Əlaqə Arxiv
news Image
2016.06.06
15:50
| A A A
“ADNSU Xəbər”-in "Məzun oldum" layihəsində II müsahibə
“Mustafa Babanlının apardığı islahatların nəticəsidir ki, 100 illik yubileyinə yaxın bir dövrdə ADNSU-nun necə deyərlər, "çiçəklənmə dövrü" başlayıb” "Zərif cinsin nümayəndələri təkcə həkim, müəllim yox, mühəndis də ola bilər"

Müsahibimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft - mexanika fakültəsinin (NMF) 2012-2016-cı illər üzrə təhsil alan və bu il məzun olacaq Məleykə Rzazadədir. Məleykə təhsil aldığı müddət ərzində çoxlu uğurlara imza atıb.

"ADNSU Xəbər" olaraq, tələbəmizin keçdiyi 4 illik yola nəzər salıb, bu gözəl, intellektli gənclə birlikdə onun düşüncələrinə, xatirələrinə, xəyallarına da baş vurduq.

- Məleykə, artıq məzunsan. Nə hisslər keçirirsən? Bir qədər geriyə baxanda ali təhsil seçiminlə bağlı düşüncənə gələn ilk fikir nə olur. Seçimin niyə məhz Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, niyə məhz məhəndislik ixtisası oldu?

- Mənim ADNSU-da təhsil almaqla bağlı seçimim məhz öz istəklərim, hədəflərim ilə bağlı olub. Valideynlərimin ayrı-ayrı peşələrdə çalışmağına baxmayaraq, onlardan tamam fərqli bir istiqamət seçdim. Seçimim mühəndislik oldu. Bəli, məhz mühəndis. Uşaqlıq illərimdən bəri qurub-yaratmağa çox meyilli olmuşam. Mühəndis demək də yeni düşüncədən, ideyadan doğan bir yaradıcılıq məhsulu deməkdir. Məktəb illərindən qəliz, çətin, həlli naməlum, düşündürücü işləri həlletməyi sevmək kimi bir cəhətim var idi. Belə peşələrə də marağımın nəticəsi idi ki, seçimim məhz mühəndislik oldu. Abituriyent vaxtı ətrafımdakı insanlar tərəfindən bu seçimim bir az qınaq obyektinə çevrilsə də fikrimi dəyişmədim. Seçimimin qınaq obyekti olmağının səbəbi mühəndislik sənətinin məhz əks cinsin nümayəndələrinin peşəsi olması düşüncəsi idi. Bu düşüncələri, stereotipləri qırmaq məqsədində idim. "Zərif cinsin nümayəndələri təkcə həkim, müəllim yox, mühəndis də ola bilər" fikrini yaratmaq istəyirdim. Ailəmin də dəstəyi nəticəsində bu ixtisasa yönəldim. Budur, artıq Neft-mexanika fakültəsinin IV kursunu bitirib məzun oluram.

- İlk təəssüratlarını necə xatırlayırsan və bu hisslər sənin qəlbində nələri oyadır?

- İlk tələbəlik təəssüratlarımı hələ də xatırlayıram. Fakultəm 2-ci korpusun 6-cı mərtəbəsində yerləşir. Yadımdadı, 2-ci korpusa daxil olduğum an 2009-cu ildə baş vermiş hadisəni xatırladım. O hadisə mənim yaddaşıma yazıldığı qədər, ilk təəssüratlarıma da əbədi yazıldı. Bundan təsirlənib 7 il sonra kiçik bir hekayə də yazdım - 30 aprel hadisəsi ilə bağlı.

Daha sonra fakültə ilə tanışlıq günündə kafedralarla tanış olduqdan sonra burada oxumaq istəyim daha da artdı. Artıq dərs gününün başlanmasını səbirsizliklə gözləyirdim. Düzdür, dərslər başladıqdan sonra otaqların yerlərini öyrənmək bir az vaxtımı aldı, bütün I kurs tələbələri kimi. Etraf edim ki, bəzi otaqlar var ki, hələ də yerləşdiyi yerləri bilmirəm. Xatırlayanda üzümdə təbəssüm yaranır. O anları yenidən yaşamaq istəyi yaranır qəlbimdə. Aylar keçdikcə təbii ki, gərgin günlər başladı. Dərslər, imtahan həyəcanı və s. Amma mən ixtisasımı hər keçən gün daha da tez öyrənməyə can atırdım. Bu gün IV kursu bitirsəm də o öyrənmək istəyim hələ də bitmir. Uğurlarımın səbəbi də məncə bu bitməz istəkdir.

- Səncə bir gənc üçün onun uğurlu karyerası nədən başlayır?

- Hər bir abituriyent üçün ADNSU-da təhsil almaq uğurlu bir karyeranın başlanğıcı ola bilər. Təbii ki, bütün müvəffəqiyyətləri universitet seçimində görmək düzgün deyil. Hər bir tələbə istək və hədəflədiyi məqsədlərə çatmaq üçün öz üzərində çalışmalıdır. Gələcəyinin təməlini düzgün və səhvsiz atmalıdır. Yalnız tələbənin öz səyi, mübarizliyi, prinsipləri, hədəfləri nəticəsində onun karyerası uğurlu ola bilər. Universitet sadəcə bu yolda istiqamətverici bir vasitədir. ADNSU-da hal-hazırda ən çox tələb olunan sahələr üzrə ixtisas seçimi çoxdur. Təkcə bu, ADNSU-nu seçmək üçün səbəb deyil. Həmçinin, savadlı müəllim heyətini də qeyd etmək lazımdır. Burada işləyən müəllimlərin əksəriyyəti təkcə müəllimlik fəaliyyəti ilə məşğul olmayıb, həm də bu işdə təcrübələri olan insanlardır. Mən öz adımdan deyə bilərəm ki, təhsil aldığım 4 il müddətində bu təcrübələrdən çox yararlanmışam.

- Universitetin bu günü və gələcəyi haqqında hansı düşüncəyə maliksən?

- Universitet tələbələrə uğurlu təhsil almaqda dəstək olmalıdır. Tələbə yalnız dərslər ilə kifayətlənməməlidir. Universitetdə olan əlavə məşğuliyyətlər və layihələrlə də maraqlanmalı, iştirak etməlidir. Universitet də dərsdən kənar seminarlar, layihələr, tədbirlər, tələbələrin aldığı təhsil biliklərini praktikada tətbiq etmək və sair bu kimi şərait yaratmalıdır. Universitetimizin son illərdə həm təhsil səviyyəsi, həm də ictimai aktivlik dəyərləri çox aşağı idi. Lakin universitet 2015-2016-cı tədris ilində yeni rektor professor Mustafa Babanlının rəhbərliyi altında bir çox uğura imza atdı. Mustafa Babanlının apardığı islahatların nəticəsidir ki, 100 illik yubileyinə yaxın bir dövrdə ADNSU-nun necə deyərlər, "çiçəklənmə dövrü" başlayıb. Belə bir söz var: "Başlamaq üçün mükəmməl olmaq lazım deyil, amma mükəmməl olmaq üçün başlamaq lazımdır". Universitetimiz bu tədris ilindən bu deviz altında öz uğurlu fəaliyyətini davam etdirir. Bu, sadəcə bir başlanğıcdır və hər şey daha da mükəmməl olmaq naminədir.

- Uğur üçün tələbəyə birinci nöbvədə nə lazımdır?

- Uğuru bir okeandakı aysberq kimi təsəvvür etsəm, əlbəttə ki, uğur sadəcə bu aysberqin görünən hissəsidir. Görünməyən hissəsini sadəcə uğuru qazanan şəxslər bilir. Və görünməyən hissə uğurdan daha böyük olur. Bu görünməyən hissə ətrafdakı insanların dəstəyi, əziyyət, prinsipiallıq, mübarizlik, qazanmaq istəyi, irəliyə can atmaq və s. bu kimi amillərdir. Mənim ailəm də həmişə qərarlarımda mənə dəstək olub. Qərarlarımın və onların dəstəyi nəticəsində uğurlarımı qazanıram. Universitet həyatımda da bir çox uğurlar qazanmağa nail oldum. Bəzilərini qeyd etmək istərdim. Dərslərimdə əlaçı tələbə olmuşam. İxtisasımı daim daha güclü mənimsəməyə çalışmışam və məncə bunu bacarmışam. Bunu imtahanlarda göstərdiyim nəticələrdən də görmək olar. ADNSU-da ənənəvi olaraq hər il keçirilən Tələbələrin Elmi-Texniki Konfranslarında uğurlu çıxışlarım olub. 2014-cü ildə sənaye ilinə həsr olunmuş Tələbələrin 63-cü Elmi-Texniki Konfransında "Suyun xüsusi xassələri haqqında" çıxışım 2-ci yerə layiq görülüb. 2015-ci ildə ADNSU-nun 95 illik yubileyinə həsr olunan Tələbələrin 64-cü Elmi-Texniki Konfransında "Mayenin yerli müqavimətlə axını zaman kavitasiyalı rejimi" mövzusunda çıxışım 3-cü yerə layiq görülüb. Bu mövzuda maraqlı bir təcrübə də aparmışdım. Hər iki çıxışım konfransların kitabında çap olunub. Bundan başqa 2015-ci ildə "Oil bridge" komandası olaraq Xəzər Universitetinin Mexanika fakültəsinin təşkil etdiyi Universitetlərarası Spagetti Körpü müsabiqəsində komanda olaraq hazırladığımız körpü 1-ci yer tutub. Təhsil aldığım müddətdə universitetimizin "ADNSU Xəbər" qəzeti və Mətbuat Xidməti "facebook" səhifəsi ilə daima əməkdaşlıq edib, uğurlarımı, əlamətdar hadisələri, yazılarımı onlarla bölüşmüşəm. 4 il ərzində elmi fəaliyyətlə yanaşı bir çox tədbirlərdə könüllülük və musiqi fəaliyyəti ilə məşğul olmuşam. Hazırda da bu məşğuliyyətlərimdən kənar qalmamışam. Məncə, insanın uğurlarının arxasında onun məşğuliyyətləri də az yer tutmur. İnsan məşğuliyyətlərinə də vaxt ayırmalıdır.

- Məzun oldun deyə, yəqin ki, layihələrin bitməyəcək.

- Əlbəttə bu təhsil ocağını bitirdiyimə heyfislənirəm. 4 illik "marafon" bitmək üzrədir. Sevinc qədər kədər də var. Amma bu həyatın qanunudur. Geridə buraxdıqlarımıza üzülməməliyik. Çünki daha irəli getmək, daha böyük uğurlar əldə etmək üçündür hər şey.

Təkcə universitet rəhbərliyi yox, tələbələr də universitetin dirçəlməsi üçün əlindən gələni etməlidilər. ADNSU bundan sonra daha böyük uğurlara imza atacaq. Universitet rəhbərliyinin, müəllim heyətinin və təbii ki, tələbələrinin dəstəyi ilə. "Güc birlikdədir" -deyiblər. Bir olmaq lazımdır ki, ən yüksək zirvələri fəth edib, adımızı o zirvələrə həkk edək. Artıq təhsilimi başa vursam da, universitetdə təhsili davam etdirmək və başqa layihələrlə əlaqədar məqsədlərim çoxdur. Mükəmməllər sırasına adımızı yazmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

- Gələcək planlarında nə durur?

- Uğurlu karyeramın başlanğıcı üçün ADNSU-da aldığım 4 illik təhsil məni istiqamətləndirdi. Gələcək planlarım magistratura, daha sonra aspirantura və doktorantura səviyyələrini istər Azərbaycanda, istər xarici ölkələrdə oxumaqdır. Təbii ki, bunlarla bərabər karyeramı qurmağı hədəfləmişəm. Təhsilimi harada davam etməyim quracağım karyeradan asılıdır. İdeyalar, məqsədlər, hədəflər böyükdür. Fikrimdə olan layihələrə imza atmağı səbirsizliklə gözləyirəm. Həmçinin bəzi fikirlərim, ideyalarım var və bununla bağlı universitetlə əməkdaşlıq etmək fikrindəyəm. Amma təbbi ki, düşündüyüm bu layihəmlə bağlı ilk öncə rektorumuzla məsləhətləşməyi düşünürəm.

- Bir məzun olaraq aşağı kurs tələbələrinə nə deyərdin?

- Aşağı kursların tələblərinə demək istərdim ki, bu illər təkrarlanmayacaq. Bu illər ərzində qazandıqlarınız sizin üçün gələcəkdə kölgəsində rahatlıqla dincələ biləcəyiniz bir ağac yaradacaq. Nə qədər çox bilik, nə qədər çox uğur, o qədər də böyük kölgə. İndi isə özünüz düşünün: Kölgədə dincəlməkmi, yoxsa gündə yanmaqmı? Hər şey sizdən asılıdır.


Sizin Reklam Yeriniz