Əlaqə Arxiv
news Image
2014.09.18
19:20
| A A A
İlqar Mikayıloğlunun "Topaz" hekayəsi yalan çıxdı –Sənədlərlə sübut olundu!






ANS telekanalından yaxşı tanıdığımız eləcə də "Bakı FK" və PFL-in mətbuat xidmətində çalışan Asif Bağırov hal-hazırda Həzi Aslanov metrosunun çıxışında yerləşən "Topaz" məntəqələrindən birini işlədir. Tanınmış telejurnalist illər öncə həmin "Topaz" məntəqəsini əlavə gəlir mənbəyi kimi açsa da, indi əsas gəlir mənbəyinə və iş yerinə çevrilib. Bir neçə gün öncə yerli mətbuatda sözügedən məkanın Asif Bağırova deyil, məhz aparıcı İlqar Mikayıloğluna məxsusluğu barədə gizli araşdırmalar, əsassız xəbərlər yazılmışdı. Mövqe.az saytının əməkdaşı məkanın əsl sahibi Asif Bağırovla görüşüb. Sözügedən məkanda çəkiliş aparmağımıza icazə verən keçmiş futbol şərhçisi, hətta məkanın ona məxsusluğunu sübut edəcək sənədləri də ilk dəfə üzə çıxardıb. Beləliklə də, "Topaz" məntəqəsinin ailəvi dostu İ. Mikayıloğluna yox, ona məxsusluğunu sübut edən Asif Bağırovun Mövqe.az-a verdiyi müsahibəni və sənədlərin şəkillərini sizə təqdim edirik:

Uzun müddətdir görünmürsüz. Səbəb nədir ?

- Bir il Şəkidə "Kanal S" Regional Televiziyasında fəaliyyət göstərirdim. Ötən ilin may ayının 31-də müqaviləm başa çatdı və Bakıya qayıtdım. Orada xəbərlərin direktoru idim.

Bəs indi nə işlə məşğulsunuz ?

Hazırda "Topaz" məntəqəm var və gördüyünüz kimi burda çalışıram. Bu məntəqə mən orada işləyən zamanda fəaliyyət göstərirdi, sadəcə işçim burada çalışırdı. Mən isə oradan nəzarət edirdim.

Uzun müddət ANS telekanalında da fəaliyyət göstərmisiniz. Orada da fəaliyyət göstərəndə bu məntəqəniz var idi ?

- Yox, mən ANS-dən 2008-ci ilin oktyabr ayında çıxmışam. "Topaz" şəbəkəsi isə 2011-ci ilin yanvarın 18-də fəaliyyətə başlayıb. Və elə həmin gün də bu obyektim açıldı.

ANS-dən niyə çıxdınız ?

- O vaxt 2008-ci ildə Peşəkar Futbol Liqası (PFL) yaranmışdı. Bir tanışım xahiş etdi ki, PFL-ə video-operator lazımdır. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə münasibətlərim yaxşı idi. Ondan soruşdum ki, belə məsələ eşitmişəm, düzdü? O mənə bildirdi ki, mənə mətbuat xidmətinin rəhbəri lazımdı. Dedim, Ramin müəllim, bunu təklif kimi qəbul edə bilərəm. Onun cavabı isə "Fikirləş" oldu. Mən də fikirləşdim, götür-qoy etdim, razılaşdım. Ramin müəllimlə görüşdük və məsələnin detallarını həll etdik. Maraqlı təklif olduğu üçün də qəbul etdim. 2008-ci ilin oktyabr ayından PFL-in mətbuat xidmətinin rəhbəri idim.

Bəs "TOPAZ"a meyl necə yarandı ?

