Əlaqə Arxiv
news Image
2016.08.31
17:00
| A A A
Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun tərkibi formalaşdırılıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması ilə bağlı görülən işlərlə əlaqədar AZƏRTAC-a müsahibə verib. Movqe.az müsahibəni təqdim edirik.


- Hikmət müəllim, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə aprelin 13-15-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin Yekun Bəyanatında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ciddi mövqe ifadə olunub və Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında qərar qəbul edilib. İƏT Kontakt Qrupunun formalaşdırılması istiqamətində nə kimi işlər görülür?


- Dövlətimizin başçısının iştirakı ilə "Ədalət və sülh naminə birlik və həmrəylik" şüarı altında İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.


Tədbirin Yekun Bəyanatında Ermənistanın ölkəmizə qarşı təcavüzü, cari il aprelin əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında təfərrüatlı bəndlər (16-cı və 17-ci bəndlər) yer aldı.


Bu bəndlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün qınanılmasına dair İƏT üzv dövlətlərinin prinsipial mövqeyi bir daha ifadə olunaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsi və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və digər ətraf rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin Yekun Bəyanatda üzv dövlətlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində davamlı olaraq həyata keçirdiyi hücumlarını və bunların nəticəsində mülki insanlara, sosial və iqtisadi infrastruktura, digər obyektlərə zərərlərin yetirilməsini qəti olaraq pisləyir.


Sammitdə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması vacib qərarlardan biridir. Ötən müddət ərzində İƏT-in katibliyi ilə birlikdə sözügedən Kontakt Qrupun tərkibinin formalaşdırılması istiqamətində iş aparılıb. İƏT-in katibliyinə göndərilən bildirişə əsasən qrupun tərkibinə yeddi dövlət - Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində bütün regionlar təmsil olunub.


İƏT Kontakt qruplarının iclasları adətən İslam Əməkdaşlıq Təşkilatı Sammitinin, İƏT Xarici İşlər Nazirləri Şurasının sessiyaları və BMT Baş Assambleyasının sessiyası çərçivəsində təşkil olunur. Kontakt Qrupunun iclasında İƏT baş katibi və qrupa üzv dövlətlərin xarici işlər nazirləri (və ya onların nümayəndələri) iştirak edir. İclasa sədrlik funksiyalarını İƏT baş katibi və ya onun müavinlərindən biri həyata keçirir. Sədr Kontakt Qrupunun iclasını açaraq, mövcud vəziyyətlə bağlı ətraflı məlumat təqdim edir. Kontakt Qrupunun mövzusuna birbaşa aidiyyəti olan ölkənin xarici işlər naziri çıxış edərək, danışıqlar prosesi, görülmüş işlər və son vəziyyəti əks etdirən hesabatı təqdim edir. Daha sonra iclasda iştirak edən qrupa üzv dövlətlərin nümayəndələri söz alaraq bəyanatlarla çıxış edir, təmsil etdiyi ölkələrin mövqelərini, tövsiyə və təkliflərini bildirir. İclasın sonunda yekun hesabat qəbul olunur və üzv ölkələr arasında yayılır.


BMT Baş Assambleyasının sentyabrda başlayacaq 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində ayrıca tədbir kimi Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun xarici işlər nazirləri səviyyəsində ilk iclasının keçirilməsi istiqamətində iş aparılır.

Sizin Reklam Yeriniz