Əlaqə Arxiv
news Image
2020.04.27
10:20
| A A A
Klimaks - ondan qorxmağa dəyərmi?

Adətətən 40 yaşından sonra dünyanın zəif məxluqları sayılan xanımlarda üz dərisinin, əllərin təravətdən düşməsi kompleks yaradır, onlar müxtəlif vasitələrdən istifadə edərək qocalmağa doğru getdiklərini qəbul etmək istəmir, daha baxımlı görünməyə, özlərinə daha çox diqqət ayırmağa çalışırlar. Vizual olaraq kosmetik vasitələr qocalmanın qarşısını alsa da, orqanizmin təbbi qocalma mərhələsindən qaçmaq mümkün deyil. Bu qocalma mərhələlərindən biri bəlkə də ən əsası qadınların kabus qədər qorxduqları Klimaksdır. Klimaks nədir? Neçə yaşında başlaması normaldır? Gecikdirilməsi üçün nə etmək lazımdır? Mövqe.az Xanımlarımızı maraqlandıran bu suallara Sağlam Ailə Klinikasının həkim-ginekoloqu Samirə xanım Mənsumova ilə aydınlıq gətirməyə çalışıb.

- Samirə xanım, Klimaks nədir? Onu xəstəlik hesab etmək olarmı?

Klimaks xəstəlik deyil, orqanizmin təbii qocalma prosesinin mərhələsidir. Klimaks, yəni menopauza istənilən qadının həyatında baş verən normal fizioloji prosesdir. Bu dövr ərzində qadınlarda detorod funksiya tamamilə yoxa çıxır və sönür, hormonal dəyişikliklər baş verir, estrogen qadın hormonunun ifrazı azalır və yumurtalıqların fəaliyyəti zəifləyir. Menopauzanın 3 dövrü var: Pemenopauza, Menopauza, Postmenopauza. 

- Adətən neçə yaş üçün Klimaks normal sayılır?

Qadınlarda klimaks dövrü adətən 45 yaşdan başlayır və 1-5 il arası davam edir. Son illər isə klimaks dövrü "cavanlaşıb" və menopauza 38-40 yaş arası qadınlarda da üzə çıxır. Qeyd edim ki, genetik faktor bu məsələdə böyük rol oynayır. Menopauza dövründə qadınlarda qeyri-müntəzəm aybaşı, baş ağrı, yuxusuzluq, əsəbilik, yaddaşın zəifləməsi, sümüklərin kövrəkliyi, artıq çəki kimi problemlər, bəzilərində isə depresiya yaranır. Qeyd edim ki, siqaret və spirtli içki kimi pis vərdişlər də bu dövrə mənfi təsir edir. Bu dövrdə bu vərdişlərdən imtina etmək daha yaxşı olardı. Qadınların cəmi 10 faizində menopauza dövrü nəzərə çarpmadan keçir. Qalan 90 faiz qadın isə yuxarıda sadaladığım simptomlardan əziyyət çəkir. 

- Klimaksdan qorxmağa dəyərmi?

Qadınlar klimaksdan qorxmamalıdır. Vaxtında ginekoloqa müraciət etmək, müayinə olunmaq və orqanizmin xüsusiyyətlərinə uyğun müalicə kursu almaq lazımdır. 40 yaşdan sonra hər bir qadın azı ildə bir dəfə ginekoloji müayinədən keçməlidir. 

- Sonda xanımlarımıza nə məsləhət vermək istərdiniz?

Həkim ginekoloq kimi 40 yaşdan yuxarı qadınlara bunları məsləhət görərdim: 

İldə bir dəfə ginekoloji müayinədən keçmək, 

Sağlam həyat tərzi yaşamaq, 

İdmanla məşğul olmaq, 

Sutkada 2 litr su içmək, 

Stress və gərginlikdən uzaq durmaq.

Əziz xanımlar, gördüyümüz kimi, Klimaks o qədər də qorxulu deyil, sadəcə diqqətli olub vaxtında həkim müayinəsindən keçək, bütün xəstəliklərin qarşısını öncədən alaq.

Elnurə ABUŞOVA

  

Sizin Reklam Yeriniz