2010-cu ilin avqust ayından işsiz idim. Həqiqətən... Ailəmizin dolanışığı valideynlərimin təqaüdündən asılı qalmışdı.  İş axtarırdım. Daha doğrusu çalışırdım ki, iş məni axtarsın. Hələ "Bakı" Futbol Klubunda çalışanda buranın əsası qoyulmuşdu. Hələ 2010-cu ildə mən buranı təmir elətdirmişdim. Və gözləyirdim ki, bu məkan nə vaxt açılacaq. 2011-ci ilin yanvarında axır ki, "Topaz" işə salındı. Mən "Topaz"ı əlavə gəlir mənbəyi kimi hesab edirdim. Çünki bura açılanda mən "Bakı" Futbol Klubunda mətbuat xidmətinin rəhbəri idim.

- Yəqin ki, mətbuatda son günlər məhz bu "Topaz" şəbəkəsinin sizə yox, dostunuz aparıcı İlqar Mikayıloğluna məxsus olduğu barədə xəbərləri oxumusunuz. Münasibətinizi bilmək istərdim.

- Bilirsiniz necədir, mən səhər 10-nun yarısından gəlirəm bura və gecə saat 12-də evə gedirəm. 22 illik dostum İlqar Mikayıloğlunun bura gəlməsində qəribə nə var ki? Əgər bizim görüşmək üçün başqa yerimiz və vaxtımız yoxdusa, burada görüşməyimizdə nə qəbahət ola bilər? İndi siz gəlmisiniz bura, digər uşaqlıq dostlarım var, onlar da bura gəlir. Mənim imkanım olmadığı üçün digər məkanlara getməyə, onlar bura gəlirlər. Bütün sənədlər də mənim adımadır, işçini də mən işə götürmüşəm. İşçi ilə olan müqavilə də mənim adımadır. Vergimi qanuni şəkildə ödəyirəm. İşıq pulunu da mən ödəyirəm. Sosial müdafiə fonduna da pulu mən keçirirəm. Obyekt də mənim adımadır. Bütün yazılanlar da boş şeydi.( Sənədləri bir-bir bizə göstərir - red)









- Bəsdeyirlər, burada sizdən çox onu görürlər.

İstəyirsiniz siz özünüz kəşfiyyat aparın. İlqar bura gələ bilər. Çay sifariş verə bilərəm, oturub bir tikə çörək yeyə bilərik. Dərdləşə bilərik. Amma bu o demək deyil ki, "Topaz" onundur. İndi boş vaxtı çox olur. Çox sağ olsun, arada məni də yada salır.

Aydındı. Söhbətin məğzini dəyişək. İndiki idman şərhçilərindən kimləri bəyənirsiniz ?

İsmayıl Abdullayevi. Çəkinmədən deyirəm ki, İsmayılın yaxşı gələcəyi var. Nə yaşı var İsmayılın?! 30 yaşı ya olar, ya olmaz... Necə deyərlər, bizim köynəyimizdən çıxıb. Yaxşı oğlandı. Nəsə səhvləri olanda mən də ona deyirəm. Çox vaxt canlı efirdə olarkən sosial şəbəkədəki səhifəsini açıq saxlayır. Oyun gedə-gedə orada ona çox yazmışam. Necə vaxtında bizə deyiblər, mən də indi öyrəndiklərimi, bildiklərimi səhvi olanda İsmayıla deyirəm. Məsələn, son zamanlar idman şərhçilərimizdə belə tendensiya görmüşəm, onlar deyirlər ki, "hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələr", oyunun əsas vaxtına dəqiqələr əlavə edilmir. Qrammatik cəhətdən əlavə etmək və artırmaq məsdərləri sinonim olsalar da, futbolda bunlar fərqli anlayışlardır. Çünki əlavə edilmiş hissələr olur ki, onlar da 15 dəqiqə olur. Buna şərhçilər o qədər də önəm vermirlər. Bir var artırılmış dəqiqlər, bir də var, əlavə olunmuş dəqiqələr. Tamam fərqli anlam kəsb edir. Birincisi overtime, ikincisi extratime-dır. Bunları qarışdırmaq olmaz. Digər bəyəndiyim şərhçi Lider kanalında Şəmsəddin var idi. İndi bilmirəm hardadı. Onun səsinin tembrinə vurulmuşdum. Düzü paxıllıq edirdim.

