news Image
2014.06.03
15:10
| A A A
Aktyordan "AZDRAMA" rəhbərliyinə şok ittihamlar !
S. Rüstəmov: “Onlar bilmir ki, teatrın məndən aldığı 250 AZN ilə mən kirayə haqqımı verirdim”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (AZDRAMA) rəhbərliyi ilə aktyorlar arasında yaranan narazılıq yenidən gündəmə gəlib. Movqe.az xəbər verir ki, teatrın direktoru ilə daha bir aktyoru Sərdar Rüstəmov arasında qalmaqal yaranıb. Movqe.az aktyorun giley-güzar dolu, müsahibəsini təqdim edir.

-Deyəsən bu dəfə şikayətçi olaraq redaksiyamıza təşrif buyurmusunuz.

- Bu müsahibəni bir il öncə verəcəkdim. Amma etmədim. Çünki teatrımızın direktoru İsrafil İsrafilov mənə söz vermişdi ki, əsas heyətdə olacaqsan, sənə rol veriləcək. Mənə söz vermişdi ki, sən işə götürüləcəksən. Üstündən bir il keçdi, ancaq o vədəsinə əməl etmədi və bu dəfə mən sizi aramalı oldum. Sözün düzü bu ilin fevral ayında mənə söz verilmişdi ki, mənimlə müqavilə bağlanacaq. Amma yenə qeyri-müəyyən səbəblər üzərindən müqavilə bağlanmadı.

-Necə yəni qeyri-müəyyən səbəblər ?

- Deməli günlərin bir günü qarşıma teatrın truppa rəhbəri Elnur Məmmədov belə bir sənəd qoydu ki, teatrın yardımçı heyətinə aktyor kimi qəbul olunmağım üçün imza qoymalıydım. Məvacibim də çox az idi.

- Nə qədər az?

- Əvvəl 250 AZN alırdımsa, indi heç onun yarsı qədər almayacaqdım. Dəqiq rəqəmi xatırlamıram.

-Siz köməkçi heyətdə olmağa razılaşmadınız?

- Mən dedim ki, Elnur mən əsas heyətin aktyoruyam. Burada çıxış etməyəcəm. Mən dedim ki, siz yaxşı bilirsiniz ki, mən teatrda hansı rolları oynamışam və kimin tələbəsiyəm. Ancaq başa düşdüm ki, artıq məsələ həll olunub və Elnura tapşırılıb. Dedim ki, mən mastovkaya çıxmayacam, epizodik rol oynamayacam, yəni kiçik rollarla tamaşaçı qarşısına çıxmayacağam. Düzdü rolun böyüyü kiçiyi yoxdu. Amma aktyora 2 əsas rol, 2 epizodik rol veriləndə bu normaldı. Planlaşdırma olmalıdır.

- Siz deyəsən sonra Mehriban Ələkbərzadənin tamaşasında rol almışdınız axı…

- Mən özüm xahiş etmişdim. Həmin tamaşada Mətləb Abdullayev rolundan imtina etmişdi. Mən bir xarakter tapmışdım o xarakter M. Ələkbərzadəni qane etmədiyi üçün aramızda anlaşılmamazlıq yaranmışdı. Tamaşanın daxili baxışında Afaq Məsud, Məryəm Əlizadə kimi mütəxəssislər məni təriflədi. Ancaq əsl baxış günü mən roldan çıxanda məni tərifləyən şəxslər mənimlə maraqlanmadılar. Mehriban xanım mənə deyirdi ki, çıx "tekst"i əzbər de, düş aşağı mən dediyim kimi oyna. Amma mən hiss etdiklərimi də göstərmək istəyirdim. Nəysə, uzun sözün qısası öz dilimin bəlasına düşdüm. Həmin tamaşada tərslik edib, oynamadım. Sənət güzəşti sevmir. Ancaq Elnur baxış günü dedi ki, çıx oyna. Hətta, mənim tərəfimi də saxladı. Ancaq yenə sözümdən dönmədim.

- Ondan sonra sizinlə heç müqavilə bağlamayıblar?

- Dedilər ki, sən heç yardımçı heyətdə də yoxsan. Aşağıdan da aşağı... Mənim həyatım Hamletin saraydakı vəziyyətidir. Teatrda mənə yaxın olan aktyor dostlarımı da uzaqlaşdırdılar. Mən sadəcə teatra heykəl kimi gəlib, bufetdə otura bilərəm. Halbuki mənim həyatım AZDRAMA-da keçib. Sadəcə mənimlə oyun oynadılar. Mənim danışmayacağım şeyləri gedib, dilimdən İsrafil müəllimə xəbərlədilər. Arada gəzən insanlar özləri qiybət edib, sonra mənim adımdan ona dedilər. Halbuki, mən həmişə demişəm ki, İsrafil müəllim həci adamdı, o belə deməz, elə eləməz. Ancaq İsrafil müəllim məni teatrdan uzaqlaşdırdı.

- Danışdığınızdan belə başa düşürəm ki, demək istəyirsiniz ki, rəhbərlik tərəfindən sizə qarşı qərəzli mövqe var. Səbəb nədir ? Səbabkar kimdir?

- Mənə elə rollar deyirlər ki, mən o rolların aktyoru deyiləm. Teatrda hər aktyorun öz ampulası var. Teatrda mənim əvəzimə elə insanları gətirdilər ki, heç mənlə müqayisə olunmazdı. Tamaşaçılar azdan-çox məni həm aktyor, həm qiraətçi kimi tanıyır. Səbəb və səbəbkar bilmirəm. Sadəcə məni uzaqlaşdırmaq üçün qurulmuş oyunun qurbanı oldum. Bəlkə də əvvəldən gedənlər arasında mənim də adım var imiş.

- Bəs bu müsahibəni verirsiniz, sonra qorxmursunuz ki, sizə ümumiyyətlə iş verilməz?

- Qorxmuram. Bəli, ola bilər o məni ştatda heç işə götürməsin. Ancaq bu ölkənin məsul şəxsləri, aidiyyatı qurumları var. Onlar biz aktyorların taleyi ilə də maraqlanmalıdırlar. Biz xalqa qulluq edirik. Çünki istedadlı aktyorlar bu gün az qalıb. Bu gün mən sinəmə döyüb, deyirəmsə mən bugün Azərbaycan səhnəsinin Hamletiyəm, bunu yoxlamaq lazımdır. Mənə qarşı düşmənçilik siyasəti aparılır. Niyə bilmirəm...

-Teatrdan neçə il olar məvacib almırsınız ?

- 3 il olar. (xidməti müqavilə ilə işlədiyim dövrü hesab etmirəm-red) Mən bir aktyor kimi AZDRAMA-da doğulmuşam. Bəzilərindən fərqli olaraq mən başqa teatrda doğulub, AZDRAMA-ya gəlməmişəm. Aktyor hər bir teatrda işləməyi bacarmalıdır. Amma fakt odur ki, mən 17 yaşından orada işləmişəm.

- Bizim vasitəmizlə siz sanki İsrafil müəllimə bir mesaj yollayırsınız.

- Mən onu bir neçə dəfə teatrın qarşısında görmüşəm. Yaxınlaşmışam, xahişimi etmişəm. Sadəcə yenə demək istəyirəm ki, mənlə belə ədalətsiz oyun aparılır. O da bunu başa düşsün və düzgün qərar versin. İşə ehtiyacım var. Mən istedadlı aktyoram. Özümə güvənirəm.

- Bəs indi nə ilə dolanırsınız. Dediz ki, teatrdan da məvacib almırsınız.

- Arabir dublyaja gedirəm. Arabir çəkilişlərdə oluram. Belə deyək hər halda onlar bilmir ki, teatrın məndən aldığı 250 AZN ilə mən kirayə haqqımı verirdim. Onu məndən aldılar. Bu şəriətə zidd olan hərəkətdi. Mənə insan kimi başa salaydılar ki, hansı qaydalar var, nəyi etmək olar, nəyi etmək olmaz.

Məsələdə obyektivliyi qorumaq üçün qarşı tərəfində fikrini öyrənməyə çalışdıq. Lakin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Bakıda olmadığı üçün teatrın mətbuat xidməti Elçin Cəfərovla əlaqə saxladıq. Elçin Cəfərov məsələyə yalnız rəhbərliyin doğru-dürüst məlumat verəcəyini bildirdi. Və qeyd etdi ki, Sərdar Rüstəmov hal-hazırda teatrda müxtəlif rollarda çıxış edir: "Sərdar bəy nə deyibsə öz şəxsi fikirləridir, hörmətlə yanaşırıq. Əsas heyətdə olmasa da aktyorun köməkçi heyətində bəzi rolları var".






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs