Əlaqə Arxiv
news Image
2015.04.06
11:00
| A A A
Eduard Məmmədov:” Uduzmağı bacara bilməyəndən idmançı olmaz”


Movqe.az saytının müsahibi" Ağ canavar" ləqəbli azərbaycanlı kikboksçu, polis mayoru, 21 qat Dünya çempionu Eduard Məmmədovdur. Məşqdə olduğuna görə görüşümüz günorta saatlarında baş tutdu. Çox yorğun olsa da, bizimlə səmimi bir söhbətə razılıq verdi.


-"Ağ canavar" ləqəbinizin tarixçəsi necədir?Bu,hər hansısa birdöyüşdən sonra verilib, yoxsa?


-Çox yaxşı qeyd etdiniz. 2002-cil ildə "ANS kuboku" yarışı keçirilmişdi. Bu yarışda hər kəsə ləqəb qoyulurdu. Kimisi "Tank", kimisi isə " Terminator" ləqəbi ilə çıxış edirdi.Mən bu yarışda bir çox güclü idmançılar –Anar Lalayev, Etibar Məmmədov, Araz Musayevlə döyüşüb, məğlub etmişdim. Araz Musayevin ləqəbi "Qara bəbir" idi. Təsəvvür edin, finalda " Ağ canavar" və "Qara bəbir" üz-üzə qarşılaşmışdı. İzləməyə gələn hər kəsə kimin qalib olacağı maraqlı idi. Bu döyüşü də mən qazandım və "ANS kuboku" yarışının qalibi oldum.  Öz müəllimim, əməkdar məşqçi Çingiz Eyvazov deyirdi ki, sənin xasiyyətin, döyüşlərdə göstərdiyin əzmkarlığın canavarı xatırladır. Buna görə də sənin ləqəbin "Ağ canavar" olsun. Bu döyüşlərdən sonra Dünya və Avropa çempionatlarına gedəndə məni peşəkar idmançı, "Ağ canavar" ləqəbli döyüşçü kimi tanıyırdılar. 


-İdmana marağınız necə yarandı?


- O vaxtlar " Jan Cloude Van Damme", " Bruce Lee" kimi aktyorların  filmləri göstərilirdi. Mən onlara baxdıqca, idmana olan həvəsim daha da artmağa başlayırdı. Öz-özümə fikirləşirdim ki, görəsən, mən də onlar kimi döyüşçü ola biləcəm? Artıq uzun bir müddətdən sonra mən anladım ki, onlar döyüşçü yox, aktyordurlar. Allaha şükürlər olsun ki, bu gün mən öz sözünü demiş, idmançılardan biriyəm. Mənim yolumu davam etdirən tələbələrim var. Onlar da mənim kimi Dünya və Avropa çempionlarıdır. Mən o zamanlar kinolara baxa-baxa idmana gəlmişəmsə, indiki gənclər artıq Olimpiya, Dünya, Avropa çempionlarımıza baxaraq, idmana olan həvəslərini artırmağa başlayırlar. Sözsüz ki, cənab prezidentimiz İlham Əliyevin idmana olan qayğısı bu günkü gündə özünü göstərməkdədir.


-Bəs, ailədə necə, sizdən başqa idmanla məşğul olan var?


- Xeyr. Evdə məndən başqa idmanla məşğul olan yox idi. Mən tək məşğul olurdum. Hətta evdəkilər zədəli idman növü olduğuna görə, mənə icazə vermirdilər. Lakin buna baxmayaraq, mən bu idmana marağımın olduğunu, məşğul olacağımı evdəkilərə deyirdim.


-Siz həm də polis mayorusunuz. Ağır iş rejimi sizin idmanla davamlı şəkildə məşğul olmağınıza əngəl yaratmır?


- Mən fəxr edirəm ki, Azərbaycan polisinə xidmət edirəm. Bu xidmətim idmanla məşğul olmağıma və idmançı kimi fəaliyyətimə qətiyyən mane olmur. Düzdür, mən işlərimi qaydaya qoyandan sonra idmanla məşğul olmağa başlayıram. Daxili İşlər naziri cənab Ramil Usubova təşəkkür edirəm ki,məşq toplantılarına və yarışlara getmək üçünpolis idmançılar üçün şərait yaradır.


-Polis olmaq çətindir, yoxsa idmançı?


-Hər ikisi mənim üçün çətin və şərəflidir.


-İctimai asayişi qoruyan polis nəfəri kimi özünüz asayişi pozmusunuz?


-Xeyr. Çalışmışam qanunlara hər zaman riayət edim. Çünki qanun hamı üçün qanundur.


-Ən çətin döyüşünüz hansı olub?


-Hər bir döyüş mənim üçün çətin olub. Amma mənim ən prinsipial rəqibim Zorab Farayan olub. Erməni olmasına baxmayaraq, Rusiya komandasının kapitanıdır. 2009-cu ildə Dünya çempionatında İtaliyanın Luqana şəhərində mən bu döyüşçü ilə finalda qarşılaşdım.İzləməyə gələn hər kəsə kimin qalib olacağı maraqlı idi. Döyüş stillərimiz fərqli olsa da, bu döyüşü də mən qazandım. Daha sonra 2011-ci ildə Makedoniyada keçirilən daha bir Dünya çempionatında onu məğlub etdim. Bu məğlubiyyətdən sonra o bir daha idmanla məşğul olmadı. Düzdür, dəfələrlə erməni idmançıları məğlub etsəm də, bir daha sübut etdim ki, biz daha güclüyük. Mən erməni idmançını 15 saniyəyə ən tez nokauta salan idmançıyam. Adətən rinqə çıxanda qarşımdakı rəqibimə psixoloji təsir göstərmək üçün gülürəm.


-Yeni döyüşünüz olacaq?


-2014-cü il mənim üçün uğurlu il oldu. Mən 3-cü dəfə "İlin idmançısı" adına layiq görüldüm. Bəli, mart ayının 13-də Leninqrad şəhərində Heydər Əliyev adına yarış keçiriləcək. Yarış Azərbaycan kikboks federasiyasının prezidenti Adil Əliyevin təşəbbüsü ilə keçiriləcək. Oradan qayıdandan sonra isə Portuqaliyada Dünya çempionatı olacaq. Mən həm məşqçi, həm də döyüşçü kimi iştirak edəcəm.


- İdman qardaşlıqdır deyirlər. Elə bir döyüşünüz olub ki, ondan sonra rəqibinizlə  münasibətiniz pisləşib?


- Əlbəttə, olub. Baxmayaraq ki, kikboksun vətəni Amerikadır, amma bu idmana olan maraq son zamanlar artmaqdadır. Elə olur ki,rəqibi məğlub edəndən sonra salamlaşmağa yaxınlaşanda əlini sıxmır, üzünü çevirib gedir. Mən hər zaman alicənab olmuşam. O idmançılar uduzmağı qəbul edə bilmir. Uduzmağı bacara bilməyəndən isə idmançı olmaz. Qeyd edim ki, mənim yaşımda döyüşən idmançı yoxdur. Buna baxmayaraq, yenə də ruhdan düşmürəm. Çünki, mən birdən-birə Eduard Məmmədov olmamışam.


-Belə bir deyim var, general olmaq istəməyən əsgər əsgər deyil. Bəs sizə görə, idmanda general kimdir?


-Mən general yox, daha çox kumir deyərdim. 20 qat Dünya çempionuyam və hal-hazırda kumirim yoxdur. O zamanlar kumirim daha çox kino aktyorları idi. İndi isə mən artıq gənclər üçün kumirəm.


-Həyatda hansı arzunuzu reallaşdıra bilməmisiniz?


-İstədiyim hər bir şeyə nail olmuşam. Arzularım və nailiyyətlərim göz qabağındadır. 


-Sosial şəbəkələrdə aktivliyiniz hiss olunur. Bunu necə qiymətləndirirsiniz?


- Adətən yazanlar mənim sevənlərimdir. Orada məndən idmanla bağlı bəzi məsləhətlər alırlar. Mən də öz növbəmdə çalışıram ki, onlara lazımınca kömək edim.


-Xanım pərəstişkarlarınız var?


- Pərəstişklarım mənim xalqımdır və onlar məni çox sevir. Harasa çıxanda daha çox şəkil çəkdirirlər, avtoqraf alırlar. Əvvəllər bizi tanımırdılarsa, indi isə artıq tanıyırlar. Bu isə adama sevinc və qürur gətirir.


-Bildiyimə görə ailəlisiniz. Ailənizə vaxt ayıra bilirsiniz?


-Əlbəttə, 2 övladım var. Mənim ailəm işimdən, idmandan daha vacibdir. Vaxtım olduqca, ailəmə, övladlarıma vaxt ayırmağı sevirəm.


-Sizin üçün əsas gücdür, yoxsa söz?


-Mənim üçün əsas sözdür. Güc elə bir şeydir ki, müəyyən bir müddətdən sonra onu itirirsən, amma söz həmişə yaşayır.


-Rinqlərdə daha çox ciddiliyi və səbirliyi ilə seçilən Eduard Məmmədov həyatda necədir?


-Həyatda çox səbirli, mehriban və gülərüz insanam. Rinqdə əsəbi görsənsəm də, həyatda belə bir insan deyiləm. Rinqdə psixoloji təsir göstərmək üçün onu əsəbləşdirirəm.


-Əməkdar məşqçi kimi tələbələrinizdən razısınız?


-Müəllim tələbəsindən hər zaman razı olmalıdır(gülür). Bu onlara gözəl stimul verir. Mənim Anar Məmmədov, Zaur Məmmədov, Diyar Şahverdiyev kimi Dünya və Avropa çempionlarım var. Həmçinin idmanda yaratdıqları şəraitə görə, Azərbaycan Kikboks Federasiyasının Prezidenti, Millət vəkili Adil Əliyevə, vitse-prezident Güloğlan Cabbarova, yığma komandanın rəisi Sadıx Bağırova, "Neftçi" klubunun direktoru Sadıx Sadıxova, Əməkdar məşqçi Çingiz Eyvazova təşəkkürümü bildirirəm.


-Özünüzü bir sözlə necə ifadə edərdiniz?


-Kikboks üzrə 21 qat Dünya çempionu və polis mayoru Eduard Məmmədov(gülür)




Sizin Reklam Yeriniz