news Image
2013.08.15
19:00
| A A A
“Qarmon çalmaq əla pullu işdir”

Məşhur qarmon ustası Aftandil İsrafilovla görüşümüzə hər dəfə qızı mane olurdu. Atasının maşınını sübh tezdən minib şəhərə gəlməklə. Aftandil bəylə hər dəfə danışanda belə deyirdi: "Yenə qızımı gözləyirəm, maşını götürüb aparıb, qoy qayıtsın, şəhərə gələndə görüşək..."

Yay mövsümü olduğu üçün Aftandil İsrafilov Novxanıdakı bağında dincəlir. Görüşümüz də elə orada alındı. Aftandil bəy məni görcək üzünü xanımı Zemfiraya tutub dedi: "Sənə həmişə deyirdim axı bu qızın səsi çox fərqlidir. Səsində qəribə mehribanlıq var".

Sonra başladı müsahibə verməyə razılıq verməyinin səbəbindən danışmağa: "Hər dəfə səbirlə sağollaşırdın, "inşallah görüşərik" deyirdin. Mən də hər dəfə öz-özümə deyirdim ki, bu qıza mütləq müsahibə verəcəm. Onu da deyim ki, hər adama müsahibə vermirəm. Çünki buna ehtiyacım yoxdur. Məni tanıyanlar tanıyır. Əgər sizin səsinizdən elektrik almasaydım, bu müsahibəyə də razılıq verməzdim".

Aftandil bəy bunu deyib gülür: "Hə, indi qarpızları götürək qoltuğunun altından, söhbətimizi edək. Buyur, suallarını gözləyirəm. Qabaqcadan onu da deyim ki, bəyənmədiyim suala cavab verməyəcəm. Olarmı?"

Təbii ki, bu yerdə razılaşmaqdan başqa çarə qalmır. Çünki bilənlər bilir, Aftandil İsrafilov ötkəm adamdır. Dediyini mütləq eləyəsidir.

- Aftandil bəy, bilirik ki, siz qarmon sənətini müəllimsiz öyrənmisiniz. Özünüz tələbə olmadığınıza görə tələbəniz yoxdur?

- Əvvəla onu deyim ki, mən ən çox dinləməyə üstünlük verirəm. Özü də dahilərin ifasını və ya əsərlərini dinləməyə. Özümün 100-dən çox bəstəm var, amma mən not bilmirəm. Mahnılarımı da əsasən gecələr yazıram. Qarmonu əlimə alanda musiqiyə elə qapılıram ki, səsinə hamı oyanır. Daxilimdən yaranıb bu mahnılarımın musiqisi. Mən not bilməsəm də xalqın sevgisini qazanmışam. Xalqın sənətkarıyam. Görünür, elə buna görədir ki, Azərbaycanda qarmon çalanlar arasında məndən savayı heç kimə fəxri ad verilməyib. Mənim necə qarmon ustası olmağımı sübut eləməyə bu kifayət deyilmi? Mənim ifamı talantı və səviyyəsi olan insanlar dinləyir. Ulu öndərimiz Heydər Əliyevin şəxsən özü mənim pərəstişkarım olub. Ən böyük pərəstişkarım o idi. Təkcə elə bu, mənə bəsdir də. Heydər Əliyev musiqini gözəl bilirdi. Hər dəfə məni görəndə deyirdi ki, Aftandil, sənin "Kəmalə" rəqsin çox gözəldir, ürəyimcədir. Heydər Əliyev mənə daim diqqət göstərib. Bu da səbəbsiz deyildi. Ölkədə minlərlə qarmon çalan var, hamısı sıra ilə düzülsün, mənim kimi çala bilən ola bilməz. Qaldı ki tələbəyə, mənim tələbəm var. Onu kim deyir ki, tələbəm yoxdur? Var. Nizaməddin Əhmədov tələbəmdir. Milliyyətcə ləzgidir. Dəqiqliyi ilə deməkdə məqsədim odur ki, tələbəm var, özü də heç azərbaycanlı da deyil. Amma mənim mahnılarımdan ötrü sinov gedir sözün əsl mənasında.

- Not öyrənmək, təhsil almaq fikriniz olmayıb? Təhsil almamağınız sizi dağa-daşa salmayıb ki?

- Notu öyrənmək mənə artıq gecdir. Əslində heç təhsil almaq fikrim də olmayıb. Heç dağa-daşa da düşməmişəm, yolum həmişə hamar olub. Çünki mən musiqini ruhumla sevmişəm və onu barmaqlarımın sehri ilə ərsəyə gətirmişəm.

- Özünüzü nə vaxtsa qarmondan uzaqda təsəvvür edirsinizmi?

- Ölməyimə yarım saat qalsa da qarmon çalacağam, onsuz qalmayacam. Bu, mümkün deyil ki, Aftandil qarmondan uzaq düşsün.

- Uzun illər Zeynəb Xanlarovanın dəstəsində çalışmısınız. İndi necə, dostluğunuz davam edirmi?

- Əlbəttə ki. Başqa cür ola da bilməz. Biz Zeynəb xanımla əbədi dostuq. Bu yaxınlarda da Amerikada konsert proqramı ilə çıxış etdik. Ondan əvvəl Türkiyədə konsert verdik. Hazırda da məşq edirik, bir çox xarici ölkələrə səfərimiz olacaq. Biz yenə də bir yerdə işləyirik. Kollektivimizin bütün üzvləri hələ də bir-biri ilə dostdur. Bir gün də məşqlərə gecikmək olmaz. Bizim kollektivdə bu gün də heç kim siqaret çəkmir, içki içmir. Bizim dəstəmiz çox təmiz və sadiq dostlardan yaranıb. Heç Zeynəb xanımın bizə nəsə deməyə ehtiyacı olmayıb. Səliqə-sahmana, qayda-qanuna öz aramızda həmişə əməl etmişik ki, dostluğumuz uzunömürlü və sağlam olsun. Zeynəb xanım isə qadın kimi çox mərd xanımdır. Onunla xarici ölkələrin çoxuna getmişik. Yol yoldaşı kimi əvəzi yoxdur.

- O vaxt Zeynəb Xanlarovanın ansamblına təklif alıb qatıldınız, yoxsa özünüz müraciət etdiniz?

- Yox, təklif aldım və məmnuniyyətlə qəbul elədim. Klarnet ustası Vəli Qədimov gedib məni orada tərifləmişdi. Onlar da çağırmışdı. Sonra nağaraçalan Almaz gəldi. Belə-belə, yığışıb komanda şəklində toplaşdıq. Münasibətlərimiz hələ də əladır. Bizim dostluğumuz əbədidir.

- Tez-tez görüşdüyünüzü deyirsiniz. Zeynəb Xanlarova ilə bu gün səhnədəkiləri müzakirə edirsinizmi?

- İndi zəmanə başqadır. Oxuyan həddən artıq çoxdur. Hərəsinin də öz xətti var. "Məsləhət versən də eşidən olmayacaq" deyib hamımız öz işimizlə məşğuluq. Onlar da öz işlərini görür, dövranlarını sürürlər. Biz dedik, demədik, onsuz da onlar öz işlərini görür. Ona görə də özümü yormaq istəmirəm. Amma Zeynəb xanımın xətti yoxdur, bir daha olmayacaq da. Heç kim daha belə bir ansambl düzəldə bilməyəcək.

- Zeynəb Xanlarova ilə konsert verməyi düşünmürsünüz?

- İnşallah. Olsa, əla olar. Niyə də olmasın? Fikirləşdik-fikirləşmədik, bizim borcumuzdur ki, konsert təşkil edək. Yoxsa bunu özümüzə bağışlamarıq.

- Zeynəb xanım televiziyalarda ildə iki dəfə görünür. Sevənlərini niyə intizarda saxlayır sizcə?

- Zeynəb Xanlarova insanların boş vaxtını dolduran sənətkar deyil axı. O, ürəklərdə yaşayır. İnsanların gözünü döyənək edən müğənnilərimiz yetərincə var də.

- Onunla aranızda inciklik olub heç?

- Olmayıb, ola da bilməz. Min kişidən mərd qadındır dostluğa. Yersiz danışmaz, gülməz, söz deməz. Elə xanımlar əsrdə bir olur. Bizdə münasibət qarşılıqlı olub.

- Özünüzdən sonra sizdən yaxşı çalan qarmon ustası görürsünüz?

- İstəyirəm görüm, amma yoxdur. Hələ hazırlanırlar. Hazırda Azərbaycanda qarmon sənətkarları bütün başqa musiqi sənətkarlarından çoxdur. Səbəb mənəm, həvəsləndirən mənəm. Görürlər ki, qarmon çalmaqla ailə də dolandırmaq olur, qız qapısına gedib hörmət-izzətlə qız almaq da olur, oğul evləndirib ad-san sahibi olmaq da olur. Ona görə də çoxu qarmon ustası olmağa can atır. Kimsə bizim sahədən narazı ola bilməz ki, pul gətirməyən işdir. Əksinə, əla pullu işdir. Düzdür, Azərbaycanda məndən başqa fəxri ad alan qarmon ifaçısı yoxdur. Bəlkə gələcəkdə olacaq, amma mən birinciyəm.

- Toylara gedirsiniz, bunu bilirik. Amma neçəyə getdiyinizi bilmirik...

- Bu günə kimi bir kişi deyə bilməz ki, Aftandil mənimlə pul danışıb, toya cağırıb. Ayıb bilib belə söz deməzlər. Kimin əlindən nə qədər gəlsə, o qədər hörmət edib. Mən özümə qiymət qoymamışam. Çünki mənim sənətimin qiyməti yoxdur.

- Özünüzü aktyor kimi də sınadınız. "Məhəllə"dəki "Professor" rolunuz yaxşı da alındı. Yeni təkliflər varmı?

- Mən aktyor deyiləm, sadəcə təklif gəldi, qəbul elədim. Mən şəhərdə böyümüşəm. Şəhərin qaydalarını yaxşı bilirəm. Məndə bu rollar birdəfəyə hazırlanırdı. Dubl - 1, mən hazır edirdim. Alındı, tutdu. İndi "Məhəllə-3" çəkiləcək, ora da təklif almışam. Sadəcə mənə böyük hörmət edib dəvət ediblər.

- Uşaqlıqda göyərçin saxlamısınz. İndi necə? Düşər-düşməzi olar deyirlər. Bu sözdən qorxmursunuz?

- Bizim camaat hər şeyə qulp qoyur də. İndi də göyərçin saxlayıram. Bir də göyərçin sülh quşudur. Nə düşər-düşməzi axı?! Onun üzünə baxın, gülür daim. Çox insandan ağıllıdır o quşlar.

- Siz uşaq olanda bazara kələm satmağa da getmisiniz. Alveriniz gur olsun deyə meyxana deyər, camaatı başınıza yığıb malınızı satarmışsınız. İndi necə, yenə meyxana deyirsiniz?

- Yox, o, uşaqlıqda idi. Oldu, keçdi, bitdi...

virtualaz.org

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs