Bu gün dinamik inkişaf tempinə malik Azərbaycan istər
ictimai-siyasi, istərsə də sosial-iqtisadi sferada özünün sürətli
yüksəliş dövrünü yaşamaqdadır. Tərəqqisi müasir dünya çağırışlarına
cavab verən, qloballaşma dövrünün tələbləri ilə səsləşən ölkəmizdə
prioritet sahələrdən biri də informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiqidir. Azərbaycan bu istiqamətdə bir
çox nailiyyətlər əldə etmişdir. Rabitə və informasiya
texnologiyaları nazirinin müavini, texnika elmləri üzrə fəlsəfə
doktoru İltimas Məmmədov da "Mövqe" qəzetinə müsahibəsində
ölkəmizdə İKT sektorunda genişmiqyaslı işlər görüldüyünü
bildirir:
- Ölkəmizdə İKT sektorunda yaşanan mövcud dinamik inkişafa son
illərdə bu sahə üzrə qəbul edilmiş müvafiq sənədlər və dövlət
proqramlarının, ən əsası isə "Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya (2003-2012-ci illər)"nın tələblərindən irəli gələn,
qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində
nail olunub. Bu gün Azərbaycanda yaşanan inkişaf məqsədli,
proqramlı şəkildə görülən işlərin ardıcıl, biri-birini tamamlayan
mərhələlər üzrə yerinə yetirilməsi nəticəsində əldə edilib.
Həyata keçirilən tədbirlər, görülən işlər sayəsində ölkənin
telekommunikasiya şəbəkələrinin tam olaraq modernləşdirilməsi artıq
başa çatdırılmışdır. Bunun özü kifayət qədər ağır və mürəkkəb
prosesdir. Nəzərə almaq lazımdır ki, bu həm də elektron hökumətin
formalaşdırılması, informasiya texnologiyaları sahəsində sürətli
inkişafın yaşanması üçün ən vacib elementlərdən biridir və bu
mərhələ uğurla başa çatdırılmışdır. Telekommunikasiya şəbəkələrində
ən yeni nəsil texnologiyalar tətbiq edilmişdir. Təbii ki, bütün
bunlar üçün həm böyük maliyyə vəsaiti, həm də genişmiqyaslı texniki
işlərin görülməsi tələb olunurdu. Gərgin əmək sayəsində Azərbaycan
rabitəçiləri bu missiyanın öhdəsindən uğurla gəldilər. İndi
ölkəmizdə ən ucqar kəndlər belə daxil olmaqla bütün bölgələrdə -
elektron tipli ATS-lər qurulmuşdur. Rayonlar, şəhərlərarası
rabitədə də yeni nəsil texnologiyalara keçilib. Bu görülən işlər
bizə rabitə şəbəkələrində yeni nömrələmə sisteminin tətbiq
olunmasına imkan verdi. İndi ölkənin bütün ərazilərində vahid
nömrələmə sistemi tətbiq olunur. Kəndlərimizdə, şəhərlərimizdə,
paytaxt Bakıda da, mobil rabitə sektorunda da 7 rəqəmli nömrələmə
sistemindən istifadə olunur. 2011-ci il avqustun 1-dən keçdiyimiz
bu yeni sistem Beynəlxalq Telekommunikasiya İttifaqının nömrələmə
ilə bağlı tələb və prinsiplərinə tam cavab verir. MDB məkanında
yalnız Azərbaycan ilk olaraq belə bir möhtəşəm nailiyyətə imza
atıb. Nümunə üçün Rusiyanın vahid nömrələmə sisteminə keçidi ən
yaxşı halda 2014-2015-ci ildə başa çatdıracağı
proqnozlaşdırılır.
Bununla yanaşı, ölkəmizin əksər ucqar rayonlarına, məsələn, Lerik,
Yardımlı, Neftçala rayonlarına optik xətlərin çəkilməsi başa
çatdırılıb, digər uzaq hesab edilən rayonlara analoji xətlərin
çəkilməsi üzərində fəal iş gedir. İnternetdən istifadənin geniş
vüsət alması baxımından da bu məsələ xüsusi diqqət mərkəzindədir.
Ölkəmizin ucqar kəndlərində belə cari ilin sonuna kimi genişzolaqlı
internetdən istifadə edilməsi üçün müvafiq layihə hazırlanmaqdadır.
Burada optik xətlərin çəkilişi, həmçinin digər imkanların
genişləndirilməsi, avadanlıqların təkmilləşdirilməsi nəzərdə
tutulur. Ölkənin regionlarında olan inkişaf, zavod və fabriklərin
işə düşməsi, yeni iş yerlərinin açılması, təbii olaraq burada
sürətli internetə böyük tələbat yaradır. Digər tərəfdən regionlarda
yüksəksürətli internetin olmasını özü yeni iş yerlərinin açılmasına
rəvac verir. Bizim əsas məqsədlərimizdən biri də internet
istifadəçilərinin sayı baxımından Bakı ilə regionlar arasında
"rəqəmli fərq"in aradan qaldırılmasına nail olmaqdır. Bunlarla
yanaşı, Azərbaycan poçtunun modernləşməsi, burada hətta
bank-maliyyə xidmətlərinin göstərilməsi, elektron xidmətlərdən
əhalinin istifadəsinə şərait yaradılması üçün tədbirlər görülüb.
Faktdır ki, Azərbaycan coğrafiyası üzrə ölkənin bütün sahəsini
əhatə edən, ən geniş şəbəkəyə malik olan xidmət sahəsi poçtdur. Bu
gün Azərbaycan poçtu vasitəsi ilə istənilən şəxs dövlət qurumu ilə
çox asan şəkildə müxtəlif formalı təmaslar yarada bilər. Azərbaycan
poçtu indi təkcə MDB yox, daha geniş məkanda nümunə göstəriləcək
bir səviyyəyə çatmışdır. Poçtlarımız texniki olaraq modernləşib,
infrastrukturu müasir tələblərə uyğunlaşdırılıb, onlar üçün yeni
texniki avadanlıqlar, avtomobillər alınıb. Bölgələrdə, kəndlərdə
modern poçt binaları tikilib istifadəyə verilib və bu proses davam
etdirilir. Gələn ilin ilk yarısına kimi isə bu prosesin tam başa
çatdırılması nəzərdə tutulur. Bununla da ən ucqar kəndlərimizdə də
elektron xidmətlərə çıxış üçün lazımi şərait yaradılacaqdır.
Görülən işlərin miqyası genişdir və onların hamısının qeyd edilməsi
böyük zaman tələb edir.
-İKT sahəsində yaşanan bu dinamik inkişaf dövlətə
və sadə vətəndaşa nə vəd edir?
- Təbii ki, texniki baxımdan həyata keçirilən bu işlər son nəticədə
elektron hökumətin qurulması, elektron xidmətlərə keçid, elektron
həllərin reallaşmasına möhkəm zəmin yaradır. Müasir inkişafın əsas
tələblərindən biri məhz budur. İnsanların dövlət orqanları ilə
elektron əlaqəsinin yaranması, elektron imzadan istifadə etməsi,
digər elektron xidmətlərdən faydalanması zamanın tələbidir.
Elektron xidmətlər vətəndaşın işini asanlaşdırır, onun vaxtdan
səmərəli istifadə etməsinə səbəb olur. Vətəndaş təqaüdə çıxmaq,
evini satmaq, telefon çəkdirmək, hansısa dövlət qurumuna müraciət
etmək və bu qəbildən olan digər işlər görmək istəyirsə, bilavasitə
dövlət qurumuna getmək, yaxud kənddən rayon mərkəzinə və ya
paytaxta gəlmək üçün ehtiyac yoxdur. Artıq buna müasir informasiya
texnologiyaları yardımçı olur, vətəndaş elektron hökumət portalına
daxil olaraq müvafiq əməlləri həyata keçirərək öz istəyinə çata
bilir. Elektron xidmətlərin tətbiqi isə məmur-vətəndaş arasında
birbaşa təması aradan qaldırır, belə olan halda bürokratik
əngəllərin yaradılması mümkünsüzləşir.
Bütün bunlar qəbul edilmiş Dövlət və Fəaliyyət Proqramları, digər
normativ aktlar, xüsusən də Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında"
23.05.2011-ci il tarixli fərmanında qarşıya qoyulan tələb və
vəzifələrin icrası sayəsində reallaşır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) əsas icraçı
orqan olaraq elektron hökumət infrastrukturunun vacib tərkib
hissəsi olan informasiya mübadiləsi sisteminin formalaşmasını
uğurla başa çatdırıb. 8 dövlət qurumu artıq bu infrastruktura
qoşulub və onların təqdim etdikləri xidmətlər elektron hökumət
portalına inteqrasiya olunmuşdur. Məsələn, RİTN ilkin mərhələdə
telefonların çəkilişi və digər əlaqəli servis xidmətlərini elektron
şəkildə təşkil etmişdir. Hazırlıq səviyyəsindən asılı olaraq digər
dövlət orqanları da tədricən bu sistemə qoşulacaqlar və göstərilən
xidmətlərin sayını getdikcə artıracaqdır.
Elektron imzaların zəruriliyi gündəlik tələbata çevriləcək
- Nazirlik tərəfindən edilən daha bir yenilik
elektron imzanın tətbiqi ilə bağlı oldu. Kifayət qədər vacib
sayılan bu yenilik və onun mahiyyəti barədə nə deyə
bilərsiniz?
-Bəli, bu günlərdə ölkədə elektron imzanın tətbiqinə start verildi.
Dövlət qurumlarına elektron imzadan geniş istifadə olunması,
vətəndaşlara elektron xidmətlərin təqdim edilməsi zamanı elektron
imzadan edilməsi üçün müvafiq tövsiyələrimizi vermişik. Düzdür,
elektron imzadan istifadə etmək üçün müəyyən şərtlərin yerinə
yetirilməsi mühümdür, yəni vətəndaşın elektron imza yaratması üçün
vasitələri və internetə çıxışı olmalıdır. İmza sertifikatına malik
olan vətəndaşın müvafiq dövlət orqanına müraciəti zamanı onun
kimliyi müəyyən olunur və bu müraciətin etibarlılığı təmin edilir.
Bununla da vətəndaş zəruri olan elektron xidmətlərdən yararlanmaq
imkanı qazanır.
Onu da qeyd edim ki, Azərbaycan elektron imza və elektron sənəd,
elektron ticarət və bu kimi istiqamətlərdə qanunvericilik bazasının
yaradılmasında MDB-nin öncüllərindəndir. RİTN-nin saytına adaxil
olmaqla bütün bu qanunvericilik bazası ilə tanış olmaq olar.
Əsas məsələlərdən biri vətəndaşların elektron imza yaratma
vasitələrini haradan əldə edə biləcəyidir. Müxtəlif ölkələrdə
bununla bağlı fərqli yanaşmala da mövcuddur və biz bu təcrübəni
öyrənərək ən optimal, ən asan variantı seçdik. Artıq poçt
filiallarına müraciət etməklə bu imkandan istifadə etmək mümkündür.
Növbəti mərhələdə digər yerlərdə də bu xidmətlərin göstərilməsinə
baxıla bilər. Qeyd edim ki, bu xidmətlərin qiyməti də kifayət qədər
aşağıdır və güzəştli qiymətlər tətbiq etməklə vətəndaşlarımızın
elektron imzalardan geniş istifadəsinə nail olmaq istəyirik.
Vətəndaşlar 1 illik elektron imza sertifikatları üçün ƏDV daxil
olmaqla, o cümlədən kart ilə birlikdə cəmi 14 manat, 3 illik isə 30
manat ödəyəcəklər.
Dövlət qulluqçuları üçün bu qiymət 135 manat, biznes qurumlar üçün
168 manat müəyyənləşdirilmişdir.
Bu, qonşu ölkələrdəki qiymətlərdən çox aşağıdır. Bu məbləğlər
yanvarın 15-nə kimi qüvvədə olacaqdır və sonra tələbata uyğun
olaraq gözdən keçiriləcəkdir.
Elektron imzanın tətbiqi vətəndaşlara nə verir? İlk növbədə şəxs
artıq istənilən dövlət qurumunun xidmətindən istifadə imkanı
qazanır, məsafədən belə istənilən müqavilə bağlaya bilər. Yəni
deyək ki, şəxs Bakıda iş yerində, evində oturmaqla Gəncədə digər
şəxslə, təşkiltla istədiyi müqaviləni, əqdləri bağlaya bilər və
bağlanmış sənədlər hüquqi qüvvəyə malikdir. Ölkədə müxtəlif
sahələrdə elektron xidmətlər göstərildikcə elektron imzaların
zəruriliyi gündəlik tələbata çevriləcək.
- Dediklərinizdən aydın olur ki, ölkəmizdə İKT-nin
tətbiqi sferası genişdir. Nazirlər Kabinetinin cari ilin ilk
yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclasında Prezident İlham Əliyev qarşıya belə bir vəzifə qoydu ki,
2025-ci ilə qədər İKT-dən əldə olunan gəlirlər neft sektorundan
gələn gəlirlərə çatmalıdır. Bir mütəxəssis olaraq bu barədə nə deyə
bilərsiniz?
- Ölkə Prezidenti cənab İlham Əliyev digər sahələrdə olduğu kimi,
İKT sektorunun inkişafını xüsusi diqqət mərkəzində saxlayır və
dövlət başçısının bu sahəyə xüsusi yanaşması var. Ölkəmizdə İKT-nin
sürətli inkişafının kökündə dayanan ən vacib amillərdən biri də
məhz budur. Dünya miqyaslı İKT şirkətləri də Azərbaycan
Prezidentinin bu sahəyə xüsusi yanaşmasını aydın görür və onlar
bundan daha da ruhlanaraq Azərbaycanda işləməyə can atırlar.
İKT sektorunda görülən işlərin miqyası isə təkcə ölkə daxilində
atılan addımlarla məhdudlaşmır. Yenə də cənab Prezidentin tapşırığı
ilə İKT sahəsində bir çox regional layihələr həyata keçirilir.
Həmin layihələrdən əldə olunan gəlirlər ölkə daxilində alınan
gəlirlərə əlavə olunduqda qarışdakı illər ərzində İKT-dən ölkəmizin
daha böyük miqdarda qazanc əldə edəcəyini qətiyyətlə söyləmək olar.
Həmin gəlirlərin neft gəlirlərinə gəlib çatacağı
proqnozlaşdırılır.
- Azərbaycan hansı regional İKT layihələrinin
təşəbbüskarıdır?
- Həmin layihələrdən danışarkən ilk olaraq Trans-Avrasiya Super
İnformasiya Magistralının (TASİM) adını çəkmək olar. Artıq BMT
tərəfindən də qəbul olunan və dəstəklənən layihənin icrası
istiqamətində işlər görülür. Bu layihənin icrası Azərbaycana böyük
gəlirlər vəd edir. Bundan başqa, ölkədə beynəlxalq data
mərkəzlərinin yaradılması nəzərdə tutulur və bu, təkcə Azərbaycan
üçün yox, bütün region üçün olduqca əhəmiyyətlidir.
Həmçinin bilindiyi kimi, Azərbaycan ilk dəfə olaraq öz
telekommunikasiya peykini orbitə buraxmağa hazırlaşır və gələn ilin
sonunda bu, baş verəcək. Özü də Azərbaycan bir peyklə
kifayətlənməyəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari
ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında bildirdi ki, Azərbaycan özünün ikinci
telekommunikasiya peykini də orbitə çıxaracaq. Buraxılacaq peyk
Afrikanın şimal şərq hissəsindən tutmuş Avropanın böyük bir
hissəsinə qədər geniş coğrafiyanı əhatə edir. Bu zonada Azərbaycan
peykinin xidmətindən istifadə olunması ölkəmizə yeni imkanlar,
iqtisadi səmərə vəd edir. Bunlara paralel olaraq ölkəmizdə proqram
təminatı məhsullarının istehsalı və xaricə ixracı üzrə işlər
görülür. Bilirsiniz ki, artıq Azərbaycan proqram məhsulu Asiya,
Baltikyanı ölkələrə və bəzi digər dövlətlərə ixrac edilir.
Ölkəmizdə texnoparkların yaradılması istiqamətində böyük işlər
görülür.
- Dünyada artıq inkişafın Azərbaycan modelindən
danışılır. Bu kontekstdə İKT sahəsində dünya üçün Azərbaycan
nümunəsinin də yaranmasından danışmaq olarmı?
- Bəli, həqiqətən də indi inkişafın Azərbaycan modelindən geniş
bəhs olunur. Konkret olaraq İKT sahəsinə gəlincə, bir mütəxəssis
olaraq deyə bilərəm ki, həm region, həm də daha geniş coğrafi
məkanda Azərbaycan bu sfera üzrə həqiqətən nümunəvi rol oynayır.
Əgər əvvəllər müvafiq beynəlxalq təşkilatlar bu sahədə Azərbaycana
öz tövsiyələrini verirdilərsə, indi artıq bizim mütəxəssisləri
digər ölkələrə ekspert qismində dəvət edirlər. Bu gün Azərbaycan o
səviyyədədir ki, bir çox mütəxəssislərimiz artıq məsləhətçi,
ekspert qismində müxtəlif ölkələrdə həyata keçirilən layihələrdə
iştirak edirlər. Azərbaycanda güclü kadr potensialı mövcuddur və
daim bu potensial gücləndirilir.
Musahibəni aldı: Rasim