news Image
2016.06.01
16:50
| A A A
Yüksək ideyalarla irəliləyən gənc
ADNSU məzunu Cəlal Şirəlizadə: “ADNSU tez bir zamanda dünya səviyyəli universitetə çevriləcək” “Yəqin ki, illər sonra ADNSU haqqında bir kitab yazılacağı halda tarixi professor Mustafa Babanlıdan əvvəl və sonra olaraq ikiyə ay

Bu gün sizə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecement fakültəsinin (İMF) 2012-2016-cı illər üzrə təhsil alan və bu il məzun olacaq tələbələrdən ən yaxşısını təqdim edəcəyik. Müsahibimiz Cəlal Şirəlizadə təhsil aldığı müddət ərzində verdiyi bütün imtahanlardan (44 imtahan) A qiyməti alaraq təkrarlanması mümkünsüzə yaxın olan bir uğura imza atıb. Müsahibə boyunca Cəlalın necə biri olduğunu, bu uğura necə imza atdığını, ümumilikdə universitetimizlə bağlı fikirlərini və gələcək planlarını öyrənməyə çalışacağıq.


- Cəlal, bir az özünü tanıt. Səni köhnə adı ilə seçib daxil olduğun Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA), yeni adı ilə bitirdiyin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə gətirən səbəblər nə idi?


- Mən təhsilin önəmini dərk edən və bunu kiçik yaşlarımdan etibarən mənə aşılayan həkim və mühəndis oğluyam. Məktəb vaxtından lap aşağı siniflərdən sona qədər hər zaman oxuduğum təhsil müəssisələrinin ən seçilən tələbələrindən biri olmuşam və daim birincisi olmağa çalışmışam. Hesab edirəm ki, bu günə qədər əldə etdiyim nəticələr də məhz bu birincilik arzusunun və onun uğrunda apardığım mübarizənin məhsuludur. Universitet seçimi ilə bağlı 11-ci sinfin əvvəllərindən etibarən düşünməyə başlamışam və təhsil aldığım "Araz" hazırlıq kurslarının təsiri ilə bir az Qafqaz universitetinə, bir az da həmin dönəmin ən populyar universiteti hesab edilən Prezident yanında İdarəçilik Akademiyasına meyilli olmuşam. Xaricdə təhsil almaq arzum isə müəyyən obyektiv və subyektiv səbəblərdən baş tutmayıb. Hazırlıq dönəmində əldə etdiyim uğurlu nəticələri ən zəruri olan vaxt - abituriyentlərin dili ilə desək "həyatımızı dəyişəcək 3 saat" boyunca qazana bilmədim və hədəflədiyim nəticədən 127 bal az bal topladım (573). Bu həmin dönəmə qədər başıma gələn bəlkə də ən pis hadisə idi, amma zamanla anladım ki, hər işdə bir xeyir var və bu balın önəmi sadəcə I kursun ilk gününə qədərdir, sonrası yeni başlanğıc, yeni mübarizələr və onlarla başqa 3 saatlardır. Təbbi ki, topladığım bala əsasən ödənişsiz təhsil ala biləcəyim yeni alternativlər ortaya çıxdı - BDU, İqtisad Universiteti və ADNA-ADNSU. Birinci alternativi beynimdə dərhal sildim, çünki çoxlu sayda qohum, tanış orda oxuyurdu və bilirdim ki, istədiklərimi əldə edə biləcəyim bir yer deyildi. Yerdə qalan iki variant arasında seçimdə həm valideynlərimin məsləhəti, həm də orta məktəbdə oxuduğum müddətdə baş verən 30 Aprel terror hadisəsinin təsirinin hələ də üzərimdə olması həlledici rol oynadı. Və mən ADNA tələbəsi oldum.


- İlk təəssüratların necə oldu və bunlar zamanla necə dəyişdi?


- Düzünü desəm, ilk təəssüratlarım heç də xoş deyildi. İlk dəfə qeydiyyat üçün gəldiyim zaman əsas binada deyil, İqtisadiyyat fakültəsi üçün ayrılmış binada təhsil alacağımı öyrəndim. Qarşıma çıxan bir neçə nəfərdən bu binanın yerin öyrənməyə çalışsam da, tanıyan olmadı, axırda küçənin ünvanı ilə gəlib çıxdım. Binanın xarici görünüşü çox pis vəziyyətdəydi. El arasında belə deyim var: "İnsanı görünüşünə görə qəbul edib ağlına görə yola salırlar." Mən də məhz görünüş baxımından bəyənmədiyim bu binada 4 il boyunca necə təhsil alacağımı düşünə-düşünə qeydiyyat üçün ora daxil oldum. Daxili görünüşün daha qənaətbəxş olması, qeydiyyat prosesinin səmimi bir şəraitdə keçməsi, daha sonralar baş verən onlarla gözəl hadisələr bu binanı çox sevməyimə gətirib çıxardı və mən bunun sayəsində ilk dəfədən mühakimə etməməyi öyrəndim. Həmin bina Nizami küçəsində yerləşir və III korpus adlanırdı və keçmiş dekanımız Azad Əliyevin təşəbbüsü və səyləri nəticəsində daha sonra yüksək səviyyədə təmir edilmişi. Artıq gələn ildən həmin bina Fransız – Azərbaycan Universitetinin binası olacaq.


- ADNSU həm təhsil, həm ənənələr baxımından bir gənc üçün nə verir?


- Azərbaycan neft ölkəsidir. Son dönəmdə digər sahələrin də inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün böyük addımlar atılsa da istər tarixi, istərsə də müasir dövrdə dünya bazarında iştirak baxımından neft bizim üçün çox önəmlidir. Təbii ki, belə olan halda böyük ənənələrə, tarixi keçmişə malik olan, adı birbaşa neftlə bağlı olan bir universitetdə təhsil almaqla çox şeylər əldə etmək olar. Hazırda burada təhsil almaq üçün çox yaxşı şərait var və günü-gündən daha da yaxşılaşır. ADNSU mükəmməldirmi? Xeyr! Səhvsiz insan olmadığı kimi, qüsursuz universitet də ola bilməz. Lakin hesab edirəm ki, yüksək səviyyədə təhsil almaq, özünü istər ixtisaslı kadr, istərsə də cəmiyyətə yararlı bir vətəndaş kimi yetişdirmək istəyən gənclərimiz ADNSU-ya qəbul olub bu şəraiti və imkanları öz gözləri ilə görə bilərlər.


- Son ildə, IV kursda universitetdə hansı dəyişikləri müşahidə etdin və gələcək üçün nə düşünürsən?


- İlk öncə təbii ki, ad dəyişdi. ADNA-dan ADNSU-ya keçid elədik və hesab edirəm ki, bu dəyişimlə birlikdə universitetimiz yenidən canlandı. Yəqin ki, illər sonra ADNSU haqqında bir kitab yazılacağı halda tarixi professor Mustafa Babanlıdan əvvəl və sonra olaraq ikiyə ayırmaq olar. Tələbələrin birbaşa şahid olduğu və onların sayəsində ictimaiyyətə də məlum olduğu kimi, cənab rektor həqiqətən də böyük işlər görüb və görməyə də davam edir. Qeyri-adi bir şey edirmi? Yox, sadəcə lazım olanı edir. Təssüf ki, cəmiyyətimizdə düzgün işləyən və öz işini bilən şəxslər inqilab etmiş, fövqəltəbii insan hesab edilir. Lakin Mustafa Babanlını fərqləndirən əsas cəhət odur ki, o, çox qısa zamanda düzgün və qəti addımlarla uğurlu nəticələr əldə etdi. Hesab edirəm ki, onun yaratdığı və uzun illər davam edəcək bu irsə görə hələ uzun müddət bu şəxsə minnətdar olacağıq. Əminliklə deyirəm ki, o, artıq indidən ona etibar edən Prezidentin və 6 ay boyunca yeni rektor gözləyən tələbələrin ümidlərini artıqlaması ilə doğruldub. Mən rektorumuzun yeniliklərini aşağıdakı kimi sıralamaq istərdim:

ƏDALƏTLİ VƏ TAM ŞƏFFAF MÜHİT YARATDI. 

Hələ də bəzi universitetlərdə mövcud olan, təhsilin ən böyük düşməninə çevrilən rüşvət və tapşırıq kimi uzun illər təhsilimizin "boğazından" yapışan iki məfhumu birdəfəlik söküb atdı. Təbii ki, əziyyəti qarşılığında qiymətləndiriləcəyindən əmin olan tələbəyə oxumaq və özünü inkişaf etdirmək üçün bundan gözəl şərait ola bilməz.

BARİERLƏRİ ARADAN QALDIRDI. 

Əvvəlki illərdə universitetin yüksək vəzifəli şəxsləri ilə danışmaq, nədənsə şikayət etmək, yaxud hər hansı bir problemi çatdırmaq müşkül məsələ idi. Lakin Mustafa müəllim həftəlik qəbul, "açıq mikrofon" günləri həyata keçirir, gənclərin ən aktiv olduğu yerdə, sosial mediada belə, bir sıra hallarda sualları və problemləri dinləyib onlara aydınlıq gətirir və həlli üçün tapşırıqlar verir. Yanında "cangüdənlər" toplusu olmayan, hər zaman bizdən biri kimi davranan bu insana hörmət etməmək və sevməmək mümkün deyil.

TƏLƏBƏYƏ ƏN YÜKSƏK SƏVİYYƏDƏ HÖRMƏT QOYULDU. 

Əvvəlki illərdə qeyd etdiyim boşluqlardan suistifadə edərək bəzi müəllimlər tələbələrin haqqını tapdalayır, onlar üçün problem yaradırdılar. Lakin sistemin tamamilə şəffaflaşdırılması ilə bərabər müəllim-tələbə münasibətləri də yeni bir fazaya keçdi. Qarşılıqlı hörmət üzərində olan bu münasibətlər tələbələrə daha sərbəst olmaq, istər yaxşı məsələlər, istərsə də problemlər barədə daha rahat danışıb fikir mübadiləsi etməyə imkanı verdi.

TƏHSİLİN SƏVİYYƏSİNİN ARTIRILMASI VƏ İŞINDƏ PEŞƏKAR OLACAQ İXTİSASLI KADRLARIN HAZIRLANMASI ÜÇÜN BÖYÜK ADDIMLAR ATDI.

 Dərslərin daha yüksək səviyyədə həyata keçirilməsi üçün çalışan rektor nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə universitetimizin nüfuzunun artırılması üçün faəliyyət göstərir. Növbəti ildən açılacaq bir sıra ingilisdilli fakültələr, Fransız-Azərbaycan məktəbi təhsilin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm addımlar olacaq.

Ümumiləşdirsək, ustafa Babanlı universiteti bəlkə də adının dəyişməsi ilə birlikdə 0-dan yaradıb. Ümid edirəm ki, növbəti illərdə onun başçılığı altında daha böyük uğurlar əldə edərik. M


- Təhsil aldığın fakültənin ən yaxşı tələbəsisən. Bu uğuru kimə və nəyə borclusan?


- İlk öncə özümə. Dediyim kimi, mən birinci olmaq uğrunda yaşayan bir insanam. İlk dəfə dərsə daxil olarkən də, sonuncu imtahandan çıxarkən də, hər zaman beynimdə ən yaxşı olmaq istəyi olub və şadam ki, çox çalışaraq istədiyim nəticəni əldə eləmişəm. Daha sonra ailəmə minnətdaram. Onlar mənə hər zaman dəstək olublar və belə bir şəraitdə mənə düşən onların ümidlərini doğrultmaq olub. Bunu edə bildiyim üçün də özümü çox xoşbəxt hiss edirəm. Nəhayət, universit həyatımda qazandığım uğurların əsas memarları olan müəllimlərim və tələbə yoldaşlarım. Mən I kursdan IV kursa doğru ən sevdiyim müəllimlərin adını vurğulamaq istərdim:

Səadət Zeynalova - ilk dəfə dərsində iştirak etdiyim istər yaxşı müəllim, istərsə də yaxşı bir dost olan, 4 il boyunca hər zaman məni dəstəkləyən və demək olar ki, bütün tələbələrin sevimlisi olan mükəmməl bir insan; Ağasəf İmran - fakültəmizin mənə görə ən savadlı üç müəllimindən biri. Dərsində çox həvəslə iştirak etdiyim və hər zaman yeni şeylər öyrəndiyim, həmçinin şair təbiətli maraqlı bir insan; Vaqif Abdullayev - çox savadlı, çox tələbkar və çox yaxşı bir insan. İstər müəllim kimi, istərsə də insani keyfiyyətləri baxımından bütün müəllimlərə nümunə göstərilə biləcək elm adamı; Rəna Məmmədova - ən sevimli məşğələ müəlliməm. Hər zaman öz üzərində çalışan, yenilik axtarışında olan və bunları dərs metodlarına da tətbiq edərək bizim əylənərək öyrənməmizə vəsilə olan gözəl insan; Əli Səlimov - çətin xasiyyəti və tələbkarlığı ilə yanaşı dərsdə, yaxud dərsdən kənar hər hansı bir məsələ ilə bağlı rahatlıqla məsləhətləşə bildiyim, mənə hər zaman dəstək olan sevimli müəllimim; Əkimə Əhmədova - möhkəm xarakterli, tələbkar, bununla yanaşı tələbə dostu olan, istər təhsillə, istər başqa bir problemlə bağlı məsləhətləşə bildiyim, tələbələrin sevimlisi, gözəl bir insan; Səadətdin Abdıyev - tədris etdiyi fənnin sözün əsl mənasında piri olan, semestr boyu qiymət almaqda çətinlik çəkdiyim, lakin hər zaman əziyyəti qiymətləndirən, tələbə dostu bir insan; Yetər Əliyeva - onun 1 dərsində sadəcə iştirak etmə şansı əldə etmək üçün dünyaya bir daha gəlsəm ADNSU-nun İqtisadiyyat və Menecement Fakültəsini seçərdim. Fakültəmizin ən savadlı müəllimi, tələbələrə inanılmaz dərəcədə böyük hörmət qoyan, istər dərslərindən, istərsə də insani keyfiyyətlərindən çox şey öyrəndiyim mükəmməl bir insan; Mehriban Quliyeva - gənc yaşına rəğmən çox savadlı və böyük dünyagörüşünə sahib olan, fikirlərindən çox təsirləndiyim, çoxlu sayda xüsusiyyətlərini örnək aldığım, imtahanına ən ciddi səviyyədə və ən uzun müddət hazırlaşdığım, fənnindən A aldıqda ən çox xoşbəxt olmağıma səbəb olan ideal bir insan.

Bununla yanaşı keçmiş dekanım Azad Əliyev, yeni dekanım İlham Rüstəmov, dekanımızın müavini Mila xanım və bütün digər işçilərin dəstəyini hər zaman hiss etmişəm. Ümumiyyətlə hesab edirəm ki, ADNSU-nun ən yaxşı, ən prestijli fakültəsi bizim fakültəmizdi və gələcək illərdə də daha uğurlu fəaliyyətlə bunu doğrultmalıyıq.

İnsanın uğurlu nəticə əldə etməsi üçün zəruri olan faktorlardan biri də onun olduğu mühitdir. Bu baxımdan mən şadam ki, 4 il boyunca günümün böyük bir hissəsini çox maraqlı və rəngarəng tələbə yoldaşlarımla keçirmişəm. Anar, Turan, Pərvin, Rüstəm, Ramilə, Təbriz, Nərmin, İslam, Qumru və Natiq başda olmaqla, bütün tələbə yoldaşlarıma həyatımın önəmli bir hissəsində yer aldıqları üçün minnətdaram və ümid edirəm ki, özlərinə uğurlu bir gələcək quracaqlar.


- Gələcəyin savadlı ütəxəssisi kimi ADNSU-nun gələcəyini necə görürsən və səncə daha nələr edilməlidir?


- Məşhur iqtisadçı Steven Landsburg özünün "Armchair economist" kitabına bu cümlə ilə başlayır - "İstənilən iqtisadiyyatı 4 sözlə izah etmək olar: İnsanlar stimullara reaksiya verir, yerdə qalan şeylər təfərrüatdır". Hesab edirəm ki, bu prinsip ümumilikdə idarəçiliyə də aid edilə bilər. Yəni uğurlu bir sistem qurulması üçün tələbələrin, müəllimlərin, idarəçilərin stimullaşdırılması mütləqdir. Tələbə əldə edəcəyi yüksək nəticələrə görə mükafatlandırılacağını, yaxud hər hansı bir şəkildə fərqləndiriləcəyini bildiyi zaman daha əzmlə çalışa bilər. Eyni zamanda müəllimlərin stimullaşdırılması üçün müxtəlif tədbirlər görülə bilər. İstər savad dərəcəsinə, dərs demə qabiliyyətinə, tələbələrin fikirlərinə, yaxud başqa standartlara əsaslanaraq müəllimlərin maaşlarının bir-birindən fərqləndirilməsi, "Ayın müəllimi" tipli, ya da buna bənzər hər hansı bir layihənin keçirilməsi onların stimullaşdırılmasına, nəticədə tədrisin keyfiyyətinin artmasına gətirib çıxara bilər. Bu prosesi iqtisadiyyatda gəlir və rəqabət məfhumları ilə əlaqələndirsək, universitetə qəbul olub təhsil almaq tələbənin gəliri hesab oluna bilər. Bunu daha da mükəmməlləşdirmək üçün tətbiq ediləcək stimullaşdırıcı vasitələr təhsilin keyfiyyətinin artmasına və daha savadlı kadrların ortaya çıxmasına səbəb ola bilər. Müəllim və tələbələrin stimullaşdırılması nəticəsində əldə olunacaq uğurlu nəticələr idarəçilərin stimulları ola bilər. İnanıram ki, cənab Mustafa Babanlının həyata keçirdiyi və gələcəkdə həyata keçirəcəyi islahatlar bu prosesi daha da sürətləndirəcək, ADNSU tez bir zamanda dünya səviyyəli universitetə çevriləcək.


- Universiteti bitirirsən, heyfsiləndiyin nələrsə varmı?


- Həyatın hər yeni səhifəsinə keçəndə təbbi ki, müəyyən üzüntü olur. Həmçinin yaşın artması ilə bərabər məsuliyyət artır, əyləncə azalır və getdikcə daha da böyük hədəflər uğrunda daha böyük mübarizələrə daxil olursan. Heyfisləndiyim üç məqamı qeyd edərdim:

Rektor və onun gətirdiyi dəyişikliklərin ən başdan olmasını istərdim. Bu gün ən azı həftədə bir dəfə hansısa şirkət nümayəndəsi və ya başqa bir qonağın iştirakı ilə müxtəlif görüşlər keçirilir, yeni-yeni layihələr təqdim olunur. Bu prosesin bir az gec baş verməyi mənim üçün üzücüdür. Amma hesab edirəm ki, aşağı kurs tələbələri və indiki abituriyentlər növbəti illərdə qarşılaşacaqları gözəl imkanlardan faydalanaraq daha yaxşı inkişaf edə bilərlər; Dərslərində həvəslə iştirak etdiyim müəllimlərin dərslərində təkrar iştirak etmə şansı əldə edə bilməyəciyim üçün də heyfsilənirəm. İnsan bir şeyi itirdiyi zaman onun dəyərini anlayır, təəssüf ki, bu belədir. Hesab edirəm ki, dərslərin video yazılarının saytda yerləşdirilməsi həm universitetimizi seçmək istəyən abituriyentlər üçün dərsin keyfiyyəti ilə tanış olmaq baxımından yaxşı olar, həm də bizlərə müəllimlərimizi təkrar görmə və virtual da olsa dərslərində iştirak etmə şansı verər; III kursda təhsil alarkən çox istədiyim 2 tələbə yoldaşımdan bəhs edən və qarşılıqsız olan bir eşq haqqında kitab yazmışdım, təssüflər olsun ki, daha yaxşı bir sonluq istəsəm də, real həyata uyğun yazıldığında kitab bədbin sonluqla bitdi.


- Gələcək planların nədir?


- İlk öncə təhsil. Magistratura pilləsi üzrə təhsilimi Avropada davam etdirib ixtisaslı kadr olaraq formalaşmaq istəyirəm. İnanıram ki, daha böyük bir mühitdə özümü daha yaxşı göstərə və inkişaf etdirə bilərəm. Azərbaycanı xaricdə təmsil edəcək ixtisaslı kadrların çoxluğu ölkəmizin daha da qüdrətlənməsinə gətirib çıxara bilər. Tam olaraq bütün gələcəyimi planlaşdırmasam da, 50 yaşdan sonra Avstraliyanın ucqar bir yerində fermer həyatı yaşamaq istəyirəm və inanıram ki, bu arzuma daha tez çata biləcəm.


- Aşağı kurs tələbələrinə və gələcək tələbələrimizə tövsiyyələrin nədir?


- Dostlar, özünüzü inkişaf etdirmək üçün hər vasitədən istifadə edin. Bəhanələrə söykənməkdənsə, onları yox edin. Dil öyrənin. Hər öyrəndiyiniz yeni dil, yeni bir qapının açarıdır. İnsanlardakı müsbətləri oğurlayın, bu cinayət deyil. Planlı iş görün, bu, uğura aparan kəsə yoldur. Az yatın, bunun üçün gələcəkdə çox vaxtınız olacaq. Alternativlər arasında seçim edərkən 100 ölçüb bir biçin. Dəyişə bilməyəcəyiniz şeylərə görə şikayətlənməyin, ya da məyus olmayın. Nə olursa olsun, pozitiv olun. Sona qədər mübarizə aparın. Həyatda hər zaman qalibiyyət xəttində qalmaq mümkün deyil, bəzən büdrəyə, bəzən isə hətta yıxıla bilərsiz. Uğur - yenidən qalxmağı bacarmaqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs