Əlaqə Arxiv
news Image
2017.02.27
13:23
| A A A
Hollandiyada “Yaşamaq üçün doğulmuşdular!” adlı tədbir keçirilib

Ermənilərin 1992-ci il, fevral ayının 26-da Xocalıda həyata keçirdikləri soyqırımın 25-ci ildönümü Niderland Krallığında da silsilə tədbirlərlə qeyd edilib. Niderlandda fəaliyyət göstərən 5 diaspora təşkilatı - "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi, "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə hazırladıqları “Yaşamaq üçün doğulmuşdular!” adlı bədii kompozisiyası fevralın 26-da ölkənin ikinci böyük şəhəri olan Haaqada baş tutub. Tədbirə Azərbaycan Niderland Türkiyə Kültür Dərnəyinin təşəbbüsü ilə Haaqada Xocalı qurbanlarının əziz xatirəsinə qoyulmuş Monumenti ziyarət etməklə start verilib. Sonra tədbirin ikinci hissəsi “Yaşamaq üçün doğulmuşdular!” bədii kompozisiyası Valliant teatr binasında baş tutub. Tədbiri aparıcılar yazıçı-jurnalist Elnaz Ağaxan və Aydəmir Çətin Xocalı haqqında giriş sözləri ilə açıb. Xocalı şəhidlərinin ruhu 2 dəqiqəlik sükutla anıldıqdan sonra “Haaqa-Azərbaycan Məktəbi”nin və bütün iştirakçıların ifasında Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət Himnləri səsləndirilib və uşaqların ifasında Azərbaycan dilində “Lay-lay Xocalım!” və Holland dilində “Nooit meer oorlog!”(Heç bir zaman müharibə olmasın!”) adlı şeirlər səsləndirilib. Sonra "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırovanın Xocalı faciəsinin baş verdiyi o qanlı və şaxtalı fevral gecəsi haqqında yazdığı “Bir gecənin sirri” adlı hekayəsi əsasında hazırlanmış səhnəcik nümayiş etdirilib. Anım tədbirinə Azərbaycandan gəlmiş, Xocalı faciəsinin şahidi, anasını o qanlı gecədə itirmiş yazıçı-jurnalist, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı zalda oturanlarla öz aci xatirələrini bölüşüb və onun xatirələri əsasında hazırlanmış “Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli film də nümayiş etdirilib. Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin müvəqqəti işlər vəkili Aliyə Ağazadə də çıxış edərək Xocalı faciəsinin bütün Azərbaycan xalqının acısı olduğunu bildirib və bu qanlı tarixin bir daha təkrarlanmaması istəyini dilə gətirib. Azərbaycan Dövlətinin və xalqının daim sülh tərəfdarı olduğunu, məsələnin dinc yolla həll ediləcəyinə inandığını qeyd edib. Eyni zamanda bu tədbiri hazırlayan 5 diaspora təşkilatına birlik nümayiş etdirərək belə gözəl tədbiri reallaşdırdıqlarına görə təşəkkürünü bildirib. Sonra isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar Bəyanatını həm Azərbaycan, həm də ingilis dillərində oxuyaraq iştirakçıların diqqətinə çatdırıb. Tədbiri hazırlayan 5 təşkilatın sədrləri də çıxış edərək bütün iştirakçılara təşəkkürlərini bildiriblər. Avropa Azərbaycan Dostları Mərkəzinin sədri Leyla Babayeva çıxışında bu ili Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar təşkilatlarının “Xocalı ili” elan etdiyini xüsusi vurğulayıb və bildirib ki, 2017-ci ildə təşkilatlarının həyata keçirəcəyi bütün layihələr Xocalı faciəsinə həsr olunacaq. Bundan başqa L.Babayeva bütün azərbaycanlıların və diaspora təşkilatlarının ermənilər tərəfindən məhkəməyə verilən İlhan Aşkına dəstək olduqlarını və bu haqq işində onu yalnız buraxmayacaqlarını bildirib. Bu məqsədlə də imza toplandığını diqqətə çatdırıb. Sonda Xocalı faciəsinin bir genosid aktı olmasının dünya ictimaiyyəti və yüksək qurumlar tərəfindən tanınmasını tələb edən Qətnamə (Petisiya) qəbul edilərək müəyyən instansiyalara göndərilmək üçün qərar qəbul edilib və iştirakçılar tərəfindən imzalanıb.

Sizin Reklam Yeriniz