Əlaqə Arxiv
news Image
2017.03.14
14:48
| A A A
Unudulmaz, nəğməkar şairimiz Cabir Novruz xatırlanıb

Xəbər verdiyimiz kimi dünən, martın 13-də, Bakıdakı 53 nömrəli tam orta məktəbdə Xalq Şairi Cabir Novruzun xatirəsinə həsr olunmuş “Sağlığında qiymət verin insanlara” adlı tədbir təşkil olunub.

Tədbir “Cabir Novruz” Mədəniyyət Fondunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək unudulmaz şairin həyat və yaradıcılığından danışıb.
Bildirilib ki, C.Novruz ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva şairin zəngin yaradıcılığından, onun poeziyamızın inkişafındakı xidmətlərindən danışıb.
Vurğulanıb ki, şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. C.Novruz öz əsərlərində Azərbaycan poeziyasının, milli örnəklərini, poetik irsimizin zəngin ənənələrini yaşadıb, müasir ədəbi cərəyanların tələblərindən irəli gələn əsərlər yaradıb.
Diqqətə çatdırılıb ki, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olub.
Çıxış edən digər qonaqlar şairin yaradıcılığından və insani keyfiyyətlərindən söz açıblar.
Sonra şagirdlər şairin şeirlərini oxuyub, tanınmış və gənc ifaçılar isə C.Novruzun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.
Sonda şairin şeirlərini qiraət edən şagirdlər mükafatlandırılıb.
Bildiririk ki, Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi", xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Amma, şeirləri, nəğmələri yaşayır. Həmin şeirlərdən təkcə birini əziz oxucularımıza təqdim edirəm:

SƏNİ UNUTMAQDAN ÖTRÜ...

Ən dözülməz ağrılara, acılara tab edirəm,
Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Ürəyimin al qanını döndərib kabab edirəm,
Başıma çəkib içirəm səni unutmaqdan ötrü,
Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü...

Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,
Gözlərimi qırpan təki görürəm mənə baxırsan...
Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,
Öz-özümlə döyüşürəm səni unutmaqdanötrü,
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü...

Köküsümü cırıb açıram ayrılığın küləyinə,
Bütün keçmiş-keçənləri xəlbirləyib ələyirəm,
Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,
Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,
Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü...

Ay ilə həmfikir oluram uzun-uzun gücələri,
Gündüzləri sağa-sola hey ölçürəm küçələri,
Otağımda gizlənirəm sındırırsan pencərəmi,
Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,
Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?..

Çözələnir xatirələr, könlüm, ruhum qübarlanır,
Tarım durur əsəblərim, enir, qalxır damarlarım,
Su verirəm meynələrə, mıx vururuam divarlara,
Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü,
Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü...

İş olmayan yerdə belə özümə iş gördürürəm,
Qışda qar təmizləyirəm, yayda milçək öldürürəm,
Bütün sək-rəqibləri öz üstümə güldürürəm,
Hey haldan-hala düşürəm səni unutmaqdan ötrü,
Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü...

Səndən özgə nə vurğunam, nə möhtacam kimə isə,
Səndən qeyri olmasa da ehtiyacam kimə isə,
İstəyirəm ürəyimi qəsdən açım kimə isə,
Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,
Mələklərlə "görüşürəm" səni unutmaqdan ötrü...

Gözümdən çətin gedəsən gözümə qor dolmayınca,
Canımdan çətin çıxasan canım rahat olmayınca,
Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,
Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü,
Ölümə elçi düşürəm səni unutmaqdan ötrü...

1994.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz