Əlaqə Arxiv
news Image
2016.05.19
12:42
| A A A
İcbari tibbi sığortanın tətbiqi ciddi islahatların aparılmasını tələb edir
İsa Əliyev: “İcbari tibbi sığortanın tətbiqi zamanı istifadə ediləcək ödəniş mexanizmləri tibb müəssisələrini daha səmərəli fəaliyyət göstərməyə və daha keyfiyyətli tibbi xidmətlər təklif etməyə stimullaşdıracaq”

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi illərdir ki, ləngisə də, artıq yaxın vaxtlarda ölkəmizdə icbari tibbi sığorta mexanizminin işə düşəcəyi gözlənilir. Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması, bu qurumun mütəxəssislərinin icbari tibbi sığorta sahəsində Azərbaycan üçün ən uyğun modeli öyrənməsi istiqamətində gördüyü işlər də təsdiqləyir. İndi hamı Azərbaycanda icbari tibbi sığorta modelinin necə olacağını, bura hansı xəstəliklərin daxil olacağı ilə maraqlanır. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  monitorinq, təhlil, informasiya texnologiyaları  şöbəsinin müdiri İsa Əliyevlə müsahibəmizdə oxucularımızı maraqlandıran suallara aydınlıq gətirməyə çalışdıq. 


-İsa müəllim, icbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər hazırda hansı mərhələdədir?


- Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunub. İcbari tibbi sığortanın tətbiqi məqsədilə Agentliyə müəyyən sayda kadrlar cəlb edilib və işçi heyətinin formalaşdırılması davam edir. Eyni zamanda, mövcud vəziyyətin təhlili və icbari tibbi sığortanın tətbiqi imkanları və icbari tibbi sığorta modelinin hazırlanması prosesinə cəlb olunub. Dünya Bankı və Avropa İttifaqının müvafiq layihələri çərçivəsində bir neçə dəfə ekspert qrupları Bakıda olub. 

-Bunun üçün pilot rayonun seçilməsi nəzərdə tutulurdu. Bu hansı rayondur? 


- İcbari tibbi sığortanın irimiqyaslı bir proqram olduğunu və ölkənin bu sahədə geniş təcrübəyə malik olmadığını nəzərə alsaq, layihənin mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Hal-hazırda müxtəlif rayonların yerli şəraiti qiymətləndirilir və icbari tibbi sığortanın ilkin olaraq rayonlar səviyyəsində pilot qaydada tətbiqi mümkündür. 


-İcbari tibbi sığorta paketinə ilk növbədə hansı xəstəliklərin daxil  edilməsi nəzərdə tutulur? 


- Xidmətlər paketinin həcmi və əhalinin təminatı maliyyə resurslarından, əhalinin ehtiyaclarından və səhiyyənin mövcud imkanlarından asılı olur. İnkişaf etmiş ölkələrdə adətən hansı xidmətlərin paketə daxil edilməsi deyil, hansı xidmətlərin daxil edilməməsi üzərində müzakirə aparılır, çünki əksər xidmətlər paketə daxil edilir. 

Eyni zamanda, xidmətlər paketi çərçivəsində müxtəlif əhali qruplarına müxtəlif səviyyədə təminat verilir və bu zaman həmin şəxslərin ödəmə qabiliyyəti nəzərə alınır. Bir çox ölkələrdə ilkin səhiyyə xidmətləri, təcili və təxirəsalınmaz tibbi xidmətlər və insanların daha çox ehtiyac duyduqları və yüksək xərc tələb edən xəstəxana xidmətləri tibbi sığorta vasitəsilə böyük həcmdə ödənilir. Tibbi xidmətlər paketinin hazırlanmasında qabaqcıl metodologiyalar tətbiq ediləcək və tibbi xidmətlər paketi müasir ehtiyaclara və imkanlara uyğun tərtib ediləcək.


-İcbari Tibbi sığorta üçün tibb müəssisələri seçilərkən hansı meyarlar əsas götürüləcək?


