news Image
2014.07.03
11:24
| A A A
"Yanğım, sevgim yenə əvvəlki kimidir, tükənməyib"- Amaliya Pənahova
"Gözləmirdim ki, mənim estetik əməliyyatım bu qədər qalmaqala səbəb olar" 


Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, xalq artisti Amaliya Pənahova "Kaspi" qəzetinə müsahibə verib. Mövqe.az həmin müsahibəni təqdim edir: 

- Xarici rejissorla işlədiyiniz "Qadın oyunları" tamaşasını Azərbaycan teatrında oynamaq imkanı varmı?

- Əlbəttə. Binamız təmirdədir, tamaşa göstərmək üçün teatrımız demək olar ki, yarasız vəziyyətdədir. Bu gün teatrlarımız təmir olunaraq gözəl görünüşə sahib olub. Ən yüksək texnologiyalarla təchiz olunan teatrlarımızda gözəl ab-hava var. Ayda iki tamaşa göstərmək üçün icarə ilə də olsa, teatr rəhbərlərindən xahiş edəcəyik ki, bizə şərait yaratsınlar ki, tamaşalarımızı nümayiş etdirə bilək. 

- 23 ildir fəaliyyət göstərən Bakı Bələdiyyə Teatrındakı şəraitsizlikdən uzun müddətdir ki, şikayətlənirsiniz. Bir dəyişiklik varmı?

- Təəssüf hissi ilə qeyd edirəm ki, bu şəraitdə işləmək çox çətindir. Amma biz yerimizdə dayanmırıq. Daima yeni tamaşalar hazırlayırıq. Binası olmayan teatrın səhnəsində tamaşa göstərilməsə də, o yaşayır. Bu şəkildə işləmək bizə çətindir. Teatr rəhbərlərinə müraciət edirik ki, bir günlük tamaşa göstərmək üçün bizə səhnələrini versinlər. Onlar da deyirlər ki, səhnəmiz boş deyil. Mən bir tərəfdən teatr rəhbərlərinə haqq qazandırıram. Ancaq digər tərəfdən düşünürəm ki, onlar bizə paxıllıq edirlər. Çünki bizim tamaşalarımızın səviyyəsi çox yüksəkdir. Bu baxımdan, teatr rəhbərlərində tamaşaçı alqışlarının qısqanclığını görürəm. Necə ola bilər ki, hər gün teatrın səhnəsi dolu olsun? Bu, yalan söhbətdir. Demək ki, onlar səhnəni bizə vermək istəmirlər. Ancaq neyləyək, teatrın sahibi onlardır. 

- Amaliya xanım, çəkildiyiniz filmlər indi də sevilir və izlənilir. Bu gün sizi filmlərdə çox az görürük. Qorxursunuz ki, insanların beynində formalaşan Amaliya Pənahova sehri dağılar, yoxsa başqa bir səbəb var?

- Tamaşaçılar elə düşünməsinlər ki, seriallara və filmlərə çəkilmirəm. Ötən il "Məhkumlar" teleserialının 8 seriyasına çəkildim. "Mosfilm"də 62 seriyaya çəkildim. İki il bundan öncə "Cavad xan" filmində rol aldım. İndi filmə çəkilmək üçün gərək məndə maraq yaransın. Mən qorxmuram ki, insanların beynində formalaşan həmin o obraz, sizin dillə desək, sehr dağılar. İstəyirəm ki, indiyə kimi tikdiyim o sənət hasarının üzərinə yeni bir kərpic əlavə edə bilim. Ancaq eyni yerdə deyil, bu dəfə fərqli bir yerdə kök salım.

- Adınıza uyğun "Amalfilm" studiyasını yaratmaqda məqsədiniz nə idi? Filmlərimizin qənaətbəxş olmadığını görüb belə bir fikrə gəldiniz, yoxsa burda başqa səbəblər var?

- Deməzdim ki, filmlərimiz qənaətbəxş deyil. Son zamanlar kinemoteqrafiya sahəsində dirçəlişi görməmək qeyri-mümkündür. Gənclərimizin filmləri festivallarda nümayiş olunur, müxtəlif mükafatlarla təltif edilir. Bu gün Azərbaycan filmi dünyanın diqqət mərkəzindədir. Bazar iqtisadiyyatında bir çox filmlər kommersiya məqsədi ilə çəkilir. Ola bilsin ki, elə filmlər məni qane etmir. Vaxtilə mən bir çox televiziya tamaşalarına çəkilirdim. Uzun bir müddət keçəndən sonra gördüm ki, bu sahədə rejissorlar məni qane etmir. O zaman məcbur olub, özüm televiziya filmləri çəkdim. Beləcə, "Sənsiz" (2 seriya), "Mənim günahım" (2 seriya) və "Təkan"ı (2 seriya) çəkdim və özüm də orada baş rolda çıxış etdim. "Amalfilm" studiyasının əsas məqsədi odur ki, Azərbaycanımıza xarici şirkətlər cəlb etsin. Bu gün bizdə böyük yaradıcılıq işiləri aprılır, Hollivudla danışıqlarımız gedir. Onlardan bir neçə sifarişimiz var. Azərbaycanımızı sevdirməyə çalışıram ki, onlar gəlib vətənimizin gözəl yerlərini çəkib dünyaya tanıtsınlar. Məşhur rejissor Kşiştov Zanussi ilə müştərək iş aparmaq istəyirik. Planlarımız çoxdur. Bunların nə dərəcədə reallaşacağını bilmirəm. Çünki hər şey madiyyatdan asılıdır. Gərək hər iki tərəf maddi baxımdan razı olsun.

- Sizi Azərbaycan tamaşaçısına ilk sevdirən "Sən həmişə mənimləsən" tamaşası olub. Həmin tamaşaya yenidən qayıtmaq və ya onu yenidən çəkmək istərdinizmi?

- Bu, bir az utopiyaya bənzəyir. Çünki 18 yaşında qızın obrazını səhnədə ifa etmək bu gün bizə lazımdırmı? Bizim çox gözəl istedadlı gənclərimiz var ki, onlar bu obrazın öhdəsindən mükəmməl gələrlər. Amma vaxtilə Sara Bernar 12 yaşlı Janna Darkın obrazını canlandırıb. O zaman onun 70 yaşı vardı. Elə imkanlar da yox idi ki, özünü qrim ilə cavanlaşdırsın. Amma səhnədə elə oynadı ki, bədxahları da onu alqışladı. Sənətkar hər bir obrazın öhdəsindən gələ bilər. Ancaq bu mənim üçün maraq kəsb etmir. "Sən həmişə mənimləsən" tamaşasındakı Nargilə obrazı mənim üçün əfsanəyə çevrilmiş ifalardandır. Ancaq təəssüflər olsun ki, teatrlar bu əsərə müraciət edəndə heç kim mənim oynadığım obrazın yerini vermir. İstərdim ki, bu obrazım tamaşaçıların hafizəsində, yaddaşında bir əfsanə kimi qalsın. 

- Səhnəyə ilk dəfə çıxan Amaliya ilə indiki Amaliya xanım arasında nə kimi fərq var?

- Sözsüz ki, indi mənim təcrübəm daha çoxdur, dünyagörüşüm də genişdir. Bu gün sənəti daha yaxşı başa düşürəm, anlayıram, ancaq sənətimə olan yanğım, sevgim yenə əvvəlki kimidir, tükənməyib. 

- Amaliya xanım, tamaşaçı alqışını başqa bir şeylə əvəz etmək mümkündürmü?

- Əsla. Bəlkə mən nadir, xoşbəxt sənətkarlardanam ki, 50 ildir gündəmdəyəm və tamaşaçıların maraq dairəsindəyəm. Bu gün də mənim hər hansı bir çıxışıma münasibət bildirirlər. Bu, çox yaxşı haldır. Sözümü yaxşı yerə də yozublar, pis yerə də. Son zamanlar görkəmimlə də bağlı yazılar dərc olunur və hər kəsin müzakirəsinə səbəb olur. Görkəmimi dəyişməyimə səbəb çəkilişlə bağlı idi. İnsanları başa sala bilmirdim ki, mən aktrisayam. Bu kimi xəbərləri oxuyanda mənə pis təsir edir. Mən sənətkaram. Həsən Məmmədovun çox erkən saçları ağardı. Ancaq bir gün filmə çəkiləndə gördüm ki, saçları xınalıdır. Hamı təəccübləndi. Bir neçə müddətdən sonra aydın oldu ki, o, "İstintaq" filminə çəkilirmiş. Həmin filmdə ona lazım idi ki, saçı qara olsun. O zaman onu heç kim suçlamadı. Çünki həmin ərəfələrdə etika, müəyyən bir çərçivə var idi. Heç kimin ağlına gəlmədi ki, bunu mətbuata çıxarsın. Ancaq mənim stilimin dəyişməyi böyük bir qalmaqala çevrildi. Bu gün müəllimdən tutmuş yüksək rütbəli məmurlara qədər, çoxları əməliyyatla məşğuldur. Tamaşaçılarda ikrah hissi yaratmamaq üçün aktrisa özünü səliqəyə salmalıdır. 

- Sizin heç bir əməliyyata ehtiyacınız yoxdur. Hər yaşın öz gözəlliyi var. Siz bu yaşda da çox gözəlsiniz. Bəlkə ona görə hamı sizin əməliyyata ehtiyacınız olmadığını deyib?

- Təşəkkür edirəm. Mən elə böyük bir əməliyyat da etməmişəm. Nə üzümün cizgiləri, nə də baxışlarım dəyişib. Heç zaman gözləmirdim ki, mənim estetik əməliyyatım bu qədər qalmaqala səbəb olar. Ola bilər ki, insanlar mənim belə bir cəsarətli addım atacağımı gözləmirdilər. Hər kəs mənim əvvəlki görünüşümə öyrəşmişdi deyə, bəlkə də belə reaksiya verdilər. Mən bu fikirlərdə heç də xeyirxahlıq görmədim. 

- 50 il səhnədə tamaşaçıların sevgisini qazanmaq heç də asan iş deyil. Həyatınız, yaradıcılıq yolunuz haqda film, yaxud da tamaşa hazırlamağı düşünürsünüzmü?

- Mənim həyatım elə çətin və keşməkeşli olmayıb. Ancaq sənətimdə bir sıra çətinliklər yaşamışam. Eyni vaxtda filmə çəkilirdim, həmin ərəfədə övladlarımı dünyaya gətirirdim, televiziya verilişlərinə çəkilirdim, teatrda obrazlar canlandırırdım. Bunların hamısını çatdırmaq sizə heç də asan gəlməsin. 15 yaşımdan eyni vaxtda bir neçə işi birdən görürdüm. Ötən gün də bir tamaşanı beş dəfə təkrar-təkrar məşq etdim. Hər kəs yoruldu, ancaq mən yorulmadım. O əzmkar xasiyyətim hələ indi də qalıb. İndi də öz üzərimdə məsuliyyət hiss edirəm. Xarici rejissorlarla çalışıram. Bilmək istəyirəm onlarda nə fərq var. Bəlkə biz geridə qalmışıq. Görürəm ki, elə sənət sənətdir. Bizə dəstək duran, şərait yaradan, etibar edən lazımdır. Sovet dövründə gənc istedadlı rejissorları xaricdə təcrübə keçməyə göndərirdilər. İndi bunların heç biri yoxdur.

- Başqa bir teatrın rəhbərliyi tərəfindən sizə baş rol təklifi gəlsə, razılıq verərsinizmi?

- Hər zaman digər teatrların rəhbərləri tərəfindən dəvətlər alıram. Rəhmətlik Bəxtiyar Vahabzadə məndən incidi ki, nə üçün onun əsərində oynamadım. Akademik Milli Dram Teatrından mənə dəfələrlə təklif gəlib. Amma mən ancaq öz teatrımın səhnəsində özümü görə bilirəm, başqa teatrın səhnəsində heç zaman çıxış etmərəm. Əgər dramaturq istəyirsə ki, mən onun əsərində baş qəhrəman olum, gəlsin mənim teatrımda işləsin. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs