news Image
2012.04.03
19:24
| A A A
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan Ermənistanla heç bir əməkdaşlıq mümkün deyil

Azay Quliyev: "Ermənilər anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər"

Məlumat verildiyi kimi, "Avronest" təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti və sosial məsələlər üzrə komitəsinin fevralın 21-23 tarixlərində İrəvanda iclası keçirilib. Azərbaycan Milli Məclisinin üzvləri Azay Quliyev, Fərəc Quliyev və Rövşən Rzayev "Avronest" Parlament Assambleyası nümayəndə heyətinin tərkibində İrəvanda keçirilən iclasda ölkəmizi təmsil ediblər. Azərbaycanın "Avronest"dəki katibi Vüqar Məmmədov da nümayəndə heyətinin tərkibinə daxil olub. Burada azərbaycanlı deputatların Dağlıq Qarabağ münaqişəsi və onun ətrafında yaranan mövcud vəziyyətlə bağlı ölkəmizin mövqeyini bilavasitə Ermənistanda ifadə etmələri isə qarşı tərəfin çox sərt reaksiyaları ilə müşayiət olunub və hətta müəyyən insidentlər də yaşanıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə söhbətimiz də İrəvan səfəri ilə bağlıdır.

- Azay müəllim, bildiyimiz qədər siz Qərbi Azərbaycandansınız. Ancaq bu dəfə ata ocağına qonaq qismində getməli oldunuz və bu, "Avronest" komitəsinin iclasında iştirakla yanaşı, məsələnin həm də emosional bir tərəfini üzə çıxarırg

- Şübhəsiz ki, Göyçə, Zəngəzur elə İrəvanın özü bizim qədim torpaqlarımızdır. Biz orda minilliklər boyu yaşamışıq. Xatırlatmaq istərdim ki, elə İrəvan 1918-ci ilin 30 mayında Azərbaycan Milli Şurası tərəfindən Ermənistana 99 illiyə icarəyə verilib. Ona görə də Ermənistana gedəndə iki hiss keçirirsən. Birinci düşünürsən ki, bura sənin dədə-babalarının min illər boyu yaşadığı doğma yerlərdir, sənin bura birbaşa gəlməyə tam haqqın var. İkinci hiss isə daha bədbin, daha hüznlü. Çünki burada artıq sənin millətinin bir nəfər belə olsun nümayəndəsi yaşamır. Belə demək mümkünsə, bura artıq düşmən torpağı sayılır. Bu ərazi artıq Azərbaycana düşmən münasibət bəsləyən toplumun yaşadığı bir yerdir. Hər iki hiss məndə də var idi. Bununla yanaşı, mən həm də üçüncü bir hisslə yaşayırdım və bu da o idi ki, üzləşdiyimiz psixoloji diskomforta baxmayaraq, Azərbaycanımızı, millətimizi, dövlətimizi gərək ən yüksək səviyyədə təmsil edək. Səfər çərçivəsində bizim nümayəndə heyətinin qarşısında duran başlıca məqsədlərdən biri də məhz bununla bağlı idi. Amma bir məsələni də mütləq qeyd etməliyəm. Hərdən dostlarımızla İrəvanda biri-birimizə deyirdik ki, bura bizim doğma torpağımızdır, öz evimizə - İrəvana gəlmişik.

- Hadisələrin inkişaf istiqaməti belə nəticəyə gəlməyə əsas verir ki, ermənilər əvvəlcədən sizə psixoloji təzyiqlər göstərməyə çalışıblar. Hər halda hava limanında qarşılanmadan tutmuş etdiyiniz çıxışlara göstərilən reaksiyalar bu qənaətə gəlməyə əsas verir. Proseslərdə bilavasitə iştirak edən şəxs kimi siz bu barədə nə düşünürsünüz?

-Təəssüflər olsun ki, ermənilər söz verdikləri kimi bizi qarşılamadılar. Hələ əvvəlcədən onlar bizi hava limanında, təyyarənin trapında qarşılayacaqları haqqında vədlər vermişdilər. Amma biz bunun şahidi olmadıq və hava limanında qarşımıza bizi qarşılayacaq heç kim çıxmadı. Sonra yaxınlaşdıq hərbçilərə. Onlar Azərbaycandan gəldiyimizi bildikdə təəccübləndilər və bizi bir qədər gözlətdikdən sonra apardılar hava limanındakı müvəqqəti saxlanma otağına və rəhbərliklərinə xəbər verdilər. Təxminən yarım saat gözlədikdən sonra rus və erməni sərhədçilərinin müşayiəti ilə oranı tərk etdik. Onu da qeyd edim ki, Ermənistan sərhədlərini həm də rus əsgərləri qoruyur.

Beləliklə, protokolda olduğu kimi bizi hava limanında qarşılayan olmadı. Halbuki tədbirlə bağlı protokolun rəhbəri olan səhv etmirəmsə, Qriqoryan soyadlı bir erməni söz vermişdi ki, onlar bizi birbaşa təyyarə dayanacağında qarşılayacaq. Bunun olmaması və hadisələrin inkişaf axarı belə təəssürat yaradır ki, çox güman, belə etməklə ermənilər öncədən bizə psixoloji təsir etmək məqsədi güdüblər. Mən bunu istisna etmirəm. Onlar da bilirdilər ki, bizimlə heç bir diplomatik münasibəti olmayan, düşmən mövqedə dayanan bir ölkəyə gedirik. Biz də yaxşı anlayırdıq ki, dost ölkəyə getmirik. Amma, protokol etikası, diplomatik etika var. Xüsusən də düşmən münasibəti olan ölkə ilə münasibət qurmaq istəyirsən, yaxud onların nümayəndələrini qəbul edirsənsə, o zaman ən adi texniki məsələləri də gözləməlisən. Amma göründüyü kimi təəssüf ki, bu belə olmadı.

-İrəvanda baş tutan tədbir çərçivəsində ermənilər avropalı parlamentarilər qarşısında özlərini elə apardılar ki, onlar Azərbaycanla müxtəlif humanitar sahələrdə əməkdaşlıqda maraqlıdırlar, qarşı tərəf isə bunun əksinə gedir. Sizin belə hallara reaksiya və münasibətiniz necə oldu?

- Ermənilər ümumiyyətlə, bu gün əsas etibarilə iki istiqamətdə iş aparırlar. Birinci istiqamət odur ki, istənilən tədbirlərdə heç kim konfliktdən, işğal faktından, 1 milyondan çox qaçqın, məcburi köçkünün hüquqlarından danışmasın. Bu mövzunu unutdurmaq üçün əlbəttə ki, gərək nəsə başqa bir məsələ haqqında danışasan. Belə olan halda ermənilər təhsil, səhiyyə, ekologiya, vətəndaş cəmiyyəti və digər bu qəbildən olan sahələr üzrə əməkdaşlığa hazır olduqlarını bildirirlər. Mən deyərdim ki, İrəvanda keçirilən məlum tədbirdə onların belə səpkidə çıxışlar etməsinin səbəbi də budur. İkinci çalışdıqları məsələ odur ki, nə yolla olursa- olsun, işğal etdikləri ərazilərin legitimləşdirilməsini həyata keçirsinlər. Bilirsiniz ki, Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə işğal olunmuş zona elan olunub və bununla da Azərbaycanın ərazi bütövlüyü tanınıb.

Bununla belə ermənilər hələ də işğal olunmuş ərazilərdə yaratdıqları qondarma respublikanı tanıtmaq siyasəti güdürlər. Niyyətlərinə nail olmaq üçün konfliktə aid olmayan məsələləri qabartmağa üstünlük verirlər. İştirak etdiyimiz tədbirdə də elə oldu. Mən çıxış edərkən bildirdim ki, Azərbaycan region ölkələri və Avropa ilə əlaqələr qurmağa hazırdır. Amma Ermənistanla münasibətləri normallaşdırmaq üçün arada olan konflikti çözmək lazımdır. Elə bunu demişdim ki, mikrofonumu söndürdülər. Bir neçə dəqiqəlik fasilədən sonra mikrofon işləmədiyi üçün 20-25 dəqiqəlik fasilə elan olundu. Fasilədən qayıdandan sonra bu erməni deputat danışmağa başladı. Sonra başqa bir erməni də danışdı və hər ikisi mənim sözlərimi təhrif etdilər ki, guya, Azərbaycan da onlarla humanitar sahələr üzrə əməkdaşlıqda maraqlıdır. Mən dərhal söz aldım və dedim ki, fikirlərim burda düzgün şərh edilmədi. Bir daha diqqətə çatdırdım ki, biz regional əməkdaşlığın hər zaman tərəfdarı olmuşuq. Məsələn, Bakı-Tiflis-Ceyhanın çəkilişi, "İpək yolu"nun bərpası, digər tranzit layihələri və s. Ümumiyyətlə, bölgədə Azərbaycan çox böyük regional layihələr həyata keçirir. Biz bütövlükdə əməkdaşlığın əleyhinə deyilik. Amma Ermənistana gəldikdə isə biz bunu edə bilmirik. Çünki ortada Dağlıq Qarabağla bağlı münaqişə var. Bu gün mən bunu deməkdən çəkinmirəm ki, Ermənistan Azərbaycanın 20% ərazisini işğal edib. 1 milyondan artıq insan yurd-yuvalarından qovulub, qaçqın düşüb. Bunlar həll olunmasa, insanlar evlərinə qayıtmasa, hər hansı formada əməkdaşlıqdan söhbət belə gedə bilməz. Xüsusən də təhsil, səhiyyə, mədəniyyət kimi vacib sahələrdə. Dedim ki, Dağlıq Qarabağ konfliktinin həll yolları beynəlxalq sənədlərdə, hüquqi aktlarda qeyd edilib. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası və başqa təşkilatların qəbul etdiyi qərarlarda həlli yolları açıq-aydın göstərilir. Yox, əgər etimad mühitindən danışırsınızsa, biz bunu edə bilərik. Məsələn, gəlin, Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı icmalarının görüşlərini keçirək. Görsünlər ki, onlar gələcəkdə bir-birləri ilə yaşaya bilərlər, yoxsa yox? Vətəndaş cəmiyyəti sektorunu da təmsil etdiyim üçün orda Ermənistan QHT-lərinə üzümü tutdum, onları sülhün yaradılması üçün əllərindən gələni etməyə çağırdım. Bu baxımdan "Avronest"in imkanları da xeyli genişdir. Çıxışım çox böyük təpki ilə qarşılandı. Hətta erməni deputatlar bizi təhdid etməyə başladılar ki,əgər qonaqpərvərliyimiz olmasa idi, sizinlə başqa cür davranardıq.

-Ancaq istənilən halda ortaya konkret mövqe qoydunuz.

-Bəli. Onu da qeyd edim ki, bu səfər bizim üçün çox önəmli idi. O baxımdan ki, Ermənistanda öz milli maraq və mövqelərimizdən geri çəkilməyəcəyimizi yenidən birbaşa onların diqqətinə çatdırmaq üçün. Elə ermənilərin öz tribunasından, parlamentlərindən istifadə edərək onların özlərinin işğalçı olduğunu, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün saldıqlarını, BMT-nin 4 qətnaməsinə əməl etmədiyini yenidən bəyan etdik. Diplomatik dildə desək, bu, onların növbəti siyasi ifşası oldu. Özləri də etiraf edirdilər ki, "hələ heç kim öz parlamentimizdə bizi işğalçı adlandırmamışdı" .

-Səhv etmirəmsə, ermənilər qondarma DQR-in də tədbirdə təmsil olunmasına çalışıblar.

- Elə bu tədbirdə qarşılaşdığımız növbəti xoşagəlməz hadisə məhz iclas zalında qondarma Dağlıq Qarabağ Respublikası üçün yerin müəyyən edilməsi idi. Azərbaycanın "Avronest"dəki katibi Vüqar Məmmədov bu barədə məlumat verəndə onu təlimatlandırdıq ki, bizim adımızdan məsələni qaldırsınlar və beynəlxalq katibliyə bildirilsin ki, qondarma DQR-in təmsilçiliyini göstərən lövhə götürülməsə, biz tədbiri boykot edəcəyik. Təxminən yarım saat davam edən mübarizədən sonra "DQR" üçün qoyulmuş lövhə götürüldü. İndi təsəvvür edin ki, əgər biz o tədbirdə iştirak etməsəydik, o zaman ermənilər həmin qondarma respublikanı müstəqil qurum kimi tanıtdırmağa çalışacaqdılar.

Sonra biz başqa vacib məsələlər ətrafında müzakirələr apardıq. Mən ölkəmizdə QHT-lərin durumu ilə bağlı faktları çatdırdım. Bildirdim ki, son 4 ildə 10 milyon dollardan artıq pul dövlət tərəfindən QHT-lərə ayrılıb və əslində, bu rəqəm Ermənistan üçün olduqca böyükdür. Yoxsulluğun səviyyəsindən danışarkən isə Azərbaycanda bu rəqəmin 2001-ci ildə 49% olduğunu, amma 2011-ci il statistikasına görə isə 7,1% həddinə düşdüyünü bildirdim. Ermənistanda isə rəsmi rəqəmlərə görə, yoxsulluq həddi 36%, qeyri-rəsmi faktlara görə isə 48% təşkil edir. Rövşən Rzayev isə çıxışında ölkəmizdə gender probleminin olmaması, deputatlarımızdan 20-nin, bələdiyyə üzvlərindən 42%-nin qadın olduğunu bildirdi. Ümumiyyətlə, biz burda çox aktiv iştirak etdik.

Ermənistanda olduğumuz müddətdə təxribat xarakterli bəzi hadisələr də oldu. Məsələn, təklif etdilər ki, "soyqırım" abidəsini ziyarət edək, amma biz buna razılıq vermədik. Hətta Bakıda olarkən məktub da yazmışdıq. Bizim bu etirazımızı erməni mətbuatı "Azərbaycanlı deputatlar soyqırımı boykot etdilər" başlığı altında işıqlandırdı. Biz orda Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdük. Media üçün qapalı olan tədbirdə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırdıq. O görüşdə bir daha bizə bəlli oldu ki, Sarkisyan konstruktiv dialoqa hazır deyil, onun tutduğu mövqe Qarabağ münaqişəsinin dinc yolla həllində ciddi irəliləyişə ümid vermir.

-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi bəllidir. Bəs İrəvandakı tədbirə qatılan avropalı parlamentarilərin məsələyə münasibəti necədir?

-Bununla bağlı bəzi ziddiyyətli məqamlar oldu. Məlumat üçün bildirim ki, bizim Sarkisyanla görüşümüzdə litvalı deputat xanım Vaydneri Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk sözə başlayan şəxs oldu. O, Sarkisyana sual verdi ki, "məni narahat edən ən əsas insan hüquqları məsələsidir. Azərbaycanda öz yurdundan qovulan 1 milyon adam var, onların hüquqları nə vaxt bərpa olunacaq?". Lakin Sarkisyan bu suala cavab verməkdən yayındı. Biz də bu məsələ ilə bağlı mövqeyimizi ortaya qoyduq. Hətta bəzi deputatlar yaxınlaşıb cəsarətimizi alqışlayırdılar. Amma Moldova deputatının çıxışı məni üzdü. Baxmayaraq ki, o ölkə də ərazi bütövlüyü problemi ilə üz-üzədir. Amma o deputat da ermənilər kimi Qarabağla bağlı müzakirələrin burada aparılmasına qarşı çıxdı. Burada Gürcüstanın mövqeyi bəlli olmadı, Ukrayna isə çox dəqiq və sərrast mövqe nümayiş etdirdi. Hesab edirəm ki, Dağlıq Qarabağ həqiqətlərini artıq Avropa bilir.

- Ermənistanda mövcud vəziyyəti real qiymətləndirə və konstruktiv dialoqa hazır ola biləcək şəxslərlə qarşılaşdınızmı?

-Sizə deyim ki, mən orda olduğum müddətdə görüşdüyüm insanlar arasında deputatlarla yanaşı, QHT, vətəndaş cəmiyyəti nümayəndələri də var idi. Onlar ictimai formada açıq danışmaq istəmirlər. Bəziləri ehtiyat edir və ya qorxurlar. Digər bir qismi isə açıq danışmaq istəyir, amma, siyasi meyillilikləri buna imkan vermir. Onu da deyim ki, bu gün Ermənistanda iki qrup var: Qarabağ erməniləri və yerli ermənilər. Birinci qrup çox aqressivdir və onlar separatçı mövqedən çıxış edirlər. Amma Ermənistan erməniləri bu məsələdə daha təmkinlidir. Onlar da anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər. Bizim onlara verdiyimiz təklifləri çox maraqla qarşılayırdılar. Məsələn, Qarabağ münaqişəsi həll olunacağı tarixdə perspektivdə "Nabukko" kimi iri layihələrin Ermənistandan keçə biləcəyi ehtimalını onlara deyəndə təəccüblənirdilər.

-Sizin Ermənistan səfəriniz Moskvada azərbaycanlı-erməni ziyalıları arasında keçirilən görüş ərəfəsinə düşdü. Belə ziyalı görüşlərinə və ümumiyyətlə, xalq diplomatiyasına necə yanaşırsınız?

- Bilirsiniz, xalq diplomatiyası bir az konkretləşməlidir. Hesab edirəm ki, Ermənistanla bütün əlaqələr yalnız o zaman qəbul oluna bilər ki, onlar münaqişənin nəticələrinin aradan qaldırılmasına öz töhfəsini versin. Bu fikri 10 il öncə də demişəm, indi də təkrar edirəm. Bu qəbildən olan görüşlərin çox böyük xeyri var. Onsuz da ermənilərin nə fikirləşdiyini bilirik.

İrəvana getməklə də biz bir daha öz mövqeyimizi nümayiş etdiririk. Bir daha göstərdik ki, Azərbaycan mövqelərindən geri çəkilən deyil və ərazilərini də heç kimə güzəştə getməyəcək. Həmçinin bildirdik ki, Dağlıq Qarabağa Azərbaycan ərazisi kimi muxtariyyət verildikdən sonra rəsmi Bakı ora hər cür yardım göstərməyə hazırdır. Onlar da etiraf edirlər ki, müharibə istəmirlər. Mən də dedim ki, biz də müharibə istəmirik. Amma yaxşı yadda saxlayın ki, siz bu torpaqları sülh yolu ilə almamısınız. Ermənilər də, biz də istəyirik ki, məsələ gələcək nəsillərin öhtəsinə düşməsin. Bunun bir həll yolu var o da Azərbaycanın ərazi bütövlüyüdür. Əgər ziyalılar da belə formatda görüşəcəklərsə, onu qəbul etmək olar.

-Apreldə erməni parlamentariləri də bura gələcək. Düşmən də olsalar qapımıza gələcəklər. Azərbaycan onları yüksək səviyyədə qarşılamağa hazırdırmı?

-Aprelin 2-4 tarixlərində Bakıda keçiriləcək "Avronest" Parlament Assambleyasının sessiyasında iştirak edəcək erməni deputatlarına təhlükəsizlik təminatı verilib. Biz də onlardan fərqli olaraq mikrafonlar da söndürülməyəcək. Digər tərəfdən biz Ermənistanda yalnız həqiqətləri demişik. Onlar da Bakıda həqiqəti deyəcəklərsə, buyursunlar. Həmçinin ermənilər bu səfər zamanı bir daha Azərbaycanın necə inkişaf etdiyinin şahidi olacaqlar.

Müsahibəni aldı: Rasim BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs