsaqqal sözünə olan-qalan hörməti də itirmiş olduq. Onu da bilirik ki, xanəndə bir neçə dəfə ağsaqqal imicinə zərbə vurub. 
Canəli Əkbərov hələ bir neçə il bundan əvvəl tələbəsinə kürəyini masaj etdirəndə də, özünü el içində biabır etmişdi. O videogörüntüyə tamaşa edən insanlar sosial şəbəkədə xanəndəyə daha nələr qalmışdı yazmasınlar? İnsanlar bu məsələdə haqlı idilər də... Ağsaqqal sözünə hörmət-etibar itəndə bəs nə cavab verməliydilər ki? Mənə çox maraqlıdır, baş verənlərdən sonra xanəndə insanlar qarşısına çıxıb hansı üzlə muğamlarımızı, xalq mahnılarımızı ifa edəcək? İndi onu Muğam Televiziya Müsabiqəsindən uzaq tutan həmkarlarını qınayır. Daha fikirləşmir ki, hələ lap çoxdan sosial şəbəkə istifadəçiləri Canəli Əkbərova başqa müsabiqəyə juri olmağı məsləhət görüblər. Sosial şəbəkələrdə yazırlar ki, Canəli Əkbərovun masaj etdirmək mələləsində səriştəsi daha çoxdur. Orda münsif heyətinin nəinki üzvü, hətta rəhbəri də ola bilər. Muğam Televiziya Müsabiqəsi  sanbalı, şöhrəti ilə aləmə səs salan müsabiqədir, Canəli Əkbərov!  
Canəli Əkbərov heç nəyi gözə almadan həmkarlarını söyür. Amma unudur ki, Arif Babayev, Mənsum İbrahimov uzun illər Azərbaycan muğamını ölkəmizdə və xarici ölkələrdə layiqincə təmsil edən sənətkarlardır. Dəfələrlə ifaları ilə Azərbaycan mədəniyyətinə şan-şöhrət gətiriblər. Uzun illər səhnəmizdə Məcnun kimi saysız-hesabsız tamaşaçı sevgisi qazanan bu sənətkarlarımızın qiymətini dövlət də verib, xalq da. Əlbəttə, Canəli Əkbərovun təhqirləri onları xalqın gözündən nəinki salacaq, əksinə, daha da yüksəldəcək. Çünki xalq öz sənətkarını həmişə dəyərləndirib, gözü üstündə saxlayıb. Bu sənətkarlar illərdir ki, muğamın sirlərini tələbələrinə öyrədir, muğam sənətini inkişaf etdirirlər. Onların yetirmələrinin sorağı bu gün xarici ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarından gəlir. Heç vaxt quru palçıq divara yapışmayan kimi, sizin də təhqirləriniz onlara yapışmayacaq!!! Necə deyərlər, el gözü tərəzidir. Canəli Əkbərov!

 

Sizin Reklam Yeriniz