news Image
2016.06.03
11:00
| A A A
Hədəf hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır

Qorxmaz Hüseynov: "Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən layihələr müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir"



Onların fəaliyyəti hər birimizin gündəlik həyatında özünü  əks etdirir. Elə gündəlik həyatımızın asan, komfortlu olması da məhz onların fəaliyyətindən, əməyindən birbaşa asılıdır.   Amma bu peşə sahiblərinin gördüyü işlərin çərçivəsi təkcə vətəndaşların məişət həyatlarının yaxşılaşdırılması, rahat olması ilə məhdudlaşmayaraq, daha geniş olub, ölkə miqyasını əhatə edir. Bu mənada müasir Azərbaycanın sosial-iqtisadi  tərəqqisində sözügedən peşə sahiblərinin də özünəməxsus yeri var. Söhbət insanların  sosial rifahının yaxşılaşdırılmasında böyük zəhməti olan su təsərrüfatı işçilərindən, onların hər bir fərd, bütövlükdə cəmiyyət üçün zəruri olan gündəlik  əməyindən gedir.

Qarşıdan su təsərrüfatı işçilərinin peşə bayramı gəlir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov "Mövqe" qəzetinə müsahibəsində su təsərrüfatı işçilərinin peşə bayramı gününün təsis edilməsini Prezident  İlham Əliyevin digər sferalarda olduğu kimi bu sahədə çalışanlara yüksək diqqət və qayğısının daha bir təzahürü olduğunu vurğulayır:

 - Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü təsis edilib. Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının   su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin daha bir bariz nümunəsidir. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  kollektivi növbəti dəfə bu əlamətdar günü qeyd etməyə hazırlaşır.

Azərbaycanın dinamik iqtisadi inkişafında, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasında su təsərrüfatı işçilərinin böyük əməyi vardır. Tarixən  insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan xalqımızın ümummilli lider Heydər Əliyevin "Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır" fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir.

 

- Qorxmaz müəllim, bu vaxta qədər Azərbaycanda əhalinin içməli su ilə təminatında görülən işləri necə xarakterizə edərdiniz?

 

- Təbiətin ən böyük və nadir maddi varlıqlarından  olan su qədim bəşər tarixi yaranandan insan həyatının ayrılmaz hissəsi olub. Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktuallığını saxlayıb. Bu problem özünü daha çox şirin su ehtiyatlarının məhdud olduğu Abşeron yarımadasında biruzə verib. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün bir əsr əvvəl Şollar-Bakı su kəməri çəkilib. SSRİ dönəmində yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemləri mərhələlərlə həll edilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra içməli su təsərrüfatında ciddi dönüş yaranıb.

Heydər Əliyevin memarı olduğu əsas su layihəsi isə Kür su kəmərləri sistemidir. 1969-cu ilin ikinci yarısında ulu öndər həm sutəmizləyici qurğuların, həm də Kür-Bakı magistral su kəmərinin tikintisinin qısa müddətdə başa çatdırılması üçün Moskva qarşısında məsələ qaldırdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə layihənin ümumxalq tikintisinə çevrilməsi, ölkənin əksər tikinti və sənaye müəssisələrinin bu işə cəlb olunması nəticəsində Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər cəmi 4 aya başa çatdırıldı.  1970-ci ilin sentyabrında Bakı Kür suyunu qəbul etdi.

Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib.  Paytaxt Bakının tullantı su infrastrukturunun inkişafını  nəzərdə tutan "Böyük kanalizasiya" layihəsinin işlənib hazırlanması və reallaşdırılması 1970-80-ci illərə təsadüf edir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük tullantı sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında arteriya rolunu oynayan "Sənaye zonası", "Şəhərkənarı" və "Sahil" kollektorları inşa edilib.

 

-Bəs, Azərbaycanın yeni müstəqillik tarixində bu istiqamətdə hansı addımlar atıldı?

 

- Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən sonra Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. Layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğuları yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı.

2003-cü ilin oktyabrında cənab İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə başçısı əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin iyununda su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında imzalanmış sərəncama əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti  yaradıldı.

İdeya müəllifi ulu öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2010-cu ilin dekabrında istismara verilən bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 80 faizə yaxını fasiləsiz içməli su ilə təmin edilir.

 

- Bütün istehlakçıların fasiləsiz içməli su ilə təminatı baxımından daha hansı işlər görüləcəkdir?

 

- Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət Proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. Sənədə uyğun olaraq 550 km magistral,  8100 km paylayıcı su xətlərinin, 150 km-i tunel tipli olmaqla 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi  və yenidən qurulması nəzərdə tutulub. 

Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi 2015-ci ildə yekunlaşıb və  oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.   Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmzilənir. Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2016-cı ildə dünya su sənayesinin ən önəmli 4 layihəsindən biri seçilib.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri istehlakçıların dayanıqlı su təchizatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Türkan, Zirə, Qala qəsəbələrinə ilk dəfə mərkəzləşmiş qaydada içməli suyun verilməsi təmin edilib. Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 37 Şərq və 82 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.   Bu istiqamətdə işlər davam etdirilir.

Ötən ilin sonlarında Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi ilə Badamdar qəsəbəsində su təchizatı sistemlərinin tamamilə yenidən qurulmasına başlanılıb, qarşıdakı aylarda isə Xırdalan şəhərində işlərə başlanılacaqdır.

 

- Aktual məsələlərdən biri də çirkab suların xaric olunmasıdır. Bildiyim qədər, bu, içməli su təminatı ilə müqayisədə daha çox xərc və zəhmət tələb edir. Qeyd olunan səpkidə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin nədən ibarət olduğunu bilmək maraqlı olardı.

 

- İlk növbədə qeyd edim ki, əhalinin sıx məskunlaşdığı Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi  istiqamətində əhəmiyyətli addımlar atılıb. İnnovativ texnologiyalardan istifadə edilməklə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Artıq 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və bununla da Bayraq meydanından başlayaraq Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb. 

 Eyni zamanda Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının yenidən qurulması, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının yenidən qurulması Bakı buxtasına, eləcə də Novxanı çimərliyinə təmizlənmədən axıdılan tullantı suların qarşısını almağa imkan verib.

Master Planda nəzərdə tutulan işlər görüləndən sonra hər bir yaşayış məntəqəsində kanalizasiya şəbəkəsi yaradılacaq, Xəzər dənizi sahili boyunca yeni təmizləyici qurğuların istismara verilməsi Ələtdən tutmuş Sumqayıta qədər bütün ərazilərdə dənizə axıdılan tullantı sularının qarşısını almağa imkan verəcəkdir. Yeri gəlmişkən bir neçə ay əvvəl Pirşağı çirkab sutəmizləyici qurğunun tikintisi üzrə podrat müqaviləsi imzalandı və bu layihə Koreya hökumətinin krediti hesabına həyata keçiriləcəkdir.

Statistikaya nəzər salsqa görərəik ki, son illər Abşeron yarımadasında reallaşdırılan layihələr çərçivəsində 2400 km magistral və şəbəkə su xətti, 400 km kanalizasiya kollektoru və xətti, 48 ədəd su anbarı tikilib, 300 min smart sayğac quraşdırılıb, 1200-dən artıq çoxmənzilli yaşayış binasının içməli su şəbəkəsi, 4800-dən artıq binanın zirzəmisində kanalizasiya xətləri yenilənib. Görülmüş işlər nəticəsində son illər 330 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada su ilə təmin edilib. Fasiləsiz rejimdə su alanların sayı 2 milyon 200 min nəfərə çatıb.

 

- Regionlarda içməli su təchizatı və kanalizasiya xidmətləri sahəsində hansı addımlar atılır?

 - "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrası uğurla davam etdirilir. Su  və kanalizasiya layihələrinin  icrasına başlanılamış 43 şəhər və rayon mərkəzinin 14-də həm su, həm də kanalizasiya şəbəkəsinin, 8-də isə su şəbəkəsinin tikintisi tam yekunlaşıb. 

 İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən su alır. Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintisinə başlanılıb və tezliklə Salyan şəhərinin 12 mindən çox sakini keyfiyyətli içməli sudan istifadə edə biləcək.

Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəmərinin tikintisi isə 2014-cü ilin sonlarında yekunlaşıb, dekabr ayında Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Növbəti mərhələdə 44 kəndə suyun verilməsi layihələndirilib.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyinin də əhəmiyyəti  xüsusi vurğulanmalıdır. Layihəyə uyğun olaraq Girdmançayın yatağında suqəbuledici qurğu tikilib, buradan Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27,  Ağsu şəhərinə isə 25 km uzunluğunda magistral kəmərlər çəkilib. 

Xanbulançay isə Cənub bölgəsində yaşayanların içməli su təchizatında müstəsna əhəmiyyətə malik layihədir.  Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üşün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunin inşası başa çatdırılıb, Lənkəran şəhərinə suyun verilməsi təmin edilib, Astara şəhərinə isə magistral kəmərin inşası davam etdirilir.  Mingəçevir və Yevlax  şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib. Artıq Mingəçevir sakinləri yeni qurğu və şəbəkədən içməli su ilə təmin edilir. 

 Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri qısa müddətdə tikilib istismara verilib. Bununla da Şəmkir şəhərinin dayanıqlı içməli su təchizatı təmin olunub. Eyni zamanda anbardan Gəncə şəhərinə qədər 24,5 km uzunluğunda magistral kəmərin inşası yekunlaşıb. Bununla yanaşı şəhərin digər mənbələri Qızılqaya və Göygöldə yeni suqəbuledici qurğular inşa olunub və Gəncəyə suyun verilişi təmin edilib.

Cari ildə Qusar, Şamaxı, Qobustan, Beyləqan, Gədəbəy, Daşkəsən və Tərtər şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Saatlı şəhərində isə su şəbəkəsinin inşası yekunlaşacaq. Bunlarla yanaşı Ağcabədi və  Qazax şəhərlərində işlərə başlanılması üçün hazırlıqlar görülür.  

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı su qıtlığı müşahidə olunan kəndlərdə 150 subartezian quyusu qazılıb, paylayıcı şəbəkələr qurulub. Bütün bunlar 300 minə yaxın əhalisi olan 330 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib.  Ümumilikdə, "Azərsu" ASC-nin fəaliyyəti dövründə 6700 km magistral və paylayıcı su xətti, 2300 km kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 205 su anbarı, 108 su və kanalizasiya-nasos stansiyası tikilib, 260 artezian və subartezian quyusu qazılıb, 420 minə yaxın  smart sayğac quraşdırılıb. İstehlakçıların suölçən cihazlarla təmin olunması istiqamətində işlərin sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manatın ayrılması barədə sərəncam imzalayıb və artıq sərəncamın icrası ilə bağlı işlərə başlanlmlşdır.

 

- Cəmiyyətdə daim xüsusi maraq doğuran məqamlardan biri də əhaliyə verilən içməli suyun keyfiyyəti ilə bağlıdır. Eləcə də keyfiyyətli su təminatı üçün peşəkarlara, mütəxəssislərə, günün tələblərinə cavab verən kadrlara ehtiyac var. Bu istiqamətdə və müştəri məmnunluğunun təmin olunması üçün görülən işlərlə  bağlı nə deyə bilərsiniz?

 

- Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir.  Bunu təmin etmək üçün 2013-cü ildə istifadəyə verilmiş yeni Mərkəzi Laboratoriya cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçib. Bu da laboratoriyada aparılan analizlərin nəticələrinin beynəlxalq qurumlar tərəfindən tanınmasına imkan verir. Yeni laboratoriyanın istismara verilməsi ilə içməli su şöbəsində suyun tədqiq edilən parametrlərinin sayı 2 dəfədən çox artırılmış və əldə olunan nəticələr Avropa İttifaqının və Dünya Səhiyyə Təşkilatının tələblərinə tam cavab verən səviyyədədir.

Qeyd edim ki, Mərkəzi Laboratoriyanın yaradılması layihəsi çərçivəsində səyyar laboratoriya kimi fəaliyyət göstərən 2, su nümunələrinini daçınması üçün 4 nəqliyyat vasitəsi də alınmışdır. Səyyar laboratoriyalar su mənbələrinin tədqiq edilməsi üçün olduqca əhəmiyyətlidir və onların  texniki imkanları istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına imkan verir. Başqa sözlə, bulaqlardan, çaylardan, göllərdən, quyu və digər yeraltı mənbələrdən, həmçinin sugötürücü sistemlərdən, anbarlardan götürülmüş nümunələrin əsas parametrlərini qısa zamanda yerindəcə öyrənmək mümkündür. Daha yüksək dəqiqilik və həssaslıq tələb edən analizlərin stasionar şəraitdə öyrənilməsi nəzərə alınaraq nümunələr xüsusi nəzarət altında Mərkəzi Laboratoriyaya çatdırılır.

İstehlakçılara  göstərilən  müştəri xidmətlərinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə "Asan xidmət" mərkəzlərində abunəçilərə 10 istiqamət üzrə xidmətlərin göstərilməsi təmin edilib.  Ötən müddət ərzində bütün xidmət bölmələrində 30 mindən çox müraciət qəbul edilib. Prezident İlham Əliyevin fərmanı ilə "Asan kommunal" mərkəzlərinin yaradılması kommunal  xidmətlərin vahid məkanda, "ASAN xidmət" standartları əsasında göstərilməsini təmin edəcək.

Düzgün qeyd etdiniz ki, yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə bu sahədə kadr potensialının gücləndirilməsini zəruri edir. Fransanın "Suez Environnement" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq  cəmiyyətin təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamərində işlər uğurla davam etdirilir. Təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması, bu sahədə müvafiq infrastrukturun yaradılması məqsədilə yeni Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb və artıq daxili təlimlərimiz burada keçirilir. 2015-ci ildə cəmiyyətimizin 2400 əməkdaşı müxtəlif təlimlərə cəlb olunubdur. Eyni zamanda mütəxəssislərimiz xarici ölkələrə təcrübə kursalrına, təlim və seminarlara ezam olunurlar ki, bu da yeni texnologiyaların mənimsənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Ölkə rəhbərliyi su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib. "Azərsu" ASC-nin bir qrup işçisinin fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməl və açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir. Artıq üçüncü dəfədir ki,  su təsərrüfatı işçiləri peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.

Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Bu layihələr ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə böyük töhfələr verir. Hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır.

 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs