Əlaqə Arxiv
news Image
2014.06.05
13:45
| A A A
"Qızım özünə od vurub yandırdıqdan sonra, mən kimisə öldürmək istəyirdim, o günahsız uşağı öldürdüm"
-Ona hamı burda güzəşt edir. Lazım deyil, danışdırıb dərdini təzələməyin. Siz allah qaysaq bağlamış yarasını qanatmayın.

-Danışanda niyə pis olur ki?

-Ay qızım siz bilmirsiniz onun başına nələr gəlib. Bu cəzaçəkmə müəssisəsində ən acı taleyi olan qadınlardan biridi.

-Bəlkə siz danışasınız onun taleyi barədə.

-Yox, yox ay qızım mən elə özünün danışdıqlarından eşitmişəm.

-Onda özünə yaxınlaşım bəlkə danışdı bizimlə.

4 saylı cəzaçəkmə müəssisəsində bu kiçik dialoqdan sonra küncə çəkilib gözlərini bir nöqtəyə zilləyən yaşlı qadının taleyini, onu dəmir barmaqlıqlar arasına salan həyat hekayəsini yazmaq üçün jurnalist marağım birə-beş artdı. Cəhdim uğursuz alınmadı.  Beləcə Movqe.az-ın "Məhkumələr"rubrikasında

qaynının nəvəsini öldürməkdə ittiham olunan Xocavənd rayon sakini Bəhramova İranə Xanəli qızının acı həyat hekayətini təqdim edirik.

-Niyə burda təkcə dayanmısınız?

-Neyniyim eləcə dayanmışam.

-Elə bil kimisə gözləyirsiniz.

-Hə.

-Kimi?

-Onsuz da gəlməyəcək.

-Kim gəlməyəcək?

-Qızım.

-Hardadır ki?

-Haqq dünyasında.

-Niyə dünyasını dəyişib?

-Canına qıydı, özünü öldürdü.

-Bəs siz niyə bura düşmüsünüz?

-Elə onun üzündən.

-Kimin, qızınızın?

-Hə.

-Ay nənə necə oldu ki? 

-Qızım birini sevirdi. Amma ailəsi alınmadı. Özünə od vurub yandırdı. Dedi bir adım iki oldu. Daha yaşamağın mənası yoxdur. Odladı özünü. Onun alov bürümüş cəsədi bu gün də gözümün qabağındadır. O öləndən sonra hər gün gözümün qabağında alov, onun od tutmuş vücudunu görürdüm. İlinə yaxınlaşmağa az qalmış mən bir cinayətə əl atdım. Özümü idarə edə bilmirdim. Mən də kimisə öldürmək istəyirdim. Elə qəfil qaynımın nəvəsi gəldi bizə. Onu öldürdüm.

-Uşağı niyə öldürdünüz ki? Ailəsi ilə düşmənçilik vardı aranızda?

-Yox ay bala nə düşmənçilik. Uşaq hər gün bizə gələn, qapıda oynayan uşaq idi. Qəfil onu öldürmək gəldi beynimə. Öldürdüm də.

-Nəylə öldürdünüz uşağı?

-Bilmirəm yadımda deyil. Bir onu bilirəm ki, öldürdüm körpəni. 

-Neçə yaşı vardı uşağın?

-6 yaşı vardı günahsız, məsumun.

-Ailəsi bu cinayəti bilməyərəkdən törətdiyinizi başa düşdü?

-Onlar üçün nə fərqi vardı ki? Zəlzələdən, vəlvələdən uşaqları ölmüşdü. Və mən də qatil idim. Balaca uşağı həyatdan edən, onun kiçicik gözlərini bu həyata əbədi yummağa məcbur edən qatil.

-Ay nənə sizin üçün bütün bunları danışmağın necə ağır olduğunu görürəm...

-Mən də günahımı başa düşürəm. Amma inanın bu əməli necə törətmişəm, bilmirəm. Sadəcə birini öldürməli idim, o uşağı öldürdüm. Mən qızım özünü oddayıb yandırdıqdan sonra bi vəziyyətə düşdüm.

-Sizin neçə övladınız var?

-6 uşaqdan sonuncusu qız idi.Qalanları evlənmişdilər. 

-Qızınız neçə yaşında canına qıydı?

-24 yaşı vardı.

-Sizin neçə yaşınız var?

-65.

-Neçə ildir ki, buradasınız?

-15 il həbs veriblər. 8 ildir ki, burdayam.

-Allah qapınızı açsın. Ömrününün ixtiyar çağında məhbəs həyatı yaşamaq çətindir...

-Yaşlanmışam. Amma cəzamdır çəkirəm. Necə baş verdiyini bu günə kimi dərk edə bilmədiyim, səbəbsiz yerə törətdiyim cəzamı.

-Sizcə o uşağın ailəsi sizi bağışlamazmı? Vəziyyətinizi düşünüb.

-Necə bağışlasınlar. Körpə balalarını öldürmüşəm. Bircə istəyirəm ki, başa düşsünlər ki, o uşağı niyə öldürmüşəm, necə öldürmüşəm bilmirəm. Özümdə olmamışam bu əməli törədəndə. Yoxsa mənə heç bir zərəri toxunmayan balaca bir uşağa niyə qıyım ki?


 

 


   

Sizin Reklam Yeriniz