Əlaqə Arxiv
news Image
2018.03.14
19:00
| A A A
Şəhriyar Məmmədyarov: "Ailə qurduqdan sonra reytinqim artmağa başladı" - MÜSAHİBƏ
Yeniyetmələr üzrə ikiqat dünya çempionu, sürətli şahmat üzrə dünya çempionu, Şahmat Olimpiadasının qızıl medalçısı, Azərbaycan yığması ilə üçqat Avropa çempionu olmuş Şəhriyar Məmmədyarov “Nargis” jurnalına geniş müsahibə verib.

Movqe.az goal.az-a istinadən həmin müsahibəni təqdim edir:

 

– Hamının peşəkarcasına şahmatla məşğul olduğu bir ailədə dünyaya gəlmək sizin üçün nə deməkdir?

– Yaş fərqini nəzərə alaraq, mənim bacılarımla, xüsusilə Türkanla heç vaxt xüsusi bir rəqabətim olmayıb. Əksinə, mən bir şahmatçı kimi püxtələşdikcə turnirlərə və bilavasitə partiyalara hazırlaşmaqda bacılarıma daha çox kömək edirdim.

– Sizin seçmək hüququ var idi. Siz şahmatdan başqa digər bir peşə seçə bilərdiniz?

– Məncə, peşəkar şahmatçı olmaqdan başqa xüsusi bir seçimim yox idi. Sadəcə mən heç vaxt özümü heç bir başqa rolda və ya başqa bir mühitdə təsəvvür etməmişəm. Uşaqlıqda kifayət qədər yaxşı futbol oynamağı bacarırdım, amma heç zaman onunla peşəkarcasına məşğul olmamışam.

– Necə fikirləşirsiniz, həyatınızda şahmat olmasaydı, başqa hansı sahədə gücünüzü sınaya bilərdiniz?

– Yəqin ki, yaxşı maliyyə analitiki, bank sahibi və ya psixoloq ola bilərdim... Mən heç vaxt gələcəyim üçün planlarımı şahmatsız qurmamışam.

 

 

– Necə hesab edirsiniz, uşaqlıqda şahmatla məşğul olmağın şəxsiyyətin formalaşmasına təsiri varmı?

– Hər şey necə məşğul olmaqdan asılıdır: peşəkarcasına ya yox. Peşəkarcasına məşğul olduqda bu, təhsilə maneçilik törədə bilər. Belə ki, məşqlərə və səfərlərə çox vaxt sərf olunur. Amma şahmata həvəskar kimi yanaşanda yalnız müsbət nəticələrə gətirib çıxarır: şahmat riyazi düşüncə tərzinin, məntiqin, məhdud vaxt çərçivəsində qərar qəbul etmək bacarığının inkişafına kömək edir. Şəxsən mənə şahmat bir çox məktəb fənlərilə bağlı nəticələrin yaxşılaşdırılmasında çox kömək edir. Şahmat, şübhəsiz, yaddaşı və düşünmə surətini inkişaf etdirir.

– Öz uşaqlarınıza şahmat oynamağı öyrədəcəksinizmi?

– Bəlkə də öyrədəcəyəm, amma heç zaman məcbur etməyəcəyəm. 

– Gənclər arasında iki dəfə dünya çempionu olmağın məsuliyyəti çoxdurmu, yoxsa bu, şahmatçı karyerasının sadəcə bir mərhələsidir?

– Məncə, ikincisi. Nə qədər çox bu adı qazansan, bir o qədər yaxşıdır.

– Sizcə, şahmat daha çox idman növü, elm və ya incəsənətdir?

– Əlbəttə ki, daha çox idman növü və sonra da incəsənət və elmdir.

– Yaxşı oyun nümayiş etdirmək üçün istedad, hövsələ və konsentrasiya bacarığının olması kifayətdirmi? Yaxud əlavə başqa nəyə isə ehtiyac var?

– Sadalananların hamısı, həmçinin bir çox başqa şeylər də vacibdir. Məsələn, psixoloji və fiziki  hazırlıq, şahmat taxtası arxasında alti-səkkiz saat oturmaq halları tez-tez baş verir. 

– Nə üçün dünyanın ən yaxşı şahmatçıları siyahısında  qadın yoxdur?

– İdmanın fiziki növləri barədə danışmasaq, şahmatda kişilərə məxsus inadkarlıq qadınlarda o qədər güclü inkişaf etməyib.

– Ən çox kiminlə oynamaqdan xoşunuz gəlir?

– Daim udduğum oyunçularla. 

– Oyun vaxtı kiminlə mübarizə aparırsınız: qarşı tərəflə, ya özünüzlə?

– Əlbəttə, qarşı tərəflə. Öz zəifliklərimlə çoxdan mübarizə aparıb qurtarmışam. 

– Deyirlər, yalnız həqiqətən güclü şahmatçı öz zəif yerlərini bilir. Sizin gizlətmək istədiyiniz zəiflikləriniz varmı?

– Gizlətməkdən daha çox, düzəltmək istərdim. Bəli, zəif tərəflərim var, onlardan qurtulmağa çalışıram.

– Sizin əsas rəqibiniz kimdir?

– Yəqin ki, şahmat üzrə indiki dünya çempionu Maqnus Karlsen.

– Şahmatda sizin üçün daha vacib nədir: qələbə, yoxsa oyun prosesinin özü?

– Əlbəttə ki, nəticə daha vacibdir. Lakin partiyanın keyfiyyəti də mühümdür. Təmiz qələbə gətirmiş partiya insana böyük zövq verə bilər.

– Süni intellektlə oyun haqqında nə deyə bilərsiniz?

– Peşəkar şahmatçılar şahmat proqramlarından əsasən məşq edərkən istifadə edir. Proqramla oyun heç bir maraq doğurmur: onların sinirləri yoxdur, onlar insanın buraxdığı səhvləri buraxmır. Rəqibin emosiyalarını izləməyə imkan verən oyundan ləzzət aparmağı heç nə əvəz edə bilməz.

– Tamaşaçıların böyük diqqəti, onların məhəbbəti oyuna mane ola bilərmi? 

– Heç cur mane ola bilməz, köməyi isə dəyə bilər. Şahmatçılar da bir növ  yaradıcıdır və onlar da, şübhəsiz, tamaşaçılara görə yaratmaqdan zövq alır. 

– Ailə, həyat yoldaşınızın dəstəyi nə qədər sizin üçün vacibdir?

– Mən deyərdim ki, əvəzsizdir! Misal üçün, ailə qurduqdan sonra mənim reytinqim kəskin artmağa başladı.

– Adi gününüz necə keçir?

– Adətən, səhər saat 10-a yaxın oyanıram, vaxtımı ailəmlə keçirirəm, şahmatla məşğul oluram, axşamlar isə dostlarımla görüşürəm. 

– Şahmatdan fikrinizi necə yayındırırsınız?

– Futbola baxmaqdan, dostlarımla domino oynamaqdan xoşum gəlir. Fəal idman növlərindən stolüstü tennisə üstünlük verirəm.

– Necə fikirləşirsiniz, siz daha çox introvert, yoxsa ekstravertsiniz? Bunlardan hansı birisi sizə oyunda daha çox kömək edir?

– Əlbəttə, introvertlər üçün şahmat oynamaq daha asandır. Lakin mən şahmatçıları iki düşərgəyə – ekstravertlər və introvertlər düşərgəsinə bölmək istəməzdim. Ambivertlər də mövcuddur, onlar da böyük şahmat ustası ola bilir.

– Siz komanda oyunçusu, ya daha çox fərdiyyətçisiniz?

– Bu suala cavab vermək bir qədər çətindir... Yəqin ki, həm ondan, həm də bundanam. Lakin daha çətin olduğuna baxmayaraq, komanda turnirlərində oynamaqdan daha çox xoşum gəlir: şəxsi maraqlarından daha çox komanda haqqında düşünmək lazım gəlir.

– Dinc xarakterinə baxmayaraq, şahmat hərbi strategiyadır. Necə fikirləşirsiniz, şahmatçı real həyatda lider ola bilər?

– Məncə, ola bilər. Peşəkar şahmatçılar menecerlər üçün vacib olan məxsus bir çox xüsusiyyətlərə malikdir: səbir, liderlik xüsusiyyətləri, rəqabət mühitində fəaliyyət göstərmək vərdişi...

– Dünyanın ən yaxşı şahmatçılarının yaşı getdikcə azalır. Necə fikirləşirsiniz, qələbə və yaş bir-birilə bağlıdır?

– Burada hər şey fərdidir: kimsə gənc yaşlarında, kimsə də yetkinlik yaşında mahir usta səviyyəsinə qalxır.

– Ən intellektual oyunun reputasiyası onun tənqiddən kənar qalmasına şərait yaradır. Sizcə, dahi şahmatçı olmaq zəkalı insan olmaq deməkdir? 

– Bunların arasında, sözsüz ki, əlaqə var. 

– Sizin gülümsəməyə meyilli olduğunuz diqqətdən kənar qalmır. Bu, oyunda sizə kömək edirmi?

– Mən oyun oynadığım zaman gülümsəmirəm. Bu, münasib əhval-ruhiyyənin yaranmasına mane olur. Buna görə də, çox güman ki, yox. 

– Bir vaxt siz idmandan aldığınızdan daha çox ona verdiyinizi demişdiniz. Siz, FİDE 
 reytinqində II yerə qalxan ilk azərbaycanlı olaraq doğrudan da belə fikirləşirsiniz?

– Aydınlıq gətirmək istərdim: mən canlı reytinqdə dünyada II olmuşam. İndi isə III yerdəyəm. Ümid edirəm ki, I yerə çıxacağam və bu fikirdən əl çəkəcəyəm!

– Elə bir mükafat və qələbə varmı ki, ondan sonra siz “Mən istədiyim hər şeyə nail olmuşam” sözlərini deyə bilərsiniz?

– Böyüklər arasında dünya çempionatında qələbə qazanmayana qədər həmişə can atılası hədəf var.

Sizin Reklam Yeriniz