news Image
2011.11.30
12:34
| A A A
Şimali Kiprdə ali təhsil azərbaycanlılar üçün yeni fürsətdir

Müsahibimiz Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyinin rəhbəri Zəki Qazıoğludur.



- Zəki bəy, Şimali Kipr Türk Cüm huriyyətinin (ŞKTC) Azərbaycandakı nümayəndəliyinin fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- Bakıdakı nümayəndəliyimiz 1997-ci ildən fəaliyyət göstərir. O zamandan iki qardaş ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişafı istiqamətində geniş işlər aparırıq. Azərbaycandakı inkişafa paralel olaraq bu əlaqədər daha da genişlənir, müxtəlif sahələri əhatə edir. Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyədən sonra ən yaxın təması, münasibəti olan ölkə məhz Azərbaycandır. Demək olar ki, hazırda ölkələrimiz arasında turizm, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkənin rəsmi və qeyri-rəsmi şəxsləri, iş adamları, elm xadimləri qarşılıqlı səfərlər edir, müxtəlif toplantılara qatılırlar. Şübhəsiz, bütün bunlarla məhdudlaşmaq, münasibətləri tam qənaətbəxş saymaq da mümkün deyil. Bizim məqsədimiz bu əlaqələri daha da inkişaf etdirmək, mövcud iqtisadi-mədəni potensialdan yetərincə yararlanmaqdır.

- Şimali Kirp Türk Cümhuriyyəti ilə Azərbaycan arasında son illər xüsusən də təhsil sahəsində əməkdaşlıq münasibətləri genişlənir. Bu barədə nə deyə bilərsiniz?

- Son 5 ildə təhsil sahəsində münasibətlərimizin inkişafında sıçrayış olub. Xüsusən də son 2 ildə çoxlu sayda azərbaycanlı abituriyent Şimali Kiprdə təhsil almağa maraq göstərir. Ötən il 300-dən çox azərbaycanlı təhsil almaq üçün Şimali Kiprə gedib. Bu il həmin rəqəmin daha da artacağı gözlənilir. Bu, artıq Kipr universitetlərinin Azərbaycanda tanınmağa başladığını, azərbaycanlı abituriyentlərə xaricdə ali təhsil almaq üçün əlavə fürsətin yarandığını deməyə əsas verir. Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) ingilis dilində təhsil verən 6 universitet məzunlarına qazandıqları biliklər sayəsində dünyanın hər yerində perspektivli iş tapmaqda, karyera qurmaqda və gələcəyə etibarlı təminat yaratmaqda yardımçı olur. ŞKTC universitetlərinin Azərbaycan vətəndaşları üçün təhsil haqqını 50 faiz azaltması isə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə daha bir əyani sübutdur. Avropa universitetlərindən fərqli olaraq, bu ölkənin ali təhsil müəssisələri məhz azərbaycanlı tələbələrə bir sıra güzəştlər tətbiq edirlər. Bu güzəştlərə ötən ildən başlanılıb. ŞKTC-nin 6 universiteti - Yakın Doğu Universiteti, Lefke Avropa Universiteti, Uluslararası Kıbrıs Universiteti, Orta Doğu Teknik Universiteti, Kuzey Kıbrıs Kampusu, Girine Amerika Universiteti, Doğu Akdeniz Universiteti - 2011-ci ildə də azərbaycanlı abituriyentlərin qeydiyyatdan keçməsini gözləyir. Yəni bizdə kiprlilər hansı qiymətə təhsil alırlarsa, azərbaycanlılar da həmin qiymətlərə təhsil alırlar. Bu həm də azərbaycanlıların Şimali Kipr universitetlərini yaxşı tanıması üçün başlanmış bir kampaniyadır.

- Şimali Kirp Türk Cümhuriyyətində ali təhsil almağın nə kimi üstünlükləri var?

- İlk növbədə deyim ki, təhsil xərclərinin münasib olması ən böyük üstünlükdür. Təhsil, yemək və qalmaq xərcləri də daxil olmaqla, bu xərclər 5-6 min manat təşkil edir. Digər tərəfdən, həmin universitetlərin məzunları beynəlxalq aləmdə tanınan diplomla təmin edilirlər. Həmin diplomlar azərbaycanlı gənclərə dünyanın istənilən yerində iş tapmaq imkanı yaradır. Şimali Kiprin təhsil sistemi eyni zamanda tələbələrə reytinq cədvəlində birincilik qazanmış beynəlxalq universitetlərdə təhsillərini davam etdirmək şansı da verir. Yüksək təhsil standartlarını həyata keçirən Şimali Kipr universitetləri məzunlarına gələcəkdə istədikləri ölkənin elm müəssisələrində magistr, doktorant olmaq imkanı yaradır. Çünki dünya miqyasında məşhur olan alimlər, professorlar ŞKTC-nin ali təhsil ocaqlarında dərs deyirlər. Onların yetirmələri Avropa və Amerika universitetlərində tədqiqatçı alim olaraq adlarını tarixə yazıblar.

Bütün rahatlığı və texniki təchizatı ilə seçilən müasir hazırlıq kurslarının olması burada təhsilin keyfiyyətini daha da yüksəldir. Məhz buna görə də ŞKTC universitetlərinə ali təhsil üçün müraciət edənlərin sayı ildən-ilə çoxalır.

Yüksək səviyyəli mədəni mühitin olması isə gənclərin dünyagörüşünü artırır. ŞKTC-də 87 fərqli ölkədən gələn, sayı ildən-ilə artan tələbə kontingenti təhsil alır. Müasir dünyada isə fərqli mədəniyyətlərin qovuşması universitetlər üçün əhəmiyyətli məsələlərdən sayılır. Bu baxımdan, ŞKTC-nin sözügedən universitetləri azərbaycanlı tələbələrə həm də fərqli mədəniyyətləri mənimsəmək fürsəti verir.

Etibarlı çevrənin olması uşaqlarını xaricdə oxutmaq niyyətində olan valideynlər üçün əsl müjdədir. Məlumat üçün bildirək ki, ŞKTC adambaşına düşən cinayətlərin ən aşağı olduğu ölkələrdən biridir. Adada dövlətin hüquq-mühafizə orqanlarından savayı, universitetlərin özəl mühafizə sistemlərinin də mövcudluğunu nəzərə alsaq, qız övladlarını ŞKTC-yə ali təhsil almağa göndərmək istəyən valideynlərin narahatlığına hansısa səbəb qalmır. Hazırlıq kurslarında xüsusi kameraların quraşdırılması, kənar şəxslərin yataqxanalara buraxılmaması tələbələrin təhlükəsizlik təminatını artırır.

Şimali kiprlilərin azərbaycanlılarla eyni mədəniyyətə sahib olmaları, eyni dildə danışmaları tələbə adını daşıyan soydaşlarımızın bu ölkədə rahat gəzib-dolaşmalarına, yaşadıqları toplumun üst qurumları ilə sıx əməkdaşlıq etmələrinə, gənclərlə ünsiyyət qurmalarına, ictimai fəaliyyətlə məşğul olmalarına geniş imkanlar açır. Kiprlilərlə azərbaycanlıların şivələri bir-birinə çox yaxındır. Azərbaycanlılar kiprlilərin nəzərində həmişə dost, qardaş olublar. Bu səbəbdən hər bir kiprlinin qapısı azərbaycanlı gənclərin üzünə açıqdır. Sadə kiprli azərbaycanlı uşaqlarını öz övladından qətiyyən ayrı tutmur. Soydaşlarımız ŞKTC-də özlərini heç vaxt yad hiss etmirlər.

- İki ölkə arasında təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan hansısa razılaşmalar varmı?

- ŞKTC universitetlərinə qəbulla bağlı Təhsil Nazirliyi ilə yanaşı, biz də vəsiqə veririk. Digər tərəfdən, Şimali Kipr universitetlərinin diplomları Türkiyənin Yüksək Öyrətim Kurumu tərəfindən qəbul edilir. Azərbaycanla Türkiyə arasında isə ən müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər mövcuddur. Buna görə də təhsil sahəsində əməkdaşlıqla bağlı hansısa problem yoxdur. Yəni ŞKTC siyasi baxımdan müəyyən beynəlxalq ədalətsizliklə üzləşsə də, təhsildə bu embarqonu çoxdan aşıb. Bizdə təhsilin səviyyəsi yüksək olduğuna görə diplomlarımız bütün ölkələrdə tanınır.

Şimali Kiprdən gəlib Azərbaycanda təhsil almaq istəyənlər də az deyil. Əsasən, musiqi təhsili almaq istəyənlər Bakıya gəlmək arzusundadır. Eyni zamanda Bakı Dövlət Universiteti, Turizm İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası ilə əməkdaşlıq haqqında memorndum imzalayan universitetlərimiz var. Güman edirəm ki, gələcəkdə bu sahədə əlaqələr daha da inkişaf edəcəkdir.

Ümumiyyətlə, ŞKTC-nin universitetləri dünyada yüksək reytinqə malikdirlər. Hazırda buraya təhsil almaq üçün ən çox Nigeriya, İran, Türkiyədən tələbələr gəlir. Biz istəyirik ki, azərbaycanlı qardaşlarımız da daha aşağı qiymətlərlə daha yüksək təhsil alsınlar. Yəni Şimali Kipr universitetləri yüksək ali təhsil almaq baxımından azərbaycanlılar üçün yaxşı fürsətdir. Həmin universitetlərdə vaxtı ilə Azərbaycandan getmiş yüksək səviyyəli azərbaycanlı müəllimlər də dərs deyirlər.

Ümumiyyətlə, bizdə hansısa universitetdə təhsil səviyyəsi yüksək deyilsə, onu bağlanmaq təhlükəsi gözləyir. Belə ki, Türkiyə bu institutların diplomlarını qəbul etməzsə, bu zaman oradan gələn tələbələrin də sayı kəskin azalar. Bu da hansısa universitetə yaşamaq şansı verməz. Çünki Kipr universitetlərində təhsil alan tələbələrin yarıdan çoxu Türkiyədən gələnlərdir. Ona görə də Türkiyənin Yüksək Öyrətim Kurumunun tələb etdiyi səviyyədə təhsil standartları mövcuddur.

- Azərbaycanda gənclərin xaricdə təhsili ilə bağlı xüsusi dövlət proqramı mövcuddur. Sizcə, azərbaycanlı tələbələrin həmin proqram əsasında ŞKTC universitetlərində ali təhsil alması mümkündürmü?

- Qarşıdakı illərdə belə bir razılaşmanın əldə olunması mümkündür. Əlbəttə, müasir dövrdə dünyanın heç də bütün universitetləri yüksək reytinqli deyillər. Amma onların hansısa konkret sahə üzrə daha yaxşı təhsil verməsi reallıq kimi qəbul olunur. Məsələn, bir universitetdə hüquq, digərində iqtisadiyyat, o birində sosial elmlər güclü ola bilər. Yəni universitetlərin ixtisaslaşması prosesi sürətlə gedir. Kiprdə də belə ixtisaslaşmış universitetlər mövcuddur. Onu da bildirim ki, ŞKTC universitetlərində təhsil 95 faiz ingilis dilindədir. İngilis dili səviyyəsi yüksək olmayan abituriyentlər isə burada bir il hazırlıq kursu keçirlər.

- ŞKTC-nin turizm sahəsində böyük təcrübəsi var. Azərbaycan üçün turizm sahəsində təcrübəli kadrların hazırlanması da mümkündürmü?

- Ötən il Azərbaycandan 4000-dək turist istirahət etmək üçün məhz Şimali Kipri seçib. Çünki orada aşağı qiymətlərlə yüksək səviyyəli istirahət üçün hər cür imkanlar mövcuddur. Amma hesab edirəm ki, özəl turizm şirkətləri bu istiqamətdə işi davam etdirməlidir. Dövlət qurumları isə bu əməkdaşlığı, sadəcə, təşviq edə bilərlər.

Şimali Kipr azərbaycanlılar üçün yeni istirahət məkanıdır. Gedib-gələnlər Kiprdə turizmin yüksək səviyyəsindən razılıqla danışırlar. Çünki oranın gözəl təbiəti, təmiz dənizi, meşələri, səviyyəli hotelləri, qədim tarixə malik maddi mədəniyyət nümunələri, abidələri mövcuddur. Mühüm üstünlüklərdən biri də Şimali Kiprin kiçik ölkə olmasıdır. Yəni buraya səfər edən turist 3-4 gün ərzində Kiprin Şimaldan Cənuba, Şərqdən Qərbə bütün yerlərini gəzib-dolaşa bilir. Dünyanın müxtəlif ölkələrindən Kiprə turistlər gəlir. Müəyyən tarixi köklərlə bağlı onların arasında ingilislər daha üstünlük təşkil edir. Bu da təsadüfi deyil, vaxtı ilə Kipr İngiltərənin müstəmləkəsi olub. Ona görə də ingilislərin Kiprə marağı daha böyükdür. Eyni zamanda Türkiyədən gələnlər də çoxluq təşkil edirlər.

Sualınıza gəlincə, bildiirm ki, bu istiqamətdə müəyyən addımlar atılır. Hər il Azərbaycanın Turizm İnstitutunun onlarla tələbəsi Türkiyənin ayrı-ayrı hotellərində təlim keçir, təcrübələrini artırırlar. Onlar orada 2 aylıq təcrübə keçir, peşəkar kadr kimi formalaşırlar. Artıq 4-cü ildir ki, bu təcrübədən geniş istifadə olunur.

- Şimali Kipr beynəlxalq səviyyədə müstəqil ölkə kimi tanınmağa, hələ ki, nail ola bilmir. Bu baxımdan, ölkələrimiz arasındakı əməkdaşlığın gələcək perspektivlərini necə görürsünüz?

- Şübhəsiz, beynəlxalq birliyin Şimali Kipri tanımaması siyasi məsələdir, ədalətsizlikdir. Bu ilin oktyabrında BMT baş katibinin vasitəçiliyi ilə yenidən bu istiqamətdə danışıqlar başlanacaq. Lakin bu danışıqlara rəğmən, ölkəmiz inkişaf edir, hamı öz həyatını yaşayır. Bu danışıqlar 40 ildir ki, aparılır və heç bir nəticə vermir. Ona görə də kimsə bu danışıqlara böyük ümid də bəsləmir.

Bununla belə, Şimali Kiprin hazırkı beynəlxalq vəziyyəti Azərbaycanla iqtisadi, mədəni və turizm sahələrində əməkdaşlıq üçün hansısa problem yaratmır. Hesab edirəm ki, bu əlaqələr ilbəil genişlənəcək, inkişaf edəcəkdir.





Söhbəti yazdı: Tərlan Nəsirli

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs