news Image
2016.07.20
11:17
| A A A
"Alpaqutçular Qarabağ uğrunda döyüşə hazırdır"

İyulun 15-də Ağdam Olimpiya Kompleksində "Qarabağ uğrunda döyüşə hazır ol" devizi altında Alpaqut üzrə respublika turniri keçirilib. 


Sözügedən turnirin yekunları, eləcə də türk xalqlarının bu milli idman növü - döyüş sənəti barədə  Movqe.az-ın suallarını Alpaqut Federasiyasının prezidenti Aqil Acalov cavablandırıb. 


- Son turnirin gedişatı və nəticələri barədə məlumat verməyinizi istərdik…


- Ağdam turniri vətənpərvərlik mövzusuna həsr olunmuş bir yarış idi. Məqsədimiz regionda alpaqut döyüş sənətini inkişaf etdirməkdir. Turnirin devizindən də göründüyü kimi, "Qarabağ uğrunda döyüşə hazır ol"mağı təbliğ etməyə çalışdıq. Həmçinin, bu yarış avqust ayında Gürcüstanda keçiriləcək Dünya Kubokuna hazırlıq məqsədi daşıyırdı. Turnirdə 25-ə yaxın şəhər və rayondan 250-yə qədər idmançı öz gücünü sınadı. Uğurlu nəticələr göstərərək diplom və medallarla təltif olundular. Ağdam rayonu 1-ci, Ağcabədi rayonu 2-ci, Abşeron rayonu isə 3-cü pillədə qərarlaşdı. 


- Qədim kökləri olsa da, günümüzdə yaradılan yeni idman növü kimi alpaqut döyüş sənəti barədə məlumatsız insanlar var. Alpaqut nədir?


- Alpaqut milli döyüş sənətidir. Turan coğrafiyasında yaşayan türkdilli xalqların döyüş mədəniyyətlərindən götürülmüş, müasir dövrün şərtlərinə, idman qaydalarına uyğun sintezləşdirilmiş, ərsəyə gətirilmiş döyüş mədəniyyətidir. Sözün hərfi mənasına nəzər salsaq, "alp" "döyüşçü", "kut" "müqəddəs" deməkdir. Yəni "müqəddəs döyüşçü" mənasını bildirir.


- Bu "müqəddəs döyüşçülər" kimlərdir?


- Xüsusi olaraq qeyd edim ki, tarixdə "Alpaqut" adında idman növü olmayıb. Alpaqutlar döyüşçülər olub. Bu idman növü o "müqəddəs döyüşçülər"in şərəfinə belə adlanıb. 


Göytürk xaqanlığı dövründə ordu 3 hissədən ibarət olurdu: at çapanlar, ox atanlar, qılınc oynadanlar. Və bütün bu məziyyətləri özündə birləşdirən xüsusi döyüşçü növü də var idi ki, onlar "alpaqut" adlanırdı. Müasir dildə desək, alpaqutlar günümüzün xüsusi təyinatlı döyüşçüləri olublar. Onlar hələ uşaq yaşlarından xüsusi şəkildə yetişdirilirdilər. Onların qarşısına çətin tapşırıqlar qoyulurdu. Məsələn, 3-4 yaşlı uşaq qoyunun belində oxla siçan vurmalı idi. 10 yaşında siçanı artıq at belində vurmalı idi. 16 yaşına çatanda isə peşəkar döyüşçü, bahadır sayılırdı. Ox atmağı, qılınc oynatmağı, at çapmağı ən yüksək səviyyədə etməli idi. Əlbəyaxa döyüşü mükəmməl bacarmalı idi. 


- Alpaqutların orduda görəvi nə idi?


- Onlar gecə ilə düşmən düşərgəsinə soxulub səhərə kimi döyüşürdülər. Sayca da az olurdular. Buna baxmayaraq, düşmən ordusunu səhərə kimi oyaq saxlayırdılar. Onlara dinclik tapmağa macal vermirdilər. Səhər də yorulmuş, əldən düşmüş düşmən ordusu asanlıqla məğlub olurdu. Alpaqutların ən önəmli özəllikləri isə heç vaxt əsir düşməmələri idi. Xüsusi yetişdirilmiş döyüşçülər olaraq, hər zaman ordunun önündə gedirdilər. 


- Aqil bəy, yeni yaranmış federasiyanın rəhbərisiniz. Bu idman növünü yaratmaq, federasiya ətrafında birləşmək mərhələsi necə baş verdi?


- Bu idman növü beynəlxalq dərəcəli idman ustası, türk döyüş sənətləri üzrə araşdırmaçı Vasif Namazov tərəfindən ərsəyə gətirilib. Yəni azərbaycanlılar tərəfindən yaradılan və dünya miqyasına çıxarılan milli idman növüdür, döyüş sənətidir. Bu sahədə 2008-ci ildən fəaliyyət göstəririk. Federasiya ətrafında birləşməyimiz isə bundan bir müddət sonra oldu. Belə ki, Alpaqut Federasiyası 2011-ci ildən fəaliyyət göstərməyə başladı.


- Yəqin ki, hələ görüləcək işlər çoxdur. Amma gəlin, uğurlardan söz açaq...


- Yeni yaranmasına baxmayaraq, artıq bir sıra ölkələrdə nümayəndəliklərimiz var. Türk döyüş sənəti olaraq Türkiyə, Özbəkistan, Qazaxıstan kimi Turan dövlətlərində tanınır. Digər türk dövlətlərində də bunu yaratmağa çalışırıq. Amma fəaliyyətimiz yalnız türk dövlətləri ilə məhdudlaşmır. Məqsəd türk döyüş mədəniyyətini bütün dünyada yaymaqdır. Bu istiqamətdə də bir sıra uğurlarımız var. 15-ə yaxın ölkədə təmsil olunuruq. Bunların sırasında ABŞ, Kanada, Almaniya, Belçika, Çexiya, Rusiya, Gürcüstan, İran kimi ölkələrin adlarını çəkə bilərəm. Eyni zamandaöz ölkəmizdə bir çox işlər görülüb. Bu gün 2 mindən artıq üzvümüz var. Regionlarda da fəaliyyət göstəririk. Qarabağ, Qazax, Ağstafa, Tovuz, Neftçala, Şəmkir, Qax, Quba, Qusar, bir sözlə, bir çox regionlarımızda nümayəndəliklərimiz var. 


- Peşəkar idmançılardan başqa, həvəskar şəkildə alpaquta maraq göstərənlər olurmu?


- Əlbəttə, bütün idman növlərində olduğu kimi, bizdə də həvəskar şəkildə sıralarımıza qatılanlar çoxdur. Hər kəs istər Bakıda, istərsə də rayonlardakı filiallarımızda həm peşəkar, həm də həvəskar şəkildə məşqlər keçə bilər. Şəhid ailələrinə, valideynlərindən məhrum olmuş gənclərə isə təmənnasız məşqlər keçirik, güzəştlərimiz olur. 


- Alpaqut adını ictimai işlərdə də tez-tez eşidirik...


- Bəli, fəaliyyətimiz yalnız idman yarışlarını təşkil etməkdən ibarət deyil. Biz ictimai işlərlə də məşğuluq. Xeyriyyə aksiyaları keçiririk, seminarlar təşkil edirik, seminarlara tanınmış tarixçiləri dəvət edirik. Məktəblərlə, universitetlərlə əməkdaşlıqlarımız olur. Alpaqut türkün tarixini əks etdirən idman növüdür və biz də mütəmadi şəkildə türkün tarixi, Azərbaycanın tarixi barədə təqdimatlar edirik, gənc nəslin vətənpərvər bir ruhda, milli mənsubiyyətinə sadiq bir şəkildə yetişmələrinə yardımçı olmağa çalışırıq. Alpaqut yalnız güc nümayiş etdirilən idman növü deyil, həm də tariximizdir, mədəniyyətimizdir ki, biz də bunun təbliğinə, insanlarımıza, xüsusən gənc nəslə, bütün dünyaya çatdırılmasına çalışırıq. 


- Alpaqutun digər idman növləri ilə hansısa bənzərlikləri varmı?


- Alpaqut idman növündə yarışlar 3 sistem üzrə keçirilir. "Aypara", "batur" və "caymaz". "Aypara sistemi" müəyyən qədər karateyə oxşayır. Amma fərqi ondan ibarətdir ki, burada tutma-çəkmə fəndləri var, karatedə yoxdur. Burada sifətə zərbə də vurmaq olmaz. "Batur" sistemi isə qaydasız döyüşə oxşayır. Burada "aypara"dan fərqli olaraq, əl və ayaqla sifətə zərbələr vurmaq olar. Tutma-boğma, sındırma kimi fəndlər də var. Amma yerdə 20 saniyədən artıq döyüşməyə icazə verilmir. "Caymaz" sistemi ən çox muay-tay boksuna oxşayır, hətta deyərdim ki, 70-80 faiz oxşarlıqlar var. Amma fərqi odur ki, bu idman növündə dizlə, ayaqla zərbələr də vurmaq olar. Ümumilikdə, ən böyük fərq ondan ibarətdir ki, bizdə bütün yarışlar birinci 3 metr diametrli çevrənin içərisində olur. Sonra döyüş 9 metr diametri olan çevrənin içərisində davam etdirilir.


Alpaqut həm də hərbi döyüş sənəti olduğundan burada taktiki gedişlər çox önəmlidir. Belə ki, rəqibi itələyərək yox, taktiki gedişlərlə və zərbələrlə çevrənin içərisindən kənara sıxışdırmağa çalışmalısan. Rəqibini 3 dəfə çevrədən çıxara bilsən, onu məğlub etmiş sayılırsan. Bu dairənin də çox maraqlı adı var, "qurd çevrəsi" deyilir. Bir sözlə, alpaquta sıradan bir idman növü kimi yox, döyüş mədəniyyəti kimi baxmaq lazımdır.


- Döyüş alnımıza yazılıb?


- Yazılıb. Həmişə müsahibələrimdə qeyd edirəm ki, müharibə şəraitində olan dövlətin, millətin öz milli ruhuna yaxın olan döyüş mədəniyyətinin olması və bunun inkişaf etdirilməsi vacib şərtdir. Bugünkü Azərbaycan gənci, yeniyetməsi gələcəyin əsgəridir. O əsgər bilməlidir ki, onun tarixi nə olub, keçmişində nələr baş verib, milləti tarixdə hansı uğurları əldə ədib. Alpaqut da bunun üçün gözəl bir vasitədir. Çünki biz onlara tarixi həqiqətləri, hərbdə olan uğurlarımızı aşılayırıq. Bu da onların vətənpərvər ruhda yetişmələrinə stimul olur. Alpaqutun əsas məqsədi yetişməkdə olan gənc nəslə vətənpərvərliyi, milli ruhu aşılamaqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs