Əlaqə Arxiv
news Image
2018.08.13
12:56
| A A A
Yusif Axundzadə: Ordumuzun 100 illiyi münasibətilə hərbi paradda dirijorluq etməyim mənim üçün ən böyük xoşbəxtlikdir

O, bütün keyfiyyətləri yüksək hörmətə layiq olan hərbi musiqiçi olmaqla yanaşı, həm də ictimai xadimdir. Onun mükəmməl dirijorluq maneraları, dəqiq jestləri, hər bir elementi özünə tabe etmək bacarığı professionallıq və peşəkarlığın göstəricisidir. Ölkəmizin ən mötəbər, peşəkar və nəhəng hərbi orkestrinin-Əlahiddə Nümunəvi Hərbi Orkestrin yaradıcısı və rəhbəri olan Yusif Axundzadə sənətinə sadiq olduğu kimi, Vətəninə də sadiqdir. O, təkcə yüksək səviyyəli musiqiçi kimi deyil, Vətən keşiyində və vətənpərvər insanların qəlbində xüsusi məhəbbət qazanmış şəxsiyyət kimi də tanınır. Yusif müəllimin Silahlı Qüvvələrimizin möhtəşəm 100 illik paradında Bakı Qarnizonun Birləşmiş Orkestrinə dirijorluq etməyi ifa edilən hərbi marşa bir az da əzəmətlilik qatdı. Özünün dediyi kimi, bir əsərlik ordunun paradında iştirak etmək bir general kimi onun üçün ən böyük xoşbəxtlikdir.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki,  general-mayor, Xalq artisti, professor Yusif Axundzadə ilə müsahibəni təqdim edir:

-Yusif müəllim, rəhbəri olduğunuz Əlahiddə Nümunəvi Hərbi Orkestr Silahlı Qüvvələrimizin 100 illiyini necə qarşıladı?

- Orkestr ordumuzun 100 illiyi münasibətilə iki ay öncə hazırlığa başladı. Bildiyiniz kimi, 100 iliklə bağlı paytaxtın Azadlıq meydanında möhtəşəm parad keçirildi. Burada silahlı qüvvələrimizin bütün növ qoşun bölmələri iştirak edirdi. Möhtəşəm paradda ordumuzun gücü və müasir texnikası göstərildi. Düzdür, gördüklərimiz ordumuzun arsenalında olan texnika və müasir silahların bir hissəsi idi. Şəxsi heyətə ruh yüksəkliyindən tutmuş mənəvi-psixoloji hazırlıqlar hamısı göz qabağında idi. Əlbəttə ki, Bakı Qarnizonun Birləşmiş Orkestri bu paradda yüksək səviyyədə iştirak etdi. Mənim bədii rəhbərliyimlə 170 nəfərlik orkestr heyəti ordumuzun paradını marş sədaları altında müşayiət edirdi. Etiraf edim ki, 48 illik xidmətim dövründə ordumuzun 100 illiyinə həsr edilmiş parad gördüyüm ən möhtəşəm paradlardan idi. Paradımızı dövlətimizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, hərbi attaşelər izləyirdi. Onlar da ordumuzun nizami və güclü bir ordu olmasının şahidi oldular. Bütün bunların hamısı Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Dövlət başçımız hər zaman ordumuzun daha da güclü olması üçün çalışır. Belə bir möhtəşəm paradın keçirilməsi də dövlət başçımızın diqqət və qayğısının nəticəsidir. Bu möhtəşəmlik əsgərdən generaladək hamıda ruh yüksəkliyi yaratdı. Bundan başqa, orkestrimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən dövlət tədbirində də ruh yüksəkliyi ilə çıxış etdi. Deyə bilərəm ki, hər iki tədbirə yüksək səviyyədə hazırlaşmışdıq. Orkestr hər zaman üzərinə düşən məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa çalışır.

-Orkestrin 100-cü il dönümə hədiyyəsi nə oldu?

- Orkestrimiz hər zaman çalışır ki, bu və ya digər sahədə töhfələrini verə bilsin. Silahlı Qüvvələrimizin 100 illiyində iştirak etmək bizim üçün ən böyük xoşbəxtlik idi. Zarafat deyil, düz 100 il. Bu illər ərzində ordumuz gör hansı yollar keçib, hansı məşəqqətlərdən çıxmışıq. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qeyd edilən istiqamətlərdəki çatışmazlıqları diqqətdə saxlayır, bunun üçün öz tapşırıqlarını verirdi. Baxın, müstəqillikdən bəri ordumuz nə qədər modern, eyni zamanda güclü bir orduya çevrilib. Əlbəttə, biz də çalışdıq ki, belə möhtəşəm bir ordunun 100 illiyinə hədiyyəmiz olsun. Əlahiddə Nümunəvi Orkestr tərəfindən bir disk buraxıldı. Bu diskdə orkestrin müşayiəti və solistlər Aynur İsgəndərli, Nərmin Abdullayeva və Kənan Qədimovun ifasında bir sıra hərbi marşlar, vətənpərvərlik ruhuna köklənmiş ifalar yer alır. Burada orkestrin dirijorları Əlahiddə Nümunəvi Orkestrin rəisi, polkovnik-leytenant, Əməkdar incəsənət xadimi Rüfət Axundzadə, rəis müavini, mayor İmran Allahverdi və orkestrin hərbi dirijoru baş leytenant Orxan Zeynallıdır.

-Orkestrin nümunəvi çıxışı hər zaman rəğbətlə qarşılanır. Bu hal, həm də heyətdə ruh yüksəkliyi yaradır. Bir az bu barədə danışardınız.

-Bizim orkestrin heyətində çalışan əməkdaşlar istedadlı və ixtisarlarının peşəkarlardır. Heyətimizə üzv qəbul edərkən də şəxsin peşəkarlığı və ifaçılığına diqqət yetiririk. Bütün uyğunluqlar yerindədirsə o musiqiçi bizim orkestr ailəsinin üzvü olur. Əlbəttə, nizam-intizam, peşəkarlıq və istedad varsa bütün bunlar imkan verir ki, çıxışlarımız uğurlu alınsın. Çıxış uğurludursa heyətdə hər zaman ruh yüksəkliyi yaranır. Təriflər, təşəkkürlər qazanırıq ki, bunu da əldə saxlamaq bizim üçün həm məsuliyyət, həm də stimulverici hissdir. Bir sözlə, orkestrdə çalışan bütün əməkdaşlarımız işlərinin məsuliyyətini dərk edir, tapşırılan işin öhdəsindən layiqincə gəlirlər.

-Orkestr sizin dirijorluğunuzla respublikamıza rəsmi və işgüzar səfərə gələn prezidentlərin qarşılanma mərasimlərində də iştirak edir. Bu, həm də bədii rəhbər kimi sizin üzərinizə böyük məsuliyyət qoyur. Bunun öhdəsindən necə gəlirsiniz.

-İnsan hər zaman məsuliyyətli olmalıdır. İnsanın mahiyyəti onun arzu və məsuliyyətində təzahür edir. Düşünürəm ki, peşəsindən asılı olmayaraq hər bir şəxs xarakter, istedad və məsuliyyətini bir araya gətirə bilsə istədiyinə nail olacaq. Ancaq bu halı sonadək əldə saxlamaq üçün elə sonadək də məsuliyyət tələb olunur.

-Çoxsaylı dövlət tədbirində iştirak edən orkestrin bir az da məşq prosesindən danışaq...

- Məşq prosesimiz adi qaydada keçir. Yəni hazırlığımız üç, dörd gün və elə ola bilər ki, iki ayadək davam edə bilər. Məşq prosesi zamanı çalışırıq ki, proqramımızda olan bütün ifaların notlarını əzbərləyək. Ölkəmizdə səfərdə olan dövlət başçılarının rəsmi qarşılanma mərasimlərinə hazırlığımız üç, dörd gün çəkir. Orkestr olaraq aidiyyəti dövlətin himnini və orda nəzərdə tutulan ifaların notlarını əzbərləyirik. Orkestr tam hazır olandan sonra bu şəkildə rəsmi qarşılanmada iştirak edirik.

-Sizi hərbi və mülki musiqiçi də adlandırmaq olar. Əks qütblərdə çalışmağın nə kimi çətinliyi var?

- Hər bir işin öz çətinlikləri var. Bəli, mən pedaqoji fəaliyyətlə də məşğul oluram, Bakı Musiqi Akademiyasında kafedra müdiriyəm. Eyni zamanda hərbi musiqiçiyəm. İstənilən şəxsin iki sahədə çalışmağı və bunu paralel aparmağı əlbəttə ki, çətindir. Hər zaman çalışıram aid olduğum sahələrdə özümü doğruldum ki, işimdə qüsur olmasın. Musiqi sənəti bir elmdir. Hər şeydən öncə musiqini dərk etmək, sevmək və onun peşəkarı olmaq lazımdır. İstəyirsən həbi musiqiçi ol, istəyirsən mülki musiqiçi, fərqi yoxdur, bir peşənin sahibisən, bir amala xidmət edirsən. Sənin adın musiqiçidir.

- Hərbi musiqiçi kimi nə arzularınız var?

-Xoşbəxt insanam ki, Silahlı Qüvvələrimizin 100 illik paradında iştirak etdim. Deyim ki, bütün şəxsi arzularıma çatmışam. Ən böyük arzum budur ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun və Əlahiddə Nümunəvi Hərbi Orkestr mənim bədii rəhbərliyimlə qələbə paradı səsləndirsin. Bizim qüdrətli və yenilməz ordumuz var. Onlar hər dəqiqə Ali Baş Komandanın əmrini gözəyirlər. Bu arzuma da çatacağıma böyük ümidlər bəsləyirəm.

Sizin Reklam Yeriniz