Əlaqə Arxiv
news Image
2020.08.20
12:41
| A A A
Keçən 5 ay müddətində hökumət və cəmiyyət olaraq yaşadıqlarımız bizə çox şey öyrətdi
Rəşad Mahmudov: "Payız mövsümü sadəcə koronavirusa görə deyil, ümumiyyətlə üst tənəffüs yolu infeksiyaları üçün çox həssas dönəmdir"

Ötən 5 ay ərizində COVİD-19-un həm dünyada, həm də ölkəmizdə yaratmış olduğu vəziyyət bizə çox şey öyrətdi.

Bunu Trend-ə müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

Deputat bildirib ki, ötən müddət ərzində sadəcə üç əsas amilə - sosial məsafəni qorumaq, tibbi maskanı doğru istifadə etmək və eləcə də əl gigiyena qaydalarına əməl etməklə bu xəstəliyin yayılmasının qarşısını effektiv formada ala biləcəyimiz hamıya məlum oldu:

R.Mahmudov vurğulayıb ki, payız mövsümü sadəcə koronavirusa görə deyil, ümumiyyətlə üst tənəffüs yolu infeksiyaları üçün çox həssas dönəmdir:

"Bu dönəmin COVİD-19 pandemiyası ilə üst-üstə düşməsi hər bir ölkəni narahat edir və buna görə də mütləq şəkildə öncədən lazımi profilaktik tədbirlər, hazırlıqlar görülməlidir.

Ümumiyyətlə tarix boyu virus infeksiyalarla mübarizədə bizə məlum olan ən effektiv yol, sadəcə yoluxmanın yayılmasının vaxtında profilaktik üsullarla qarşısının alınmasıdır. Yəni xəstəxanalarımızın tibbi imkanları nə qədər artırılsada, ehtimal olunan kütləvi yoluxmalar qarşısında hər bir ölkənin səhiyyə sistemi aciz qala bilər. Bu hər birimizin qəbul etməsi labüd olan reallıqdır və bunu cəmiyyət olaraq da dərk etməyimiz vacibdir.

Düşünürəm ki, keçən 5 ay müddətində hökumət və cəmiyyət olaraq yaşadıqlarımız bizə çox şey öyrətdi. Bu həm də ölkəmizdə bundan sonra ola biləcək böyük dalğadan cəmiyyətimizin daha rahat qoruna biləcəyi ehtimalını və inamını yaradır. Çünki hər birimiz tövsiyə olunan 3 əsas qaydaya əməl etməklə, onu həyatımızın bir parçasına çevirməklə daha təhlükəsiz şəkildə böyük dalğalara qalib gələcəyimizi öyrəndik. Bu şəkildə davranışlarımız həm də gələcəkdə Operativ Qərargah tərəfindən daha sərt karantin rejimi qərarlarının verilməsini əngəlləyəcək.

Hesab edirəm ki, bu qaydalara riayət etmək hər bir vətəndaşın özünə, sevdiklərinə, cəmiyyətinə, dövlətinə və dünyasına qarşı olan borcudur".

Sizin Reklam Yeriniz