Əlaqə Arxiv
news Image
2019.08.08
14:15
| A A A
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovdan müsahibə

– Hazırda ali təhsil müəssisələrinə qəbul prosesi davam edir. Azərbaycan İlahiyyat İnstitutuna iki ixtisas üzrə qəbul aparılır. Bu qəbuldan gözləntiləriniz nələrdir?

– Azərbaycan İlahiyyat İnstitutu hazırda yeni tədris ilinə hazırlaşır. Qeyd etdiyiniz kimi, təhsil müəssisəsinə qəbul iki ixtisas üzrə – Dinşünaslıq və İslamşünaslıq istiqamətlərində aparılır. İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyənlər həm də müsahibədən keçməlidirlər. Qeyd etmək istəyirəm ki, artıq müsahibədən keçən abituriyentlərimiz var. Bu sahə spesifik olduğundan, ixtisasa uyğun gəncləri seçməyə çalışırıq.

Bildiyiniz kimi, İslamşünaslıq ixtisasına qəbul edilənlərin məscidlərdə din xadimi, Dinşünaslıq ixtisasına qəbul olunanların isə dövlət orqanlarında və ali dini təhsil müəssisələrində fəaliyyət göstərmələri nəzərdə tutulur.

Qeyd edim ki, bu il instituta 72 abituriyentin qəbulu planlaşdırılır ki, bunlardan da 36-sı İslamşünaslıq ixtisası üçün nəzərdə tutulub. Otuz altı yer üçün 130-dan artıq abituriyent mübarizə aparacaq. Onların arasından bu ixtisasa uyğun gələn gənclərimizi seçirik. Sevindirici haldır ki, müsahibəyə gələn abituriyentlərin kifayət qədər yüksək balı var.

– Tədris ili boyunca Azərbaycan İlahiyyat İnstitutu ölkəmizin bölgələrinə çoxsaylı səfərlər təşkil etdi. Səfərlərdə məqsəd nə idi?

– Səfərlərin bir neçə məqsədi var idi. Bunlardan biri respublikanın bəzi bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri keçirməklə, 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunmasıdır. Bu günədək Lənkəran, Gəncə, Bərdə, Ağstafa, Qazax, Qəbələ, Quba, Zaqatala, Şirvan, Biləsuvar, Mingəçevir və İsmayıllı rayonlarında institutumuzda tələbələr üçün yaradılan şəraitlə bağlı məlumatlar verdik.

Mühüm bir amili yenə də qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödnənişsizdir. Tələbələr institutu bitirdikdən

sonra, təhsillərini dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərində davam etdirmək imkanına malikdirlər. Həmçinin təhsillərini başa vurduqdan sonra, müxtəlif dövlət qurumlarında da çalışa biləcəklər.

Bir daha qeyd edim ki, institut kollektivinin respublikanın müxtəlif rayon və şəhərlərinə səfərlərinin məqsədi ölkəmizin bütün bölgələrindən potensiallı gənclərin qəbulunu həyata keçirməkdir. Həmçinin institutumuz yeni yarandığı üçün onun təbliğini həyata keçirməyə çalışırıq.

Digər səfərlərimizin məqsədi isə tələbələrimizin dünyagörüşünün zənginləşdirilməsi, ölkəmizdəki tarixi-dini abidələrlə yaxından tanışlıq, multikultural və tolerant mühitin canlı şahidi olmaları idi.

Cocuq Mərcanlı, Qəbələ, Şamaxı, Quba rayonlarına səfərlərdə tələbələrimiz qədim mədəniyyətimizlə, zəngin mənəviyyatımızla yaxından tanış oldular. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəsillərə çatdırılması olduqca mühüm məsələdir. Azərbaycan İlahiyyat İnstitutu gənclərimizin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması üçün belə səfərləri zaman-zaman təşkil edir.

– Qeyd etdiniz ki, səfərlərin bir hissəsi Azərbaycan İlahiyyat İnstitutunun tanıdılması məqsədi ilə keçirilir. İnstitutun təbliği üçün başqa nələr etdiniz?

– İnstitut yarandığı ilk gündən onun tanıdılması üçün çoxsaylı işlər görüldü. İlk əvvəl ali təhsil müəssisəsinin fəaliyyətinin işıqlandırılması məqsədilə kataloqumuz nəşr olundu. Qeyd edim ki, kataloq Azərbaycan, rus və ingilis dillərində nəşr edildi. Bundan əlavə, Ana dilimizdə olmaqla, həmçinin ingilis, ərəb və rus dillərində broşür və bukletlərin çapını həyata keçirdik. İnstitutumuzun Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytı işə başladı. Burada məlumat hər gün 3 dildə yenilənir. Siz buradan ali təhsil müəssisəsi haqqında bütün lazimi məlumatları əldə edə, fəaliyyətimiz haqqında xəbərləri izləyə bilərsiniz.

Onu da qeyd edim ki, bir il ərzində ali təhsil müəssisəsinin tanıdılması istiqamətində kütləvi informasiya vasitələrində – televiziyalarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında haqqımızda müxtəlif verilişlər və yazılar dərc olundu. Mən bununla əlaqədar olaraq bir daha bütün kütləvi informasiya vasitələrinin rəhbərlərinə və kollektivinə təşəkkür edirəm.

– Qeyd edim ki, fəaliyyətiniz tətil zamanı da davam edir. Bu günlərdə tələbələriniz Türkiyənin Bursa şəhərində təşkil edilmiş “Yay məktəbi”nə yollanıblar. “Yay məktəbi”nin tələbələrə nə kimi səmərəsi olacaq?

– Azərbaycan İlahiyyat İnstitutunun 16 qız, 14 oğlan olmaqla, ümumilikdə, 30 tələbəsi Türkiyənin Bursa şəhərində təşkil olunmuş “Yay məktəbi”nə qatılıb. Biz bu proqramı Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi və Dəyanət İşləri Başqanlığı arasında əldə olunmuş razılaşmaya əsasən təşkil etdik.

Bursada “Yay məktəbi” iki istiqamətdə aparıldı. Dərslər müxtəlif sahələrdə – Ərəb dili, İngilis dili, İslam elmləri üzrə tədris edilir. Eyni zamanda, müxtəlif ilahiyyatçı alimlərlə görüşlər təşkil olundu. Tələbələrin asudə vaxtlarının düzgün dəyərləndirilməsinə xüsusi diqqət yetirilib. Bursa şəhərinin tarixi yerlərinə ziyarətlər təşkil olunur. Bir amili də qeyd edim ki, “Yay məktəbi”ndə təkcə İlahiyyat İnstitutunun tələbələri deyil, eləcə də Qazaxıstan və Qırğızıstan respublikalarının İlahiyyat fakültələrindən gələn gənclər də iştirak etdilər. Bu da tələbələrimizin dünyagörüşünün zənginləşdirilməsinə, müxtəlif mədəniyyətlərlə tanışlıqlarına səbəb oldu.

Gənclərimiz həm də ölkəmizin tolerant və multikultural mühitini burada tanıdıblar. Ölkəmizdə müxtəlif məscidlərdə, xüsusilə Heydər məscidində qılınan Vəhdət namazı haqqında məlumat veriblər. Bu da digər qonaqlar və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Onu da qeyd edim ki, belə məktəbləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq. Xatırlayırsınızsa əgər, Azərbaycan İlahiyyat İnstitutu “Qış məktəbi” layihəsi təşkil etmişdi ki, bu da tələbələrimizin inkişafına böyük təkan vermişdi.

Belə tədbirlərin, məktəblərin təşkil olunmasında məqsəd tələbələrimizin İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnmələrini təmin etmək, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

– İlk tədris ilinin sonuna gəldiniz. Nəticələrdən razısınızmı?

– Azərbaycan İlahiyyat İnstitutu, artıq birillik tədris ilini başa vurdu. Ötən bir il ərzində səy göstərdik ki, tələbələr güclü təhsil ala bilsinlər. İlk gündən etibarən, İnstitutun fəaliyyətinin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsinə başladıq. Vaxtımızın məhdudluğuna baxmayaraq, sentyabra – tədris ilinin başlanmasına qədər, demək olar, tədrisə aid bir çox məsələləri həll etdik.

Cari il iyun ayından etibarən, institutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, ali tədris müəssisəsinin tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü işlər gördük.

Üç ay ərzində Azərbaycan İlahiyyat İnstitutunun mövcud ali təhsil müəssisələri arasında çox fərqli, şəffaf, modern, aydın və sağlam təməli quruldu.

Tələbələrimizin təhsillə bərabər, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə cəlb olunmasına başladıq, həmçinin bölgələrimizə səfərlər etdik. Bunların hər biri tələbələrimizin daha dərin dini və dünyəvi biliklərə malik olmaları, mənəvi dünyalarının, dünyagörüşlərinin zənginləşdirilmələri, natiq kimi yetişmələri üçün edilirdi.

Bir il ərzində tələbələrimizin dünyagörüşündə, nitq qabiliyyətində nə qədər dəyişikliyin şahidi olduq. Dərslərdə, imtahanlarda şəffaflığın qorunması üçün əlimizdən gələni etdik. Tələbələrin tədris olunan fənləri sevmələri, hazırlıqlı olmaları üçün əlimizdən gələni əsirgəmədik.

Azərbaycan İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq. Ona görə ki, onların hər biri bizim gələcəyimizdir. Gələcəyimizin etibarlı təməllər üzərində qurulmasını istəyiriksə, gənclərimizi sağlam mühitdə, Vətəninə, millətinə xeyirli övlad olaraq yetişdirməliyik.

Davamlı olaraq tələbələrimiz üçün daha nələr edə biləcəyimizi düşünürük ki, onların daha bacarıqlı, savadlı, zəngin dünyagörüşlü olmalarını təmin edək. Düşünürəm, ali təhsil müəssisəsini bitirib hər hansı bir təşkilatda, qurumda işləyən gəncimiz həm dini savadını, həm də dünyəvi elmləri dərindən bilən, yüksək dil biliklərinə malik olduğunu hər kəsə nümayiş etdirsin.

– Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalayıb. Bu Sərəncama əsasən siz də konfrans keçirəcəksiniz. Konfransın mövzusu və istiqamətləri nələrdir?

– Bəli, biz də cənab Prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist, tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar konfrans keçirəcəyik. Tədbir 19-20 sentyabr 2019-cu il tarixdə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda baş tutacaq. Məqsədimiz məşhur mütəfəkkir Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinin, bədii-publisistik və elmi-nəzəri irsinin araşdırılması, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün bir platforma təşkil etməkdir. Konfransın istiqamətlərinə gəlincə, məqalələr, əsasən, “Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı”; “Əhməd bəy Ağaoğlu türkçülük ideologiyasının banilərindən biri kimi”; “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Əhməd bəy Ağaoğlunun fəaliyyəti”; “Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında Əhməd bəy Ağaoğlunun rolu”; “Əhməd bəy Ağaoğlu yaradıcılığında multikultural dəyərlərin tərənnümü”; “Difai” təşkilatının yaradılmasında Əhməd bəy Ağaoğlunun rolu”; “Əhməd bəy Ağaoğlu və qadın azadlığına çağırış, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışları tədqiqatçıların araşdırmalarında” mövzusunda olacaq.

– Təxminən, bir qədər əvvəl Beynəlxalq Simpoziumun təşkilatçılarından biri oldunuz. “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun nəticələri sizi qane etdimi?

– Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başladığı ilk gündən, beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət verir. Bu əlaqələrin nəticəsi olaraq, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunu keçirdik. Bilirsiniz ki, sözügedən Beynəlxalq

Simpoziumun birincisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə keçirilib. Ulu Öndər Simpoziumdakı nitqində Qafqazda İslamın yayılması ilə bağlı bir çox məqamlara toxunmuşdur.

Simpoziumun təşkili IRCICA rəhbəri Halit Erenlə görüşümüz əsnasında qərara alındı. Qeyd edim ki, I Beynəlxalq Simpozium da IRCICA-nın təşkilati dəstəyi ilə baş tutub.

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu nəinki Azərbaycan, eyni zamanda, bütün region üçün əlamətdar hadisədir. Ümumilikdə, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı kimi xarici ölkə universitetlərindən Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlərin 12 paneldə 100-dən çox məruzəsi dinlənilib.

Bu məruzələrin tezisləri – Azərbaycan, rus, ingilis dillərində çap olunub. Yaxın zamanda iştirakçıların məqalələri də dərc ediləcək. Güman edirəm, buradakı məqalələrin hər biri gələcəkdə araşdırma mövzusu ola bilər.

Simpozium Qafqazda İslam sivilizasiyasının yayılması dövrünün elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması, eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıtdırılması məqsədi daşıyırdı.

– Gələcək hədəfləriniz, məqsədləriniz haqqında dinləmək maraqlı olardı...

– Əsas məqsədimiz, hədəfimiz gənclərimizin daha bilikli, daha səriştəli, bacarıqlı, yüksək ali dini biliklərə sahib, eyni zamanda, dünyəvi elmlərə dərindən bələd olmalarına lazımi şərait yaratmaqdır. Bizim hər hədəfimiz, məqsədimiz bu amal üzərinə köklənir. Aparıcı ali dini təhsil müəssisələri ilə əlaqələr qurmağa, onlarla əməkdaşlıq etməyə, gələcəkdə tələbələrimizin təhsillərini dünyanın qabaqcıl ali tədris müəssisələrində davam etdirmələrinə çalışırıq.

Karyera Mərkəzinin açılması gələcək planlarımıza daxildir. Hazırda bu istiqamətdə işlər gedir. Mərkəz gələcəyin intellektual

kapitalının yetişdirilməsində tələbə və məzunların karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verməklə, onları iş dünyasına hazırlamaq məqsədi daşıyır. Həmçinin bir sıra qurumlarla əlaqələr yaratmağı, könüllülük proqramı vasitəsilə məzunlarımızın iş imkanlarını artırmağı planlaşdırır.

Elmi fəaliyyətimiz haqqında danışsaq, müəllimlərimiz yeni dərs proqramları və dərsliklərin hazırlanması üzərində çalışırlar. Bütün dərsliklərimizin öz mütəxəssislərimiz tərəfindən hazırlanmasını qərara almışıq. Bundan əlavə, qədim əlyazmaların çap olunmasını planlaşdırırıq.

Həmçinin institutun hər ay çap olunan “İlahiyyatçı” qəzeti, ildə iki dəfə dərc edilən “Din araşdırmaları” jurnalı da mövcuddur.

Gələcəkdə “İlahiyyat nəşrləri” adı altında layihə nəzərdə tutulur ki, buraya müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir.

Eyni zamanda, ilahiyyat sahəsindəki problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirmək istəyirik.

– Məzmunlu və ətraflı müsahibənizə görə təşəkkür edirik.

Sizin Reklam Yeriniz