Əlaqə Arxiv
news Image
2016.05.18
14:50
| A A A
"Harada olurdumsa Laçına qayıtmağa tələsirdim" – Qəzənfər Hüseynov

Mayın 18-də Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 24 il ötür. Təbii sərvətlərlə zəngin, qədim türk torpağı olan Laçınla bağlı xatirələri bölüşmək üçün, tanınmış ziyalı, el ağsaqqalı Qəzənfər Hüseynovla həmsöhbət olduq. 


- Qəzənfər müəllim, Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 24 il ötür. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı üçün zəmin yaradan əsas səbəb nə idi?


- Laçının işğalını bütün Qarabağın işğalından ayrı təsəvvür etmək mümkün deyildir. Əgər erməni işğalının səbəblərini dərindən araşdırsaq çox keçmişləri araşdırmalı olacağıq. Qısaca desək Qacarlar sülalə dövlətində baş verən seperatçılıq meyilləri, gürcü knyazlarının, Qarabağ və İrəvan xanlarının Rusiya ilə gizli danışıqlar aparması çar Rusiyasının bu əraziləri işğal etməsinə yol açdı. Rusiya yaxın Şərqdən ermənilərin bu ərazilərə köçürülməsinə şərait yaratdı. Ermənilər saxta ideologiya ilə silahlandırıldılar və Osmanlı-Türkiyə və Azərbaycana qarşı ərazi iddiasında bulundular. Diqqət etmisinzsə ermənilər çar Rusiyası zəifləyəndə, inqilablar olanda (1905, 1915, 1918- ci illər) və SSRİ süqut etməyə başlayanda (1988 ci il) bizə qarşı iddialar qaldırıb və havadarlarının yardımı ilə türk və digər müsəlman əhalini qətl ediblər. 1988- ci ildən başlayan hadisələrin həm görünən, həm də görünməyən tərəflərindən baxanda geostrateji mövqeyinə baxmayaraq Laçının işğaldan xilas edilməsi o zaman üçün mümkünsüz idi. 


Səbəblər aşağıdakılardan ibarətdir: 

• Erməniləri kilsə və dünya erməni diaspora təşkilatları səfərbər etdikləri halda Azərbaycanda səfərbəredici milli-ictimai qüvvə müqayisədə çox zəif idi. Hadisələr başlayanda isə siyasi qüvvə xalqı mütəşəkkiliklə səfərbər etmək gücündə olmadı. 


• Regionda ABŞ, digər qərb ölkələrinin təsir qüvvəsi minumum idi, onların başı ancaq SSRİ-ni və Yuqoslaviyanı dağıtmağa qarışıq idi. Türkiyə isə tamam zəif halda kənarda qalmaq məcburiyyətində qalmışdı. Rusiya nə qədər zəif olsa da regionda sovetdən qalma nüfuzunu itirməmək üçün münaqişəni öz nəzarətində saxlamağı bacardı. 1991- ci ildə Moskvanın keçirdiyi referendumda SSRİ-nin qalmasını istəyirsinizmi sualına müsbət cavab verən Azərbaycan mərkəzi hakimiyyət tərəfindən müdafiə olunurdu. Mərkəzi hakimiyyətin yaxından dəstəyi ilə 1991- ci ilin may ayının əvvəlindən sərhəd boyu bütün erməni kəndlərində xüsusi əməliyyatlar keçirilməyə başlanıldı. Bu əməliyyatlar nəticəsində Laçın – Şuşa yoluna yaxın erməni kəndləri qısa müddətdə Ermənistana köçürüldü və terrroçu erməni "saqqallıları" tərəfindən tez-tez təkrarlanan terror hadisələrinin qarşısı alındı. Həmin il Ermənistan bu referenduma yox demişdi. 1992- ci ildə artıq SSRİ dağılmış, Müstəqil Dövlətlər Birliyi (MDB) yaratmaq barədə referendum keçirilmişdi. Referendumun nəticələri belə idi: Ermənisatan MBD – yə HƏ, Azərbaycan isə YOX dedi. Nəticəyə görə Rusiya Ermənistanı müdafiə edərək bizi cəzalandırdı. Azərbaycan rəhbərliyində təmsil edilən vətənpərvər məmurlar 1991- ci il noyabr ayının 20-də müəmmalı şəkildə terror edildikdən sonra Ayaz Mütəllibovun onsuz da zəifləmiş hakimiyyətini AXC yıxması da ölkədə mövcud olan qüvvələrlə müdafiənin güclənməsinə kömək etmədi. Çox səbəblər göstərə bilərik, amma məncə əsas iki amil Laçının işğalına yol açmış oldu. Kənar təsir kimi Rusiyanın həm siyasi, həm də hərbi yolla Ermənistanı dəstəkləməsi və daxildə güclərin birləşdirilməsi bacarığının olmaması.


- Qəzənfər müəllim, 1918-1920- ci illərdə Qarabağı və Zəngəzuru ələ keçirmək istəyən ermənilərə qarşı yerli əhali səfərbər oldu və düşmən ağır məğlubiyyətə uğradı. Təxminən 70 il sonra eyni hadisələr başladı. Azərbaycanda ilk nizami ordu alayı da Laçında yaradıldı. İstərdim 70 il əvvəl və sonrakı fərqdən danışasınız, qalibiyyətimiz və məğlubiyyətimiz haqqında.



- 1918-1920- ci illər arasında biz azərbaycanlıların daha yaxşı səfərbər edilərək düşməni ağır məğlubiyyətə uğratmağımızı özünü təskinlik kimi qəbul edirəm, əslində biz nə yaxşı səfərbər edilə bilmişik, nə də düşmənə ağır zərbələr vura bilmişik. 


Mən, psevdopatriotizmin əleyhinəyəm. İstər 1905-1907, istərsə də 1918-1920- ci illərdəki hadisələrdə ermənilər öz nizami hərbi dəstələri ilə bizim sərhədboyu bütün kəndlərimizə hücum edərək, kəndlərimizi dəfələrlə yandırıb, yağmalamışlar. Yaxşı səfərbər olunmaq üçün yaxşı da səfərbəredici qüvvə olmalıdır, təəsüf ki, bu qüvvə bizdə olmayıbdır. Bizdə dini, həm də milli ruh çox zəif idi. O zaman üçün ən həssas inam dini inam idi, dinimiz də məzhəbçilikdən çıxa bilmirdi, islamdan isə əslində çoxdan kənarlaşmışdıq, pirlər, ocaqlar adlı mənasız və gücsüz putlara sitayiş güclənmişdi. Sovet vaxtı isə din tamamilə zəiflədildi, məscidlər kolxoz, sovxozlarda taxıl anbarlarına çevrildiyi halda ermənilər Eçmiadzin (Üç müəzzin) kilsəsini bütün dünya ermənilərinin səfərbəredici mərkəzinə çevriməyi bacarmışdılar. 


1918- ci ildə Hacısamlı Sultan bəy doğma qardaşı, Qarabağın general-qubernatoru Xosrov bəyin hərbi dəstəyi ilə Osmanlıya xəyanətlə qovulan erməni zabitlərindən olan Andronikin Xankəndinə keçmək istəyən ekspedisiya dəstəsini Laçının "Tat dərəsi" adlı çay kənarında ağır məğlubiyyət uğratdığı isə faktdır. Qalan hallarda ermənilər bizi ağır əzablara qatlaşmağa məcbur etməyi bacarmışar. Bizim bu kiçik qalibiyyətimizin səbəblərindən biri də erməniləri bizə qarşı qısqırdan çar Rusiyasının yıxılması bə milli dövlətimiz olan ADR-in yaranması idi. Həmin dövrdə indiki Qubadlı və Laçın rayonlarına gələn Türk islam ordusunun bir alayı ermənilərə sarsıdıcı zərbə vuraraq, bizim bütün sərhədboyu kəndlərimizi ermənilərdən azad etmişdilər. 


Bundan sonra XI qızıl ordu Azərbaycanı işğal edəndən sonra sovet hakimiyyətini qurdular və bununla da "erməni-müsəlman" adlı münaqişəyə son qoyuldu.

70 il sonrakı siyasi hadisələr keçən əsrin əvvəlindən fərqli idi, ermənilər yüksək səviyyədə təşkilatlanmışdılar, özlərinə dünyada çoxlu müttəfiqlər tapmışdılar. Rusiya əvvəlkindən fərqli olaraq dünya müharibəsi iştirakçısı olmadığından müharibəyə qoşulmamışdı və Qarabağdakı hadisələri öz nəzarətində saxlamağı bacarmışdı. Biz isə əvvəl də dediyim kimi səfərbəredici qüvvəyə malik deyildik, siyasi partiyalar hakimiyyət hərisliyinə o qədər uydular ki, Şuşa, Laçın kimi strateji əhəmiyyətli məntəqələr işğal edildiyi zaman respublikada silahlı təzyiqlə prezident dəyişikliyinə getdilər. 


Laçını yerli özünümüdafiə alayının gücü ilə müdafiə edib, qoruya biləcəyinə inanmaq sadəlövhlükdür. Təsəvvür edin ki, Dağlıq Qarabağ tərəfdən 7-8 min nəfərlik ordu Laçına hücum edir, yerli alay onun qarşısını necə ala bilərdi ki? 


Bilindiyi kimi bizim orduda mərkəzi komandanlıq da işinin öhdəsindən gələ bilmirdi, yerli özünü müdafiə alayları müxtəlif siyasi qüvvələrə tabe idi. Bu barədə mətbuatda da çoxlu yazılar gedib, hamı məlumatlıdır. Məncə siyasi hakimiyyətin olduqca zəif olması Azərbaycanda, xüsusən də Laçında ərazi itgisi ilə nəticələndi.


- Gözlərinizə baxanda doğulub boya-başa çatdığınız yurdun həsrətini, nisgilini görməmək mümkün deyil. Ağır еlli-еlatlı, qonaq-qaralı, tоrpağı bərəkətli, insanları etibarlı, füsunkar gözəl bir təbiətə malik olan Laçın haqqında danışarkən ilk olaraq nələri xatırlayırsınız? 


- Mən, Laçın haqqında hər an danışmasam da, hər an düşünürəm, heç unuda bilmədim Laçını. Gəzdiyim gördüyüm heç harda Laçın təbiətinə rast gəlmədim. 2001 ci ildə Özbəkistandan Qırğızıstana avtomaşınla Tyan Şan dağ silsiləsindən keçməli oldum. Dağlar, çaylar bizim tərəflərə çox oxşayırdı, xüsusilə da dağ çayından tutulan ağ balıq Həkərinin balığını xatırlatdı. Yolumuz uzun idi, Laçınla müqayisə etdikcə sanki boğulurdum, sürücüdən xahiş etdim və ordan çox ləngimədən keçdik. 


Laçın haqqında hər danışanda doğulub, böyüdyüm gözəl şəhərim, 45 il yaşadığım "Kommunist" küçəsi, evimizin yanındakı "Dağdağan bulağı" düşür. Mən, 1992- ci ildən sonra ruhumu sanki o, bulağın yanındakı bizim dayandığımız tində dəfn etmiş kimiyəm, sanki çoxumuz kimi cəsədimi gəzdirirəm. Nə bilim mən belə düşünürəm, hətda mənə elə gəlir ki, yalandan gülürəm, sevinirəm. Laçında toylarda, başqa şənliklərdə yaxşı rəqs edərdim, hələ də bacarıram, amma oynayanda nəsə içimi sıxır, özümə güc gəlirəm, saxta oynadığımı düşünürəm. 


Şəhərimiz vaxtı ilə bir küçəli olub. "Kommunist" küçəsi adlanırdı, "Şəhərin ayağı" adlanan yerdən ta "şəhərin başına" qədər uzanırdı küçəmiz. "Şəhərin başında" Leninin heykəlinin qarşısında kiçik bir meydançada telefon dirəyindən asılmış səsucaldan var idi. Hər bazar günü saat 14:00-da adamlar muğamata qulaq asmağa gedərdilər həmin meydana. Gülüstan xalanın qəzet kiosku, bərbərxana, Aydının ayaqabı təmiri budkası, cərgə dükanlar, "şəhərin ayağında"kı yanan klubun qarşısındakı akasiya ağacı, ağacın yanındakı kinofilmlərin elanı vurulan lövhə, Nurunun çayxanası və s. yerlərin hamısı hər an gözümün qarşısındadır. Ən çox da xatırladığım yer "Dağdağan bulağının" qarşısında, polis şöbəsi ilə üzbə-üz tin idi, işdən sonra, istirahət vaxtı daima orada durub, dünyanın "dərdini" bölüşürdük, orada bir plakat da yadımdadır - "MƏNİM MİLİSİM MƏNİ QORUYUR".


Ta uşaqlığımdan tanıdığım insanların biri də yadımdan çıxmayıb, adlarını çəksəm çox uzun bir siyahı alınacaqdır. 


Orta məktəbi bitirib ali məktəbə qəbul oldum, bitirib rayona qayıtdım. 1970- ci ildən əvvəlcə rayon həmkarlar komitəsində, sonra isə rayon komsomol komitəsində çalışdım. 1973- cü ildən rayon komsomol komitəsinin birinci katibi seçildim və rayonun demək olar ki, bütün kəndlərində oldum. Camaatımızı və yerlərimizi bu müddətdə daha yaxşı tanıdım. Harada olurdumsa Laçına qayıtmağa tələsirdim. Bakıdan gələndə Ağdamda qatardan düşüb, avtomobillə Laçına gedəndə dəlmələr deyilən yeri keçən kimi boynumu irəli uzadırdım ki, şəhərimizi tez görüm. Döngələri keçib yanacq doldurma stansiyasına çatanda gözəlim Laçın gözümün qarşısında canlanırdı. Çox çətindir mənə bu suala cavab vermək. Mən 4 yaşım olanda 34 yaşlı cavan atamı itirmişəm, məni el ağsaqqalı olan babam Hüseyn Abdullayev saxlayıb, böyüdüb, tərbiyə edib. Ata itgisi həmişə qəlbimi ağrıdıb, amma Laçın itgisini heç bu itgi ilə müqayisə etmirəm.


- 24 ildir ki, Laçınsız doğulanların öz uşaqları da Laçınsız doğulur. Siz necə düşünürsünüz, biz uşaqlarımızı laçınlı kimi böyüdə bilirikmi? 


- Bu məsələ fərdidir. Əksəriyyət öz övladlarını vətənpərvər ruhunda böyüdür. İtgidən sonra insanlarımız nə qədər böyük bir dəyəri itirdiklərinin fərqindədirlər. Bu işdə qadınların üzərinə böyük məsuliyyət düşür, məncə onların əksəriyyəti öz vəzifələrini layiqincə yerinə yetirirlər. Mənim 4 nəvəm var, onların üçünün atası laçınlı deyildir, amma anaları onları yüksək vətənpərvərlik ruhunda, Laçına sevgi ruhunda böyüdürlər, hətda soruşanda ki, haralısan, deyirlər ki, laçınlıyam. Bu ilin aprel ayının əvvəlində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Mən şahidi oldum ki, Laçında doğulmayan gənclərimiz cəbhəyə vuruşmağa can atırdılar. Bəli mən tam əminəm ki, yeni nəsl daha vətənpərvər laçınlıdırlar. Ümumiyyətlə mən "ay indiki cavanlar psidir, bizim dövrümüz yaxşı idi və s." şikayətlənənləri tez qocalı-qartalmış hesab edirəm. İndiki gəncləri daha patriot, savadlı, dünyagörüşlü hesab edirəm.


- Aprelin əvvəlində baş vermiş 4 günlük müharibədə Azərbaycan Ermənistan ordusunun gücünü yoxladı və ermənilərin zəif olduğunu bir daha sübut etdi. Münaqişənin iki yolla həlli var. Siz necə düşünürsünüz, əgər məsələ dinc yolla həll edilməzsə, Azərbaycanın Qarabağı işğaldan azad edəcəyi tarix daha 20 il uzanmayacaq ki?


- Bu il aprelin əvvəlində baş verən hərbi uğurumuz hər şeydən çox xalqımızda Qarabağ sevgisini alovlandırdı, böyük özünəinamı bərpa etdi, xüsusən gənclərdə yüksək vətənpərvərlik ruhu aşıladı. Münaqişə əslində 1988- ci ildən sonra öz formasını müharibə ilə əvəz elədi və bizim torpaqlarımızı Ermənistan əvvəl SSRİ rəhbərliyinin, sonra da Rusiya Federasiyasının yardımı ilə işğal edibdir. Məncə indiki şəraitdə sülh yolu ilə torpaqlarımızın azad edilməsi mümkün deyildir. Mən də istəyərəm ki, qan tökülmədən sülh yolu ilə ərazilərdən erməni silahlı qüvvələri çıxsın, məcburi köçkünlər öz ata-baba yurdlarına dönsün, bir müddətdən sonra da Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı əhalisinin iştirakı ilə referendum keçirilsin, Azərbaycanın tərkibində qalmaqla onlara bir status verilsin. Amma bu mümkün deyildir. Müxtəlif səbələrə görə üç mühüm qüvvə bunu istəmir: Ermənistan respublikası, dünya erməni lobbisi və Rusiya Federasiyası. Münaqişənin ədalətli həlli üçün müharibə labüddür. Böyük fransız filosofu Blez Paskalın bir yaxşı kəlamı var: "Qüvvəsiz ədalət şikəstdir". İndi çox şükür ki, biz hərbi cəhətcə Ermənistandan qat-qat güclüyük, amma təkcə bizim hərbidə üstün olmağımızla iş bitmir. Beynəlmiləşdirilmiş bu münaqişəyə bir çox dövlətlər öz maraqları ilə cəlb edilmişlər. Hazırda ABŞ və Qərb ölkələri ilə Rusiya arasında kəskin münasibətlər hökm sürür. Rusiya təkcə Qarabağla bağlı Azərbaycana öz hegomonluğu ilə problem yaratmayıb, bir baxın Ukrayna, Moldova, Gürcüstana, hər üç respublikada separatçıları dəstəkləməklə onlara da ağır problemlər yaradıb, hətda Gürcüstan və Ukraynaya silahlı təcavüz də edib. Amma bir məsələ bizim xeyrimizədir ki, artıq dünya erməni yalanlarına inanmır. Bu apreldə bizim ermənilərin təxribatlarına hərbi güclə cavab verərək, strateji yüksəklikləri geri almağımızda özünü bir daha göstərdi. Qarabağın işğaldan azad ediləcəyi tarixin daha 20 il uzanacağına inanmıram. Məncə apreldə ermənilərə layiqincə hərbi güc göstərilməsinə Rusiyanın loyal münasibət bəsləməsində Ermənistan hakimiyyətinin Avropa birliyi ilə bəzi danışıqlara getməsi də rol oynamşdı. İnanıram ki, ABŞ və Avropa ölkələri Ermənistanı Rusiyanın cəngindən qurtaracaq, Ermənistanın cinayətkar rejiminin sonu çatacaqdır.


- Sizcə münaqişə həll olunarsa ermənilərlə yenidən birlikdə yaşaya bilərikmi? 


Əvvəllər də belə münaqişələr olub, ancaq kiçik miqyaslı olduğu üçün barışıq tez baş tutmuşdur. Əgər barışığın baş tutduğu dövrə nəzər salsaq, aydın olacaq ki, hər dəfəsində də müstəmləkəsi olduğumuz Rusiya münaqişəni dayandırıb.


İndi biz müstəqil dövlətik, məhz ona görə də ermənilər Xocalı genosidini törətdilər ki, barışığa yol qalmasın. Azərbaycanın görün neçə-neçə şəhər və kəndləri yerlə yeksan edilib, Şuşa kimi mədəniyyət mərkəzimiz işğaldadır, Ağdam kimi gözəl şəhəri qaytaracaqlar deyə tamam dağıdıb, "ruhlar şəhərinə" çeviriblər, Laçını və digər yaşayış məntəqələrimizi qaytarmayacaqlarını düşündüklərindən məskunlaşma işləri aparıblar, qoca, uşaq demədən dinc əhali öldürülüb, qız-gəlinlərimiz zorlanıb, indi də əsirlikdədirlər. Bütün bunlardan başqa indi birgə yaşayış haqqında düşünmək belə istəməzdim. 


Amma reallıqla düşünəndə biz ermənilərlə birgə yaşamasaq da, qonşu yaşamağa məhkum edidiyimizi anlamalıyıq. Mən qonşuluğu belə düşünürəm ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edir, sərhədlər hərbi və kömrük üzrə ən ciddi qaydada qorunur, Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində qalmaq şərti ilə nəsə xüsusi status verilir. 


Zaman bütün yaraları sağaldır, qonşuluqda necə yaşayacağımızı isə onun öhdəsinə buraxaq.


Bizim dədə-babadan Gorusda bir kirvəmiz təxminən 1986ö cı ildə məni qızının toyuna dəvət etmişdi. Sözün düzü onlarla çox yaxın olmuşduq, get-gəlimiz var idi, o zamanlar üçün adi olan çox xoş münasibətimiz var idi. Mən onun xahişi ilə toy başlamazdan artıq evlərində idim, evinin qabaq hissəsindəki yaşılllığın içində geniş üstü açıq yerdə qonaqlıq masaları hazır idi, erməilər ər-arvad cütlüyü ilə toya gəlməyə başlamışdı. Mən ona dedim: Qorik, Siz ermənilər yaxşı gəlirsiniz toya, səliqə-sahmala v s. Yaxşı sözü ağzımdan çıxan kimi dedi ki, ərə sən nə danışırsan, yaxşı Sizsiniz, bunların belə toya gəlmələri səni aldatmasın, bunlar daha yaxşı yaşayandan sonra qudururlar. Mən ona diqqətlə baxdım və təəcüb qaldım ki, bu Qorik nə danışır?


Sonra məlum hadisələr başlayanda başa düşdüm ki, bu kirvəmiz nə qədər də özlərini tanıyırmış. Qudurmaq itlərə xas olan xəstəlikdir, onun dişlədiyi adama "stolbnyak" iynəsi vururlar ki, fəsad törənməsin. Bu fəsadın təsiri hələ uzun illər bizim canımızdan çıxmayacaqdır. 

Qudurmuş itləri isə güllələyirlər.


Nə qədər ki, ermənilər kif basmış ideologiya ilə yaşayırlar onlarla dinc-yanaşı yaşamaq mümkün olmayacaqdır.


- Laçının keçmiş icra başçısı, sizin dostunuz Azər Məmmədov müsahibələrinin birində belə bir ifadə işlətmişdi: "Laçında "sənölümüz","mənölümüz", "çörək haqqımız" qaldı". Qəzənfər müəllim, Laçında nəyimiz qaldı? 


Azər müəllim çox doğru deyib, onun müsahibəsini oxumuşam. Bilirsiniz bəlkə də Laçın uca dağlarla əhatə edildiyindən düzənliklərin sırtıq küləklərindən xilas olmuş, başqa bir dünya idi. Nə bilim? Laçının havası, suyu, yalçın qayalı dağları, sıx ormanlı meşələri qaldı. Sözsüz ki, təbiət insanın formalaşmasında mühüm rol oynayır, genetikamızda nəsə qalıb oradan, amma nə vaxta qədər qalacaq, müəmmalıdır. Orada qazanılan müsbət hələ camaatımızda qalmaqdadır. Düzü yaşadığım yerdə laçınlılar azdır, amma xeyirdə-şərdə görüşəndə həmin dəyərlərdən güc alıram sanki. Bu yaxınlarda dostum Tofiq Novruzovla "Taxta körpü"yə şəhidmiz rəhmətlik Ülvinin yas mərasiminə getmişdik, baş sağlığından əvvəl və sonra orda həmyerlilərimizlə görüşümdən böyük enerji aldım, Sizin də təşkilatçılığınızla keçirilən tədbirlərdəki görüşlərimiz mənim üçün çox önəmlidir. Hər bir tanıdığım və tanımadığım laçınlını görəndə sevinirəm. Niyə də sevinməyim, axı biz bir sevgilinin övladlarıyıq. Bax bu hissləri çoxumuz özümüzlə gətirmişik və ölənədək də qoruyacağımıza əminəm. 


- Laçın yuxunuza girirmi? Həkərinin sahili, məhəlləniz, eviniz. Qarış-qarış gəzdiyiniz füsunkar Laçın dağları.


- Laçın yuxuma girir. Ən çox da şəhərdə, polis şöbəsinin qarşısında yaşadığım evin həndəvəri giri yuxuma. Tez-tez gördüyüm yuxularımda nə qədər istəsəm də yenicə tikdirdiyim, cəmisi 11 ay yaşadığım həyət evinə gedə bilmirəm. Bu yuxular heç yadımdan çıxmır, bir dəfə getdim, qonşular dedi ki, bu evdə başqa adamlar yaşayır, özləri bilirlər ki, bu ev Sizindir, amma çıxmaq fikirləri yoxdur. Nə qədər çalışsam da evimiz zəbt edən adamlarla görüşə bilməmişəm yuxumda. 

Mənim üçün Laçında ən müqəddəs yer, "Dağdağan bulağı"nın yanındakı evimizdir, ora mənim babamdan qalma evdir. bütün uşaqlığım, gəncliyim keçmişdi orda, həyatda mənə ən əzizi olan insanlar babam-nənəm orda yaşamışdılar, orda məni nəvazişlə böyütmüşdülər. 


Nə vaxtsa mənli, ya mənsiz bütün işğalda olan ərazilərimizin, həmçinin doğma Laçının azad ediləcəyinə inanıram. Buna böyük inamım vardır, yaddaşımıza, ruhumuzun yüksəkliyinə inanıram. Ruh məqsədimizə güc verir, yönəldir, qətiyyətlilər məqsədlərinə çatırlar. İnanıram ki, qətiyyətli Azərbaycan bu namus ləkəsini üstündən siləcəkdir.


- "Laçın yurdu" jurnalının baş rdaktor müavini Araz Yaquboğlunun sizə bir sualı var. Laçına qayıdanda kimlərə qonaqlıq verəcəksiz? 


Təki Laçın alınsın, qonaqlıq verməyə çox adam var. Əgər fərdiləşdirsək, Laçının fəxri vətəndaşı hesab etdiyim Araz Yaquboğluna, sənə, Arif Məmmədliyə, bir də facebook-dan tanıyıb, Laçın alınanda oraya dəvət edəcəyimə söz verdiyim dostlara qonaqlıq vermək istərdim. Həyatım boyu təbiət qoynunda özüm kabab bişirməyi sevmişəm və deyilənə görə də pis bacarmıram. Qonaqlıq süfrəsini də özüm hazırlayacam. Lap cavanlığımdan Laçında qonaqları qəbul etmək, yola salmaq mənim bəxtimə düşmümşdü. Laçına vaxtı ilə qonaq gələn "qohum, dost-tanış"ların borcundan qonaqlıqla çıxmaq asan olacaq, çünki orda çox olsalar da burda az oldular. Təki arzumuz çin olsun, böük həzzlə qonaqlıq verəjem! 


- Suallar arasında olmayan, lakin eşitmək istədiyiniz hansı sual var idi?


- Qəzənfər Hüseynov, neçə yaşınız vardır, bu yaşınızda özünüzü necə hiss edirsiniz? 

Belə bir sula versəydiniz cavab verərdim ki, bu ilin sentyabr ayının 16-da 69 yaşım tamam olacaq, Laçın itgisindən nə qədər niskilli olasam da, Laçından çıxdığım yaşdayam, 45 yaşımdayam, vüsala çatmaq arzusunda olan sevən adam kimiyəm.


- Qəzənfər müəllim, maraqlı müsahibə üçün sizə öz təşəkkürrümü bildirirəm.


- Mən də sizə öz təşəkkürümü bildirirəm!

Sizin Reklam Yeriniz