Əlaqə Arxiv
news Image
2012.09.12
18:00
| A A A
Türkiyə hər zaman Azərbaycanın yanındadır - FOTOLAR
Hulisi Kılıç: “Azərbaycanla Türkiyəni fərqli edən bir məqam var, biz əkiz qardaşıq” "Azərbaycanda fəaliyyətimi asanlaşdıran başda cənab Prezident İlham Əliyev olmaqla, nazirlərə, əlaqədar qurumlara, qardaş Azərbaycan xalqına - hər kəsə təşəkkürlər edirəm. Mən Azərbaycanda unuda bilməyəcəyim, iş həyatımın ən gözəl illərini keçirdim. Azərbaycan mənim ürəyimdə bir şah damardır. Bakıda  oyanmaq Ankarada oyanmaqdır. Nazim Hikmətin dediyi kimi, "Burası bir vətəndir. Bu torpaq  bizim torpağımızdır. Bu torpağın üstündə şəhid olmağa hər zaman hazıram. Vətənimizin qədrini bilək". Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının  "Jurnalist Qadınlar Klubu"nda qonaq olarkən söyləyib: " Mən 4 il öncə Azərbaycana  gələndə bir millətin səfiri olacağımı demişdim. Bu illər ərzində bir millətin səfiri olmağa çalışdım. Özümü ailədə kimi hiss etdim. Sözsüz ki,  bütün Türk dünyası böyük bir ailədir. Bu  ailədə baş  verən problemləri heç bir zaman kənara çıxarmamağa çalışdım. Təbii ki, ailənin daxilində  problemlər  olacaq. Amma  biz bizi istəməyənləri sevindirmədik. Hər halda əldə etdiyimiz ən böyük uğur odur ki,  problemləri həll edə bildik.

Azərbaycanla Türkiyənin münasibətlərini pozmağa çalışan qüvvələrə çox sakit yanaşdıq. Hər zaman "Türkiyəyə güvənin, bu imtahandan da keçəcəyik" dedim.  Bu sınaqdan keçdik. Çətin günlər arxada qaldı. Həmin çətin vaxtlarda Azərbaycanda olduğum üçün özümü çox şanslı hiss edirəm.

 - Azərbaycanda çalışmaq sizin üçün nə dərəcədə əhəmiyyətli idi?

- Qardaş ölkə Azərbaycanda fəaliyyət göstərməyi hər zaman istəmişdim. Bu istəyim də gerçəkləşdi. Burada öz doğma vətənimdə işlədiyim kimi işlədim. Biz buna "bir daşla iki quş vurmaq" deyirik. Türkiyə üçün çalışmaq eyni zamanda Azərbaycan üçün çalışmaqdır. Geriyə çevrilib həyata keçirdiklərimizə - layihələrə baxanda, çox işlər gördüyümüzə inanıram. Mən həmişə deyirəm ki, "Türkiyə ilə Azərbaycan əkiz qardaşdır". Türkmənlər, qazaxlar, qırğızlar, özbəklər də bizim qardaşımızdır. Amma Azərbaycanla Türkiyəni fərqli edən bir məqam var.  Biz əkiz qardaşıq. Yəqin ki, digər qardaşlar bu qədər yaxın olduğumuz üçün bizi qınamazlar. Bu  qədər yaxın olmanın da öz məsuliyyəti var. Bu  məsuliyyətdən hər birimizə pay düşür. KİV nümayəndələrinə isə daha çox  məsuliyyət düşür. Çünki  KİV xalqla dövlət, insanlar arasında bir körpü rolunu oynayır. Buna görə də, mən sizin fəaliyyətinizə çox önəm verirəm. Fəaliyyətim  ərzində jurnalistlərlə sıx-sıx bir arada olmağa  çalışdım. Digər səfirlərlə  müqayisə edəndə, hər halda  mətbuatla ən çox görüşən səfir mənəm. Məni qoruduğunuzu, hər zaman özünüzdən biri bildiyinizi hiss etdim. Mən də sizi özümdən biri hesab etdim. Beləcə, 4 ilimiz  keçdi.

 - Siz  qadınların cəmiyyətdəki rolunu necə dəyərləndirirsiniz?

- Mən qadınların cəmiyyətdəki rolunu çox yüksək qiymətləndirirəm. Bir cəmiyyətin inkişafının dərəcəsini qadınların həmin cəmiyyətdə oynadığı rolları ilə ölçmək lazımdır. Qadınımız bizim başımızın tacıdır. Uzun Həsənin anası Sara xanım ilk Türk qadın diplomatı idi. Göründüyü kimi, bizim ənənələrimizdə qadınların rolu hər zaman ön planda olub. Hər zaman türk toplumunda qadın gücdür. Bəlkə öndə deyildir, amma gizli bir gücdür.

- Biz eyni mədəniyyəti daşıyan millətik. Türkiyəyə qayıtdıqdan sonra Azərbaycanla bağlı ən çox nələri xatırlayacaqsınız? 

- İlk növbədə, insanları, qardaşlarımı, bacılarımı, sevdiklərimi xatırlayacam. Bu, mənim üçün yetərlidir. Özümün bu torpağın bir parçası olduğunu heç bir zaman unutmayacam. Bu xatırladıqlarım da mənə kifayət edər.

- Kitab dünyanı öyrənmək üçün bir vasitədir. Bilmək istərdik ki, səfirin kitabxanasında Azərbaycan ədəbiyyatı nümunələri çoxdurmu?

- Əvvəllər məndə Azərbaycan ədəbiyyatı nümunələri az idi. Amma artıq Azərbaycanda son illərdə çıxan hər kəsin kitabı məndə var. Zamanım olmadığı üçün oxuya bilməmişəm. Bu axşam onları toplayacam. Azərbaycandan gedəndə yüzlərlə kitabım  olacaq.

- Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması məsələsi gündəmə gələndə Türkiyə Azərbaycana verdiyi sözünün üstündə durdu. Buna görə Türkiyəyə təşəkkür edirik.

- Elə də olmalıydı. Çünki Azərbaycan bizim canımızdır, qanımızdır, vətənimizdir. Biz də sözümüzü tutmalıydıq. Mən əmin idim ki, həmin sənəd parlamentdən keçməyəcək. Həmin dövrdə Türkiyədə seçkilər var idi. Qarışıq bir dönəm idi. Azərbaycanlıların tələbləri reallaşmadan Türkiyə ilə Ermənistan sərhədi açılmayacaq. Sərhədlərin bağlanma səbəbləri həll olunmadıqca, sərhəd də bağlı qalacaq.  Nə olursa olsun, Türkiyə hər zaman Azərbaycanın yanındadır. 

- Ramil Səfərovun Azərbaycana gətirilməsi məsələsinə sizin münasibətiniz?

- Bu hadisə Azərbaycanla Macarıstan arasında həyata keçirilən anlaşmanın nəticəsidir. Mən bu məsələnin bu qədər ön plana çıxarılmasının tərəfdarı  deyiləm.  Çünki əsl mahiyyəti kölgədə qoya bilər. Necə deyərlər, ağaca baxıb meşəni görməməzlikdən gəlməyək. Çünki meşədə onlarla ağac var. Bu məsələyə qarşı çıxanlara bunu demək istəyirəm. 40-a yaxın Türk diplomatı ASALA tərəfindən  öldürüldü və qatillər də ortada dolaşır. Bu qatillər Avropa, Qərb ölkələrində saxlanır. Həssaslıq  göstərənlər belə faktları diqqətdə saxlasın.  Məsum insanların, diplomatların qətl edilməsinə də bu qədər həssas yanaşma gözləyirik. Öldürülənlər mənim əməkdaşlarım idi. Onlar diplomat, sülh yaradan insanlar idi. Ona görə də, bu məsələni kimsə fərqli istiqamətə çəkməsin. Bizim arzumuz bir an öncə Dağlıq Qarabağ probleminin həll  edilməsidir.

-Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ probleminin həllinə necə yanaşırsınız? Bir çox ekspertlər Qrupun həmsədrliyində Türkiyənin rolunu vacib hesab edir.

-Türkiyə bu məsələdə ona veriləcək vəzifəni ən yaxşı şəkildə edəcək. Türkiyənin arzusu regionda sülhün,  sabitliyin olmasıdır. Bu olarsa,  Ermənistan da inkişaf edər. Biz  heç bir zaman Ermənistanın inkişafına qarşı deyilik. Biz kimsəyə  düşmən deyilik. Arzumuz problemi həll etmək, coğrafiyanın zənginliyini  paylaşmaqdır.  Qısa vaxtda problemi həll etmək lazımdır. Nəsilləri düşmən olaraq böyütmənin heç kimə faydası yoxdur.  20 ildir, problemin həllində heç bir irəliləyiş yoxdur. Bu  irəliləyişin niyə olmadığına  baxmaq lazımdır. Bunu müzakirə etmək,  başqa yollar üzərində düşünməyimiz lazımdır. Arzumuz məsələnin beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həll olunmasıdır.

Sizin Reklam Yeriniz