Sizin də, səs tembrinizi çox bəyənirlər.

- Deyilənə görə, mənim dilim böyükdü. Uzun yox aaaa, böyük. Diliuzunluq başqa şeydi. (gülür-red). Mənə deyirdilər ki, sənin dilin böyükdü. Danışanda çox yaxşı anlaşılmadığını deyirdilər. İlk dəfədir ki, sizə deyirəm ki, kimləsə danışanda içimdə autotreninq gedir ki, "Asif, sən sakitsən, yavaş-yavaş danış".

Sizinlə müsahibəyə gəlməzdən əvvəl, barənizdə bir balaca araşdırma apardım, sizi sevənlər, tanıyanlar və kifayət qədər peşəkar şərhçi hesab edənlər var. Hətta şərhləriniz üçün darıxanlar da. Sizcə bugünkü şərhlərdə nə çatışmır ?

- Şərhçi tamaşaçını göz önünə gətirməlidir. Tamaşaçı evdə oturub, futbola qalstukla baxmır axı. Tam sərbəst şəkildə oturub futbolu izləyən tamaşaçı üçün şərhçi də şərh edən zaman həmin atmosferə girməlidir. Mən belə düşünürəm ki, bizim əksər şərhçilər futbolu şərh edərkən xəyalən qalstukdadırlar, sərbəst deyillər.

- Sünilik var bugünkü şərhlərdə ?

- Sünilik… vallah nə deyim... Amma eləsi var nəsə artıqdı, eləsi də var nəsə əksikdi. İdman Azərbaycan kanalında bir nəfər var, adı yadımda qalmır. O, hər hansı futbolçudan danışanda boyu, çəkisi, bundan əvvəl hansı komandada iştirak edib, hər şeyi deyir. İmkan olsa bəlkə anasının ayaqqabısının ölçüsünü də deyər. Nəyə, kimə lazımdı bu? Biz axı vikipediya deyilik.

- Efirə qayıtmaq barədə düşünürsünüz?

- "Qəzəlxan" filmində bir epizod var, Əliağa Vahid Həmidə Ömərovaya deyir ki, adamın sənin kimi bir arvadı ola və belə bir cavab alır; alsan, niyə gəlmirəm... Bilirsiniz necədir, konkret təklif olanda o zaman danışmaq daha yaxşı olar. Əgər Şəkidən təklif olanda, mən Şəkiyə gedib, həmin təklifi dəyərləndirmişəmsə, niyə Bakıdan təklif olsa dəyərləndirməyim ki ?

- Demək istəyirsiniz təklif yoxdu ?

- Bəli, təklif yoxdu. Hamı da deyir ki, sənin kimi peşəkar necə belə qalıb. Bir nəfər də demir ki, Asif, bəlkə gələsən. Tam səmimi deyirəm. 20 il yerli və xarici mətbuatda olmuşam. Təvazökarlıqdan uzaq olsa da özümü peşəkar saymıram. Amma dünənki müxbir və müxbirələrdən az bilmirəm, qələmim də pis deyil. Bununla belə təklif yoxdu.

Yaxşı bəs sizcə niyə təklif yoxdu ?

Reallıq ondadır ki, kimsə təklif etsə, şərtləri mən diktə edəcəm. Söhbətin maliyyə tərəfini mən deyəcəm. Mən kiminsə qapısını döysəm, deyəcəklər ki, 300 AZN əmək haqqı verirəm. Təbii ki, 300 AZN-ə işləmək real deyil. Mənə təklif gəlsə misal üçün deyəcəm 1000 AZN, onlara da bu sərf etməyəcək. Düşünəcəklər ki, Asifə 1000 AZN verməkdənsə üç nəfəri işlədə bilərəm. Təbii, keyfiyyət elə olmayacaq. Yəqin ki, hər şeyin əsasında maliyyə dayanır.

















Sizin Reklam Yeriniz