Əlaqə Arxiv
news Image
2019.07.11
12:21
| A A A
Hacıbəy Heydərli: "İnsanlar o qədər virtuallaşıb ki, artıq real ünsiyyəti də unudub"

İstəməsək də, özümüz bilmədən sosial şəbəkələrin əsirinə çevrilmişik. İnformasiya baxımından internet dadımıza çatsa da, istər verdiyi zərərli şüalar, istər insanları oturaq həyata kilidləməsi və saymaqla bitməyən zərərli vərdişləri hamımızı papağımızı qarşımıza qoyaraq bizi bir daha fikirləşməyə vadar etməlidir.

İnternetin müasir həyatımızda rolu, zərərli və xeyirli tərəfləri, xəbər saytları və onlarla qurulan işgüzar münasibətlərə aydındıq gətirmək məqsədi ilə çoxminli oxucusu olan ən operativ sayt rəhbərlərindən Hacıbəy Heydərli ilə müsahibəmi sizə təqdim edirəm.   

- Müasir dövrdə vətəndaş üçün sosial şəbəkə nədir?

- Sosial şəbəkələr artıq bir neçə ildir ki, həyatımızın ayrılmaz bir parçasına çevrilib. Təsadüfi deyil ki, insanlar günün çox hissəsini sosial şəbəkələrdə keçirir. Hətta yuxudan duran kimi ilk işimiz sosial şəbəkəni açmaq olur. Bu, təkcə bizdə belə deyil, dünyanın hər yerində bu tendensiya var. Artıq həyatı sosial şəbəkələrsiz təsəvvür etmək olmur, bəzən “facebook”da, “instagram”da texniki problemlər yaşanır, həmin an anlayırsan ki, bu vasitələr bizim həyatımıza çevrilib. Sosial şəbəkə həm ünsiyyət vasitəsidir, həm tanışlıq məkanıdır, həm maarifləndirmə məkanıdır. Yəni, insanların həyatı nədirsə, sosial şəbəkələrdən də o cür istifadə edir.  

- Nə üçün əksər insanlar axtardıqlarını realda yox, sosial şəbəkədə axtarır?

- Çünki sosial şəbəkədə insanlar daha cəsarətlidir. Real həyatda özlərini göstərə bilməyən insanlar, burada özünü ağa kimi aparır. Çünki sosial şəbəkə komplekssiz məkandır, burada hər kəs bərabərdir. İnsanlar o qədər virtuallaşıb ki, arıtq real ünsiyyəti də unudub. Hətta emosiyalar belə smaylikə çevrilib. Bu, heç də yaxşı hal deyil, bizdən sonra gələn nəsilin həyatı yalnız sosial şəbəkə olacaqsa, bu təhlükədir. Sosial şəbəkə həm də güzgüdür, elə güzgü ki, insanların içindəkilərini də göstərir. İnsanlar reallıqla baş-başa qalanda anlayır ki, hər şey sosial şəbəkədə olduğu kimi deyil. Məsələn, burada istədiyin qıza yaza bilirsən, istədiyin şəxsi tənqid, hətta təhqir edirsən, istədiyin məşhurla əlaqəyə girə bilirsən, ancaq realda bunları edə bilmirsən. Bu səbəbdən də virtuallıq reallığı üstələyir.

- Hətta ən yaxın qohumların danışıqdan, ünsiyyətdən sözün kobud mənasında imtina edib, sosial şəbəkə üzərindən söhbətləşməsi bizi hara aparır?

- Bu, bizi bilmədiyimiz bir yerə aparır. O yer ki, ünsiyyətin olmadığı, yalnız klaviaturanın danışdığı bir yerdir. Dediyim kimi, artıq emosiyalarımız smayliklərlə əvəz olunur, artıq hislərimiz adiləşir. Mən belə olmasını istəməzdim, ancaq bu, faktdır.  

- Necə olur ki, ictimai rəyə sosial şəbəkədə yazılmış bir fikir asanlıqla təsir edir? Kütlə savadsızdı, qaragüruhdu, yoxsa başqa səbəb var?

- Sosial şəbəkə cəzasız bir mühitə çevrilib, burada kim nə istəyir, edir. Bu məkanda aşırı azadlıq var, instədiyini söyürsən, təhqir edirsən, yalan məlumat paylaşırsan, şər böhtan atırsan və məsuliyyət daşımırsan. Düzdür, bununla bağlı qanunvericilikdə maddələr təsbit olunub, ancaq bu qanunlar xaricdə yaşayan bir azərbaycanlıya tətbiq oluna bilmir. Bu halda nə etmək lazımdır? Azərbaycanı sevməyən, xaricdən maliyyələşən bir insane saxta bir xəbər, məlumat, video, foto paylaşaraq ölkədəki sabitliyi poza bilirsə, burada günah həm də bizdədir. Ona görə ki, biz özümüz müəyyənləşdirməliyik ki, kimin fikrinə, xəbərinə inanaq. Özümüzə güvənilən informasiya daşıyıcılarını müəyyənləşdirməliyik. İctimai rəy, ictimai qınaq çox önəmidir, mən də bunun tərəfdarıyam. Ancaq əgər bu sağlam qınaqdırsa, qarayaxma deyilsə. Deməzdim ki, kütlə savadsızdır, kütlə sadəcə olaraq neqativə meyllidir. Bu həyatda da belədir, bir qəza olursa, yüzlərlə insan ora toplaşır, tum alıb nəticəni gözləyir. Və ya qonşuda dava düşəndə hamı bu haqda danışır. Sosial şəbəkələr də belədir, nə olursa burada paylaşılır deyə, insanlarl onu müzakirə edir. Bu sadəcə küçənin, binanın, məhəllənin daha böyük formasıdır.

 - Ölkə əhalisini informasiyaya ac hesab etmək olarmı?

- Xeyr, mən düşünmürəm ki, ölkə əhalisi informasiyaya acdır. Əksinə, informasiya bolluğu o qədərdi ki, bu, hərdən əhalini yorur. Ölkədə söz və mətbuat azadlığı var, insanlar istədiyi fikri yazır, istədiyi informasiyanı yayır və paylaşır. Kifayət qədər də informasiya resursu var, sadəcə biz müəyyənləşdirməliyik ki, hansı saytın, hansı agentliyin xəbərinə inanmaq olar, hansınkına isə yox. Bunu etsək, bizə lazım olan informasiyanı əldə edə biləcəyik.

- Fikrinizcə sayt rəhbərləri bir-biri ilə sağlam rəqabət aparırmı?

- Sağlam rəqabət çox vacibdir və mütləq olmalıdır. Ancaq məncə bu gün saytlar arasında rəqabətdən çox, bir-birinə hörmət və sayğı var. Şəxsən bizim sayt üçün ilk rəqib özümüzük, yəni gündəlik ziyarətçi sayımız hər keçən gün daha da artmalıdır. Sosial şəbəkə səhifələrimizin aktivliyi qorunmalıdır, xəbərlərimizə istinad artmalıdır. Bu tələblər həm də özümüzlə rəqabət aparmaq deməkdir. Bizim mediada rəqibimiz yox, dostlarımız var. Əgər kimsə bizdən öndədirsə, biz səhvi özümüzdə axtarırıq. Heç vaxt demirik ki, nəyə görə bizdən öndədilər, düşünürük ki, necə edək ki, biz də öndə olaq. Uğur qazanmaq üçün bu, çox önəmli faktordur. Başqalarının uğurunu gözügötürməyən, onlara pislik etmək istəyən insanlar var. Ancaq hər zaman da uduzan onlar olur.

                                                                                                                                                          Elnurə

                                                                                                                

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz