Əlaqə Arxiv
news Image
2017.05.31
13:28
| A A A
Niyazi Hüseynov: "Ancaq Azərbaycanda və Türkiyədə proteini ziyanlı hesab edirlər" - MÜSAHİBƏ

Yay fəsli yaxınlaşdıqca fitnessə üz tutanların sayı artır. Demək olar ki, bütün idman növlərində fitneslə əlaqəli idman hərəkətləri mövcuddur. Digər idman növlərindən fərqli olaraq fitnessdə əsas məqsəd bədəndəki bütün əzələləri alətlə və ya alətsiz tək-tək işlədərək elastikləşdirmək və formaya salmaqdır. Onunla məşğul olarkən edilən hərəkətlər hər adamın öz orqanizmi və yaşına görə fərqli olur. Bir sıra idman hərəkətləri bəzən insana zərər verə bilər.Movqe.az goal.az-a istinadən  35 ilini bu sahəyə həsr edən Azərbaycan Qol Güləşi Federasiyasının fitnes mərkəzinin baş məşqçisi Niyazi Hüseynovun müsahibəsini təqdim edir:

- Fitnesslə məşğul olmaq üçün daha çox hansı məqsədlə müraciət edirlər?

- Müraciət edənlərin əksəriyyəti sağlam şəkildə kökələ bilməyən, arıq insanlardır. Bəziləri kimyəvi vasitələrin köməyi ilə kökəlməyə üstünlük verirlər. Bu onların sağlamlığı üçün təhlükəlidir. Fitnes isə daha sağlam üsuldur. Hər şəxsə uyğun xüsusi yemək və yuxu proqramı hazırlanır. Bu fərdə görə dəyişir. Həmin proqrama əməl etməsələr, inkişaf və istənilən nəticə əldə edilməyəcək. Tək məşq etmək kifayət deyil. Nəticə 50 faiz məndən asılıdırsa, 50 faiz də özlərindən asılıdır. 

- Proteindən hansı məqsədlərlə istifadə olunur?

- Bu son günlərdə çox aktual mövzudur. Azərbaycanda protein haqda yanlış təsəvvür mövcuddur. Proteini hormonal və kimyəvi preparatlarla müqayisə edirlər. Bu düzgün yanaşma deyil. Protein "zülal" deməkdir. Hər qidanın tərkibində zülal var. Yumurtanın, süd məhsullarının, ətin, düyünün və s kimi qidalar proteinlə zəngindir. Bu saydıqlarımın insana hansı mənfi təsiri ola bilər? Körpə uşaqlar üçün hazır yeməklərin tərkibi zülallarla zəngindir. Protein ziyanlı olsaydı, onu uşaqlara verməzdilər, ya da proteinli məhsulları qida rasionumuzdan çıxarardılar. Protein bədəndəki zülal əksikliyini bərpa edir, əzələləri qidalandırır. Mənim 53 yaşım var, 35 ildir bu sahədə çalışıram daim protein, amin turşuları qəbul etmişəm. Bunlar onsuz da insan bədənində var, əlavə olaraq qəbul edirsən ki, bədəndəki zülal qıtlığı aradan qalxsın. 

- Proteindən həddindən artıq istifadə ölümə səbəb ola bilərmi?

- Yox, qətiyyən. Belə bir şey mümkün deyil. Mən bu barədə araşdırma etmişəm. Dünyanın heç bir yerində çox protein qəbul etməsi səbəbindən ölüm halı qeydə alınmayıb. Təbii ki, müəyyən zərərləri ola bilər, hər şeyin artığı zərərlidir. Bu yaxınlarda Azərbaycanda qeydə alınan ölümə proteindən çox istifadə olunması səbəb göstərildi. Türk həkimlərdən birinin "protein ziyandır" fikri Azərbaycanda da belə düşünənlərin sayının artmasına səbəb oldu. Dünya üzrə ancaq Azərbaycanda və Türkiyədə proteini ziyanlı hesab edirlər. Başqa ölkədə belə bir yanaşma yoxdur. Fikrimcə, bu idman qidalarının antitbəliğatına xidmət edir. Bəzi həkimlər idman qidalarını gözdən salmaqla, hormonal dərmanların satışına daha çox imkan yaratmaq istəyirlər.  Sosial şəbəklərdə həkimlərimizin proteini hormonal preparatlarla müqayisə etdiyini görürəm, deyirlər protein ziyandır. Fikrimcə, hərə öz işi ilə məşğul olsa yaxşdır. Hər sahədə çalışan daha yaxşı bilir ki, nə olar, nə olmaz, nə faydalıdır, nə ziyandır. Mən Moskvada təhsil almışam. Bizə idman həkimliyini də öyrədiblər. Orda bizə proteinin ziyan olduğunu yox, əksinə orqanizm üçün faydalı olduğunu öyrədiblər. SSRİ vaxtında qıtlıq idi, ancaq bizə hazırlayıb verirdilər. 

 

- Fitnessdə yaş məhdudiyyəti varmı: hansı yaşda nə olar, nə olmaz? 

- Mənim nəzarətim altında 14 yaşdan, 59 yaş aralığında məşq edənlər var. Yeniyetmələr təbii ki, ağır çəkilərlə məşğul olmurlar. Onlara fitnessin texnikalarını öyrədirəm. 1 il sonra 60 yaşlı xanımın fotosunu paylaşacam. Azərbaycanda həmin xanımdakı dəyişiklik əminəm ki, səs-küylə qarşılanacaq. Hansı hərəkətləri etməsi isə yaşdan daha çox orqanizmdən asılı olur.

- Məşqlər zamanı sağlıq durumu nəzərə alınırmı?

- Təzə yazılana ilk olaraq, onun sağlıq durumu ilə bağlı suallar veririk. Əməliyyat olunubmu, sınıq, çıxıq, daxili orqanın əzilməsi ilə üzləşibmi, bədənində ağrıyan tərəflər varmı və s.  hər şeyi dəqiqləşdirib, sonra proqram hazırlayırıq. Belində yırtıq olanlar gəlir yanıma. 4mm-yə qədər müalicə edə bilirəm. Bunun üçün xüsusi məşqlər var. Beldə skalyoz əyriliyi də məşqlərlə aradan qaldırmaq olur. Hazırda 3 tələbəm var, fitness-məşqlərlə yanaşı onların sağalması üçün xüsusi proqram hazırlamışam. Çiyin əyriliyindən əziyyət çəkənlər də müraciət edir. Bu sadaladıqlarımdan əziyət çəkənlər çox müraciət edirlər. Bundan əlavə, boy uzatmaq üçün müraciət edənlər də olur. Bildiyiniz kimi, 25 yaşadək insanda boyu məşqlər vasitəsi ilə uzatmaq olur. Genetikadan asılı olaraq, boyu 4-7 sm artırmaq mümkündür. Elə insan var ki, 1 ayda boyu 2 sm, eləsi də var ki, 1 sm artır. 

- İdmanı buraxandan sonra bədən formasını itirir fikri ilə razılaşırsınız?

- Dəmir də uzun müddət bir yerdə qalanda pas atır. Hansı idman növü olursa, olsun məşqə ara verdikdə bədəndə piylənmə gedir. Məsləhət görərdim ki, idmanı buraxsalar belə, formada qalmaq üçün həftədə 2 dəfə məşq etsinlər. 

 

- Gənclərə məsləhətiniz nədir?

-  İlk növbədə öz sağlamlıqları üçün idmanla məşğul olsunlar. Zala gələ bilməsələr belə, ev şəraitində müəyyən hərəkətləri etsinlər. Səhərlər bir az tez oyanıb qaçsınlar. Piyada gəzməyə üstünlük versinlər. Evdə olan məşqlər yüngül xarakterli olur və daha çox formada saxlamağa kömək edir. Ev şəraitində bədən şişirtmək mümkün deyil. Bunun üçün gərək xüsusi avadanlıqlar olsun. Arıqlamaq üçün də evdə xüsusi məşqlər edə bilərlər. Bunun üçün 1 xalça, qaçış aparatı, iplə tullanmaq kifayətdir. Daha yaxşı nəticə üçün fitness zallarına müraciət edə bilərlər. Bu halda isə yaxşı məşqçi olduğuna diqqət etsinlər. Hormonal, kimyəvi preparatlardən uzaq dursunlar. Yarışa, dünya çempionatına çıxmırsan, sənin nəyinə lazımdır? Sonra ciddi fəsadlarla üzləşirlər. Səbrli olub təbii yollarla, sağlam məşqlərlə arzuolunan bədəni əldə etmək mümkündür.

- Məşq etmək üçün günün hansı saatları daha uyğundur?

- Bu da orqanizmdən asılıdır və individual xarakter daşıyır. Elə insan var ki, deyir mən ancaq səhər məşq edə bilərəm. Eləsi var deyir günorta 3-də, ya da gecə 10-da. Fərdə görə dəyişir. Öyrəşməkdən də asılıdır. İnternetdə müəyyən saatlarda məşq etməyin faydaları haqda çox yazırlar. Bəzi saatlarda isə məşq etmək olmaz deyirlər. Mən 12 ildir Azərbaycanda fitnes dərsləri keçirəm, vaxtın xüsusi təsirini müşahidə etməmişəm. Hansı vaxtda məşq etməyin elə bir fərqi yoxdur, əsas odur etsinlər. 

 

 

 

Sizin Reklam Yeriniz