- İcbari tibbi sığortanın tətbiqi zamanı istifadə ediləcək ödəniş mexanizmləri tibb müəssisələrini daha səmərəli fəaliyyət göstərməyə və daha keyfiyyətli tibbi xidmətlər təklif etməyə stimullaşdıracaq. Tibb müəssisələri ilə Agentlik arasında müqavilələr bağlanarkən həmin müəssisələrin göstərdikləri tibbi xidmətlərin keyfiyyəti, maddi-texniki və kadr potensialı, habelə inzibati-idarəetmə təcrübəsi nəzərə alına bilər.  

-Tibb müəssisələrində tibbi xidmətlərin qiyməti fərqli olduğundan icbari tibbi sığortaya daxil edilən xidmətlərin qiymətləri necə müəyyənləşdiriləcək? 


- Qeyd edim ki, icbari tibbi sığorta zamanı təminat veriləcək tibbi xidmətlərin qiymətləri başqa tibb müəssisələri ilə müqayisəli şəkildə müəyyənləşmir. Tibbi xidmətlərin qiymətləri tibb müəssisələrinin əhatə etdiyi əhali qruplarının demoqrafik və sağlamlıq vəziyyətindən, tibbi xidmətlərə olan ehtiyaclarından, tibb müəssisələrinin gücündən, maddi-texniki bazasından, kadr potensialından, xidmətlərin göstərilməsi üçün cəlb edilən resurslardan asılı ola bilər. Bütün bunlar dəqiq texniki hesablamalar tələb edir. Lakin ümumilikdə bildirim ki, ilkin səhiyyə xidmətlərində adətən adambaşına ödəniş mexanizmi tətbiq edildiyindən bir nəfər üçün məbləğ müəyyən edilir. Xəstəxana xidmətlərində isə hər bir xəstəlik halı üçün məbləğ müəyyən edilir və müəyyən uyğunlaşdırmalar aparılmaqla ölkə üzrə vahid ödəniş məbləğləri tətbiq edilir. Qiymətlərin müəyyən edilməsi və ödənişlərin aparılması zamanı nəzərə alınmalı əsas məqamlar ondan ibarətdir ki, səhiyyənin maliyyələşməsi sistemində şəffaflıq təmin edilsin, müəyyənləşdiriləcək qiymətlər tibb müəssisələrini daha keyfiyyətli xidmət göstərməyə və səmərəli fəaliyyətə stimullaşdırsın, habelə səhiyyə sahəsində yeni texnologiyaların və müalicə metodlarının tətbiqinə şərait yaratsın. 


-Bəzi dərman preparatlarının icbari tibbi sığorta paketinə daxil edilməsi nəzərdə tutulubmu?


- Dərman vasitələri tibbi xidmətlər üzrə xərclərin əhəmiyyətli hissəsini təşkil edir. İcbari tibbi sığortanın tətbiqi zamanı tibbi xidmətlərlə yanaşı, dərman vasitələrinin də müəyyən formada tibbi xidmət paketinə salınması imkanları araşdırılır.   


-Bu prosesin başa çatması nə vaxta nəzərdə tutulub?


- İcbari tibbi sığortanın tətbiqi yalnız maliyyələşmə deyil, səhiyyə və sosial və digər sahələrdə ciddi islahatların aparılmasını tələb edir. Bir çox ölkələr oxşar sistemlərin qurulmasına illərlə vaxt sərf ediblər. Bu hər bir ölkənin daxili imkanlarından, səhiyyənin inkişaf səviyyəsindən, əmək bazarından, ümumi iqtisadi inkişafından, xüsusilə səhiyyə sahəsində müasir idarəetmə təcrübəsindən və bu kimi bir çox amillərdən asılıdır. Azərbaycanda daha öncə bu və ya digər formada sosial tibbi sığorta sistemi olmadığından bu proses mərhələli şəkildə həyata keçirilə bilər. 2016-cı ilin sonu, 2017-ci ilin əvvəli icbari tibbi sığortanın pilot qaydada həyata keçirilməsi nəzərdə tutulur, daha sonra isə proqramın əhatə dairəsi genişlədiriləcək. Əminik ki, davamlı dövlət dəstəyi, səhiyyənin mövcud maddi-texniki bazası, ölkəmizdə yüksək ixtisaslı kadrların mövcudluğu və cəmiyyətin bu prosesə aktiv şəkildə qoşulması nəticəsində icbari tibbi sığorta yaxın vaxtlarda ölkəmizdə uğurla tətbiq ediləcək.





Sizin Reklam Yeriniz