Əlaqə Arxiv
news Image
2013.07.15
14:29
| A A A
"Bu gün Biləcəridən o tərəfə getməyən adam xalq artistidir"

Müsahibim  müğənni Əli Mirəliyevdir.


- Əli müəllim, necəsiniz, hansı yeniliklər var?

- Yaradıcılığım öz axarındadır. Son 7-8 ildə hamı mənim danışığımı, daha doğrusu, qalmaqallarımı verir, amma oxumağımı vermirlər. Çünki oxumağım onlara sərf eləmir. Mən yeni mahnılar yazdırıram, məsələn, son mahnım "Hardasan, gəncliyim"imdir. Onunla heç kim maraqlanmır. Aradabir ANS efirə çıxarır, vəssalam.

- Onda toylarda oxuyursunuz. Dolana bilirsiniz?

- Azərbaycanda müğənni toyların, ya da musiqi sahəsində işlədiyi qurumun hesabına dolanır. 145 manat pensiya alıram, onu da arvadım alır, qoyur cibinə. Mən bankomatdan pul çıxara bilmirəm. Hərdən oğlum, qızım da pul verir. Tək-tük hallarda, yəni ayda bir-iki dəfə toya gedirəm. Toylarda da heç vaxt pul danışmıram.

- Niyə? Hər halda, zəhmət çəkirsiniz.

- Mən xalqım sayəsində dolanıram, ona necə qiymət oxuya bilərəm... Bizi də belə böyüdüblər. Mən həyatım boyu atamın, anamın dediklərindən kənara çıxmamışam. Şəxsiyyətimi, qürurumu heç vaxt itirməmişəm. Bu hər müğənniyə nəsib olmur. Bugünkü müğənnilər məqsədlərinə nail olmaq üçün yaltaqlığa, alçaqlığa əl atırlar.

- Sizin dövrünüzdə belə deyildi?

- Bizim dövrümüzdə də belə olub. Nazirlərin kabinetlərinin, televiziya rəhbərlərinin qapısını döyüblər. Amma mən Üzeyir Hacıbəyovun əsasını qoyduğu klassik mahnı janrında, xalq musiqisini oxuduğuma görə yolumda hər zaman yaşıl işıq yanırdı. Mənimlə bərabər Hüseynağa Hadıyev, Akif İslamzadənin də durumu beləydi. Təsəvvür edin ki, Bədii Şura bizim mahnıları dinləmədən efirə verirdilər. Bizlərə bişmiş sənətkarlar kimi baxırdılar.

- Bişmiş sənətçi olana qədər hansı əziyyətləri çəkdiniz?

- Çox acı həyat yaşamışam. Dağlı məhəlləsində böyüsəm də, evimiz balacaydı. Atamla anam bizi saxlamaq, dolandırmaq üçün donor kimi qan verirlərmiş. Bunu biləndən sonra Rübabə Muradovagilə getdim, ona dedim, məni də özü ilə toylara aparsın. Heç bilmirdim nə vaxtsa müğənni olacam... Amma uşaqlıqdan yaxşı səsim vardı. Beləcə, Rübabə xanımla toylara getdim, onun termosunu, çantasını, dəfini  daşıdım. Qulu Əsgərovu və başqalarını görə-görə böyüdüm. Onların sənətini görmək, səslərini yaxından eşitmək, mahnıların sözlərini necə gözəl tələffüz etməklərinə heyran qaldım. Yaddaşım çox itiydi, hamısını yadımda saxlayırdım. İndi bütün mahnıları əzbərdən bilirəm.

- Müğənni olduğunuza görə peşmansınız?

- Peşman olmaq? Mən müğənniliyi özümə sənət saymıram. Sadəcə insanlar məni sənətkar kimi çağırırlar. Gülara Əliyevanın rəhbəri olduğu "Dan ulduzu" instrumental ansamblı  ilə əcnəbi ölkələrə gedirdik. Kasıb ailədən çıxmış bir insanın xarici ölkələrdə adını çəkirdilər. Bu, böyük xoşbəxtlikdir. Fikirləşmirdim ki, nə vaxtsa mənə əməkdar, xalq artisti adı verəcəklər. Başımı aşağı salıb işləyirdim. İndi müğənnilərə çox gülməli adlar verirlər. Sənətdən xəbərləri olmayanlar əməkdar artist olurlar.

- Xalq artisti adını alan sənətçi hansı məsuliyyəti özündə daşımalıdır?

- Əvvəla, xalq artisti adını cavan uşağa vermirlər. Bəlkə də say-seçmə cavanlara verilə bilər. Xalq artisti adını Azər Zeynalova verə bilərlər, çünki çox istedadlıdır. O, yeddi il mənim yanımda əl çalıb, bilməmişəm ki, musiqiçidir. Azər İtaliyaya getdi, orada musiqini mükəmməl öyrəndi. Bu gün elə gözəl oxuyur ki, mən şəxsən onunla fəxr edirəm. Amma başqalarına, küçə  mahnıları oxuyanlara - istəmirəm adlarını çəkim, çünki həddən artıq çoxdur -  nəinki əməkdar, heç özfəaliyyət dərəcəsində də ad düşmür.

Əvvəllər gənc ifaçılar özfəaliyyət dərnəklərindən gəlib, pillə-pillə qalxır, özlərini sənətdə  təsdiqləyirdilər. 50 yaşında əməkdar artisti, 65-70 yaşında xalq artisti adını alırdılar. Bu, daha düzgün idi. Amma bu gün Biləcəridən o tərəfə getməyən adam xalq artistidir. Necə, niyə alıb, neyləyib axı? Axı, musiqini bilmirlər. Mən bilirəm bu sahədə kimlər işləyib və nəyə qadirdir. Bunlar toyxanada oxuya-oxuya ad alırlar. Toy oxumağı ayrı, efir üçün oxumaq ayrı... Necə olub əməkdar, sonra da xalq artisti adını alıblar? Gəlin, bunu araşdıraq. Bəzilərinin yaşı o qədər də az deyil. Məndən uzaqbaşı 10 yaş balaca olar, harda oxudu ki, mən görmədim? Belə olmur axı.

- Bu gün xalq artistlərinin adlarının qalmaqallarda hallanmasına, bir-birilərinə qarşı biədəb ifadələr işlətməsinə münasibətiniz necədir?

- Bizim dövrümüzdə də Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Rübabə Muradova, Nərminə Məmmədova, Fatma Mehrəliyeva kimi aparıcı müğənnilərin arasında hərdən nəsə olurdu. Amma bunu efirə çıxarmazdılar, xalqın arasında danışmazdılar. Bu, tək xalq artistləri adını almışlar üçün deyil, xalqın sevimli sənətkarları üçün də keçərlidir. Əgər mənim fikrimi soruşursunuzsa, deməli, xalq məni sənətkar kimi qəbul edir. Deməli, mənim titulum onlardan da artıqdır. Rəsmi titul olmasa da, hamı mənə xalqın sevimli sənətkarı deyir. Ona görə mən bir sənətkar kimi artıq-əskik hərəkət edə bilmərəm. Evimə kimisə gətirim, hardasa nəsə eləyim, gizli bir iş görüm, bu, mümkün deyil. Adım-sanım var... Əksinə, mən örnək olmalıyam.

Kişiyəm də, nəsə ola bilərdi, amma həmişə özümə deyirdim ki, olmaz, azərbaycanlıyam, mənə etibar edənlərin gözündən düşə bilərəm, oğlum-qızım məndən küsər. Mən onlara nə cavab verərəm? Bu sual hər zaman mənim qarşımda dayanır. Ona görə bəzi hissləri içimdə boğuram, qoymuram çıxsın çölə. Amma bəziləri bunu fikirləşmir. Xalq artisti ola-ola bir-birilərini söyürlər, camaatın gözündən düşürlər. Daha niyə saytlarda, efirlərdə biri-birinizə olmazın sözlər deyirsiniz. Mənə də  çox hədə-qorxu gəliblər, amma hansı birini demişəm? Heç birini.

- Bütün bunlar gündəmdə qalmaq istəyindən qaynaqlana bilərmi?

- Əlbəttə. Oxumaqları bitib, ad-titul alıblar, işlərini bitmiş hesab edirlər, ona görə indi nə istəyirlər edirlər. İlhamə xanım yaşlıdır, gərək onun fikirlərinə hörmətlə yanaşalar. Əgər indiki nəsil onun fikirlərinə cavab verirsə, bunu yaxşı qarşılamıram.

- Bəs İlhamə xanımın kobud ifadələr işlətməsi necə, doğrudurmu?

- O da düzgün deyil. Bircə onu bilirəm ki, efirdən kobud ifadələrin işlədilməsi düz deyil. Bu ifadələr onlara başucalığı gətirmir. Sizə bir söz deyim, xalqımız çox qəribə xalqdır. Xalq arasında çox tez gözdən düşmək olur. Nə qədər gözəl müğənni olsan da, bir hərəkətinlə hörmətini itirərsən. Artıq ölü müğənni olacaqsan və heç kim sənə diri kimi baxmayacaq. Mən bu sözü 10 il efirdən uzaq olan adam kimi deyirəm.

- Yeri gəlmişkən, səhnədən niyə getmişdiniz, niyə qayıtdınız?

-Mənim getməyimə iki amil səbəb oldu. Birinci amil 1990-cı il hadisələri idi. Bir ilə kimi mən də daxil olmaqla, müğənnilərin əksəriyyəti oxumadı. Sonra istədim oxuyam, 1991-ci ildə Gülarə Əliyevanın faciəli ölümü ilə AzTV-nin qapısı üzümə bağlandı. Yəni məni unutdular. Mən Gülarə Əliyevanın hesabına oxuyurdum. Yoxsa mənim  kimim vardı ki? Kim zəng vurub deyəcəkdi ki, Əli Mirəliyev gözəl müğənnidir, ona kömək edin? Deyənim yox idi. Mən mübariz, sözü üzə deyən adam olmuşam, bu da hamının xoşuna gəlmir.

Gülarə Əliyevadan sonra bütün qapılar üzümə bağlandı. 2006-cı ilə qədər dirəşirdilər ki, Əli Mirəliyev adında müğənni olmayıb. Həmin il bir verilişdə peyda oldum, ondan sonra Azərbaycan televiziya işçilərinin başına daş düşdü...

- Qalmaqallarla gəldiniz, bayaq da etiraf edirsiniz ki, hamı efirə sizi buna görə çağırır. Belə gəlmək yaxşı idimi?

- Vallah, mən qalmaqallara özüm baş qoşmamışam. Sadəcə, elə alındı. Hamı deyirdi ki, Əli müəllim, sən daha qayıtmayacaqdın efirə, amma sən necə qayıtdınsa, özümüz də məəttəl qaldıq. Bunu mənə Flora Kərimova deyir: "Ölü dirilə bilməz, amma sən öldün və dirildin".

- Deməli, qalmaqal ölünü də dirildə bilər...

- Qalmaqal da deyil, sözün düzünü deməyin nəticəsidi. Efirdə ayağını ayağının üzərinə aşıranı qınamışam. Axı, o görməyib ki, biz böyüyün qarşısında necə əyilmişik, insanlara hörmət eləmişik, ağsaqqalların qarşısında ayağımızı ayağımızın üzərinə qoymamışıq. Ona görə bizə qəribə görünürdü. Mən qəbul eləmirdim, Akif İslamzadə də qəbul eləmirdi. Siz təsəvvür edin, "Sarı gəlini" oxumuş bir müğənni Akif  İslamzadə haqqında indi bir adam da danışmır, yazmır. Elə bil, belə müğənni olmayıb.

Halbuki oxuduğu mahnılara görə ona heykəl qoymaq lazımdır. Bəs indi Akif hanı? Yaltaqlıq, təriflər baş alıb gedir. Nəyə tərifləyirsiniz, hamısı göz qabağındadır.

- Əli müəllim, indi üzünüzə bütün televiziyaların qapısı açıqdır?

- AzTV-nin qapısı hələ də bağlıdır. Mən özüm bağlamışam. Getmirəm, heç yollarını da tanımıram. Daha çağırılan verilişlərin mövzularına baxıram, görürəm qalmaqaldır, getmirəm. Deyirəm, nə qədər qalmaqal olar? Camaat mənə deyir ki, oxumursan, elə danışırsan. Telekanallara deyirəm, məni efirə oxumağa çağırın. Arzum budur ki, bu sözlərim musiqinin başında duran adamları ayıltsın. Musiqi bazar deyil, siz kimsiniz ki, musiqiyə sahibkarlıq edirsiniz?

- Toy musiqilərinin bütün efiri bürüməsinə münasibətiniz necədir?

- Vaxtilə efirdə toy repertuarı ola bilməzdi. Ümumiyyətlə, müğənninin bir repertuarı -efir repertuarı olmalıydı. Ağadadaş Ağayev, Baloğlan Əşrəfov, Məmmədbağır Bağırzadə toy oxuyanları idilər, toylar üçün kasetlər yazdırırdılar. Amma o mahnıları efirə gətirə bilmirdilər. Efirə çıxmaqdan ötrü bəstəkar mahnıları oxumağa çalışırdılar. Ona görə də efirlərdə biz onların ancaq bəstəkar mahnılarını eşidirdik. Bu gün isə tamam əksidir. Efir mahnıları qalıb qıraqda, xırda xalqların musiqiləri, türk, ərəb fars, hind, mənşəyi bilinməyən musiqilər səslənir. O musiqilərdən tamam başqa xalqların iyi gəlir. Müasir oxuyanların mahnılarından da erməni iyi gəlir.

- "Toylar kralı", "Toylar kraliçası" bu və digər verilişlər də toy mahnılarının efirə ayaq açmasına bir təkan verir. Bir vaxtlar onların münsiflər heyətində sizi də görürdük.

- Xeyr, münasibətim çox pisdir. Efirdə Azərbaycan klassik musiqiləri oxumaq lazımdır. Daha  "Hallana-hallana" kimi  mahnılar oxumaq olmaz. Bunlar xalqı, gəncləri uçuruma aparır. Bununla  gənclərdə qeyrət, vətənpərvərlik hissi olmaz. Bizim qeyrətli oğlumuz Mübariz heç belə mahnılara qulaq asardımı? Heç vaxt qulaq asmazdı.  Bizim efirlərin təbliğ etdiyi "Zəngimcell"lərdə axmaq musiqilər səslənir. "Maral", "Can cana" mahnı deyil, belə musiqilər oxumaq olmaz. Cinayətdir.

- Bəs niyə sevilir?

- Bəs Mirzə Ələkbər Sabir nəyi nəzərdə tutub yazırdı? Deməli, canımızda da var. Xırda xalqlar bizi bölə-bölə yaşayıblar, zövqümüzü də korlayıblar. Biz qoruyurduq, amma indi demokratiya bizə əks-təsir elədi. Üzeyir kimilərin səsi quyunun dibindən gəlir. Bunlarla biz hara gedirik? Biz bu gəncləri bədbəxt edib, sonra neynəyəcəyik? Musiqimizin başında dəyişiklik olmasa, heç nə dəyişməyəcək. Bütün ara mahnıları oxuyanları efirdən uzaqlaşdırmaq, Bədii Şura, yaxud ona oxşar qurum yaratmaq lazımdır. O qurumda musiqini bilən adamlar olmalıdır.

- Kimlərdir o adamlar?

- Ağacəbrayıl Cəbrayılov, Vahid Əziz, Eldar Mansurov, Faiq Sücəddinov, Cavanşir Quliyev, Zeynəb Xanlarova, Flora Kərimova, Elmira Rəhimova, İlhamə Quliyeva. Bir-iki belə qurum yaradılmalı, tele-kanallar da ona tabe olmalıdır. Bizim yaşlı nəsil oxuyanların içərisində bəziləri saçlarını qara rəngləyib, üzünə pudra çəkib, "Qalx, qalx bayraq" oxuyur.  Ayıbdır, güzgüdə bir özünə bax, o görünüşlə o bayraq necə qalxar?

Bizim oğlan müğənnilər burunlarını kəsdirir, qaşlarını alır, dodaqlarını şişirdirlər, qapqara olan biri sonra Maykl Cekson kimi ağappaq olur. Bu nə dərəcədə düzdür? Müasirlik o demək deyil ki, biədəb işlərlə məşğul olasan, bütün Azərbaycan səni belə tanısın. Niyə bunu Ağadadaş Ağayev, Zaur Rzayev, Niyaməddin Musayev üçün demirlər? Çünki onlar kişi kimi yaşayırlar, müğənni kimi yox.

- Gənc nəsil arasında sizin bəyəndikləriniz var?

- Azər Zeynalov, Teymur Əmrah, Elton Hüseynəliyev, Ayaz, Ramal, Nurlan Növrəsli, Aygün Bəylər, Aygün Bayramova, Güllü Muradova. Xoşuma gələn 10 nəfər olar, amma mindən çoxunun səsləri də, özləri də biabırçıdırlar ". 

Sizin Reklam Yeriniz