Əlaqə Arxiv
news Image
2016.09.05
17:11
| A A A
Əli Həsənov: "Konstitusiya islahatları ölkədəki əsaslı dəyişikliklərdən irəli gəlir"- MÜSAHİBƏ

Azərbaycan Prezidentinin köməkçisi: "Təklif olunan dəyişikliklər son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi ilə bağlı "Sputnik Azərbaycan" beynəlxalq informasiya agentliyinə eksklüziv müsahibəsini təqdim edirik:

- Hər bir ölkədə Konstitusiya islahatları sosial sifarişin təzahürü hesab olunur. Bu baxımdan Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsini zəruri edən amillər hansılardır?

- Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul olunmuşdur. 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı iki dəfə referendum keçirilmişdir. İndi yenidən belə zərurətin yarandığını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il iyulun 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Sərəncam imzalamışdır. İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilmiş və Referendum Aktı layihəsinin Konstitusiyasının tələblərinə uyğun olması barədə rəy verilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 2016-ci il 26 iyul tarixli Sərəncamı ilə referendumun sentyabrın 26-da keçirilməsi qərara alınmış və Referendum Aktının layihəsi mətbuatda dərc olunmuşdur.

Beynəlxalq təcrübəyə əsasən, Konstitusiyaya məhdud sayda dəyişikliklər etmək ənənələri ilə tanınan ölkələr istisna olmaqla, geosiyasi və geoiqtisadi şəraitə, inkişaf səviyyəsinə və perspektivlərinə uyğun olaraq, hər bir ölkədə Konstitusiya islahatlarının həyata keçirilməsi geniş yayılmış praktikadır.

Məsələn, 229 il ərzində ABŞ Konstitusiyasına cəmi 27 dəyişiklik edilməsinə baxmayaraq, əsas qanuna dəyişikliklərlə bağlı təkliflərin sayı 11 mini ötmüşdür. Bu, Konstitusiya əsaslarının sabitliyi ilə tanınan ABŞ-da əsas qanunun dinamikliyinin təmin edilməsinə sosial sifarişin təzahürüdür, habelə hər bir ölkədə müasir çağırışlara uyğun olaraq müvafiq islahatlar həyata keçirilməsinin zəruriliyini göstərən önəmli nümunədir. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı zərurət 2009-cu ildən sonra ötən 7 il ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş əsaslı dəyişikliklər, habelə regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranmışdır. 

- Konstitusiyaya dəyişikliklərin başlıca məqsədlərini necə xarakterizə edərdiniz?

- Referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur. Əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini; səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini; həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini; qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, dəyişikliklər ölkədə baş vermiş əsaslı dəyişikliklərdən irəli gəlir və müasir dövrdə cəmiyyət həyatının əsas sahələrini əhatə edir.

- Siz əlavə və dəyişikliklərdən danışarkən, ilk növbədə insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsi ilə bağlı məsələyə toxundunuz. Bu istiqamətdə əlavə və dəyişikliklərin mahiyyəti barədə fikirlərinizi bilmək maraqlıdır. 

- Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" ilə bağlı fəslinin 15 maddəsinə əlavə və dəyişiklik nəzərdə tutulmuşdur ki, bu da ümumi dəyişikliklərin 60%-dən çoxunu təşkil edir. Layihəyə əsasən, insan ləyaqətinin qorunması, hüquq və azadlıqlara həm məhkəmə təminatı verilməsi, həm də onun inzibati qaydada müdafiə olunması, vətəndaşların əmək hüququnun daha etibarlı təminatı məqsədilə lokautun qadağan edilməsi, mülkiyyət konsepsiyasına Qərb hüquq sisteminə uyğun mütərəqqi sosial məsuliyyət anlayışının daxil edilməsi, dövlət orqanlarının vətəndaşa münasibətdə məsuliyyətinin yüksəldilməsi, mümkün özbaşınalıq hallarının qarşısını alacaq tələblərin sərtləşdirilməsi, eyni tələblərin həm də bələdiyyələr və bələdiyyə qulluqçuları üçün müəyyənləşdirilməsi, fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması, insan hüquq və azadlıqlarının qanunla məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyinin təsbit olunması və s. insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətdə olduqca mütərəqqi təkliflərdir. Eyni zamanda, əvvəlki redaksiyadan fərqli olaraq təkliflərdə beynəlxalq hüquq çərçivəsində vətəndaşlığın qanunla müəyyən edilmiş itirilmə halları da nəzərdə tutulur. Layihədə nəzərdə tutulan əlavə və dəyişikliklərdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq qanunların tələbləri nəzərə alınmışdır. 

- Dövlət idarəçiliyinin yeni mexanizminin formalaşdırılması ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliklərin məqsədi nədir?

- Son 25 ildə həyata keçirilən məqsədyönlü strategiya nəticəsində Azərbaycan müstəqil siyasət yürütməyə qabil, dayanıqlı iqtisadi sistemə malik, müasir, özünü təmin edən, dinamik inkişaf yolu ilə inamla irəliləyən və beynəlxalq birliyin layiqli üzvü olan nüfuzlu ölkəyə çevrilmişdir. Lakin son bir neçə ilin təcrübəsi göstərir ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət və iqtisadi idarəetmə mexanizmləri ölkənin hazırkı inkişaf səviyyəsində çevik qərarların qəbul olunmasını və onların səmərəli icrasını, optimal idarəetməni təmin etmək, habelə bürokratiya və digər mənfi halları daha qətiyyətlə aradan qaldırmaq məqsədilə təkmilləşdirilməlidir. Azərbaycan Konstitusiyasına təklif edilən bir sıra dəyişikliklər səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini nəzərdə tutur. Bu məqsədlə vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 il müəyyən edilməsi təklif olunur.

Vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğrultmuşdur. Vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, fors-major vəziyyətlərdə dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlir, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir. Həmçinin yeni institutun formalaşdırılması ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra mexanizmi dəqiqləşir, dövlət idarəçiliyi iflic vəziyyətə düşmək təhlükəsindən sığortalanır.

Prezidentlik müddətinin 5 ildən 7 il müddətinə artırılması 5 ildə 3 seçki (prezident, parlament, bələdiyyə) keçirilən Azərbaycanda gərgin seçki prosesinin intensivliyinin azaldılması, vətəndaşların təkcə siyasi deyil, həm də iqtisadi, sosial, humanitar və digər sahələrdə fəallığına şərait yaradılması, əlavə büdcə xərclərinə qənaət edilməsi məqsədi daşıyır. Digər tərəfdən, bunun bəyan olunmuş islahatlar kursuna, gələcək üçün nəzərdə tutulmuş strateji vəzifələrin, iqtisadi inkişaf və sosial rifah proqramlarının vaxtında və tam həcmdə icrasına təminat verəcəyinə əminlik vardır. Bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 6-7 il müəyyən olunmuşdur. Avstriya, Finlandiya, Fransa (2000-ci ilədək), İsrail, Qazaxıstan, Meksika, İtaliya, İrlandiya, Livan, Sinqapur, Rusiya kimi ölkələr buna nümunədir. 

- İqtisadi idarəetmə sahəsində də islahatlar nəzərdə tutulurmu?

- 2008-ci ildə başlanan qlobal iqtisadi böhran nəticəsində enerji resurslarının qiymətinin enməsi bir çox neft və qaz ixrac edən ölkələrin iqtisadiyyatını ciddi sınağa çəkmişdir. Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsini qarşıda duran strateji vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Ötən dövrdə Azərbaycanda müasir tələblərə cavab verən qeyri-neft iqtisadiyyatının və müvafiq infrastrukturun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mühüm dövlət proqramları icra olunmuşdur. 2015-ci ildə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi bu istiqamətdə görülən işləri intensivləşdirməklə yanaşı, həm də optimal qərarların qəbulunu və onların vaxtında və tam həcmdə icrasını təmin edə biləcək çevik iqtisadi idarəetmə mexanizminin yaradılmasını zərurətə çevirmişdir. Azərbaycan Prezidenti 2016-cı ili iqtisadi islahatlar ili elan etmiş, ötən 7 ayda iqtisadi islahatları təmin edəcək çoxsaylı fərman və sərəncamlar imzalanmış, yeni qurumlar təsis olunmuşdur.

Hazırda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunmuş qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini təsdiq etmişdir. Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır.

Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir. Tənzimləmənin konkret məqsədi aydınlaşır və həmin məqsədə xidmət etməyən bu və ya digər qaydalar lazımsız hesab edilir. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır. Təklif edilən dəyişikliklər vətəndaşların, o cümlədən sahibkarların dövlət məmurlarının özbaşınalıq, qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Dəyişikliklər qəbul edildikdə, bu maddəyə əlavələr digər qanunlarda da inkişaf etdiriləcəkdir. Həmçinin bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyəti artırılacaqdır. 

- Referendum Aktı layihəsində qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblər, hətta parlamentin buraxılması hallarını müəyyən edən müddəa da yer alıb. Nəzərdə tutulan bu dəyişikliklər hansı amillərlə bağlıdır? 

- Qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni tələblər insan hüquqlarının təminatına bərabər imkanlar yaradılması prinsipi əsasında yanaşmanı ehtiva edir. Məsələn, yaş senzinin aradan qaldırılması ilə seçkidə iştirak etmək hüququ olan şəxslərə həm də seçilmək hüququ verilir. Bundan başqa, yüksək dövlət postlarına təyinata və eləcə də seçkili orqanlarda təmsilçiliyə yaş məhdudiyyəti aradan qaldırılır. Avropa Şurasının Venesiya Komissiyasının qənaətinə əsasən, yalnız spesifik yüksək vəzifələr üçün yaş tələbi müəyyən edilə bilər və bu tələbin 25 yaşdan aşağı olmaması tövsiyə olunur. Azərbaycan qanunvericiliyində yüksək vəzifələr üçün ali təhsil və s. tələblər nəzərdə tutulur və bu halda 18-20 yaşlarında olan vətəndaşların həmin vəzifələrə seçilmək və ya təyin olunmaq imkanları məhdudlaşır.

Qeyd etməliyəm ki, bir sıra xarici ölkələrin, məsələn, Fransa və Finlandiyanın əsas qanunlarında vəzifə üçün yaş senzi müəyyən edilməmişdir. Həmçinin, Böyük Britaniyanın 1948-ci il "Xalq təmsilçiliyi Aktı"na əsasən parlamentə seçilmək üçün 21 yaş, 1969-cu ildən isə 18 yaş həddi müəyyən edilmişdir. Həmçinin Almaniya, İslandiya, Macarıstan, Norveç kimi ölkələrdə 18 yaşa, Rusiya, İrlandiya, Portuqaliya və Çexiyada isə parlamentə seçilmək üçün 21 yaşa çatmaq yetərli hesab olunur. Beynəlxalq praktikaya əsasən, aşağı yaş senzinin aradan qaldırılması hər bir şəxsə öz potensialını reallaşdırmaq üçün şərait yaradan, xüsusilə gənclərin siyasi fəallığını stimullaşdıran önəmli amillərdən biridir.

Təklif olunan dəyişikliklər, həmçinin deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı normaları dəqiqləşdirir, Milli Məclis üzvünün fəaliyyətində şəffaflığın artırılması, onun xalqın təmsilçisi kimi yüksək adına xələl vurmaması üçün təminat yaradır. Analoji norma Böyük Britaniya qanunvericiliyində də əks olunmuşdur və müvafiq tələblər bu ölkənin parlamentinin üzvlərinə şamil edilmişdir. Azərbaycan parlamentinin buraxılması hallarını müəyyən edən yeni müddəanın Konstitusiyaya daxil edilməsi parlamentin nəzəri cəhətdən iflic vəziyyətə düşməsinin mümkünlüyü ilə bağlıdır. Bu, hakimiyyət qolu olan parlamentin zəifləməsi kimi anlaşılmamalıdır.

Prezident dövlətin, hakimiyyət qollarının normal, fasiləsiz fəaliyyətini təmin etməlidir. Parlamentin buraxılması ilə bağlı oxşar mexanizm bir çox ölkələrin, o cümlədən Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və s. əsas qanunlarında da müəyyən edilmişdir. Məsələn, Almaniyada iki dəfə - 1972-ci və 1982-ci illərdə, Fransada isə 1962-ci, 1981-ci, 1988-ci və 1997-ci illərdə parlament buraxılmışdır. Ancaq Almaniya Prezidentindən fərqli olaraq, Fransa Prezidenti həm də parlamentin buraxılması ilə bağlı diskresion səlahiyyətə malikdir. Onun qərarı Baş nazir tərəfindən təsdiqə və ya təqdimata əsaslanmır və ümumiyyətlə, ciddi əsaslandırma tələb etmir. Konstitusiyaya görə, Prezident yalnız Baş nazir və parlamentin hər iki palatasının rəhbərləri ilə məsləhətləşə bilər.

- Dövlətin təhlükəsizliyinin, cəmiyyətdə sabitliyin daha da möhkəmləndirilməsi üçün Konstitusiyaya təklif olunan dəyişiklikləri labüd edən geosiyasi amillər hansılardır?

- Cənubi Qafqaz - Xəzər dənizi regionu ölkələri arasında əməkdaşlıq mühiti mövcud olsa da, mürəkkəb geosiyasi proseslər, lokal konfliktlər, dövlətlərarası münaqişələr bölgədəki sabitliyi və təhlükəsizliyi təhdid edən amillər kimi qalmaqdadır. Azərbaycan Respublikasının ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, uzun illərdir münaqişənin tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər hələlik heç bir nəticə verməmişdir. Bununla yanaşı, təcrübə göstərir ki, ayrı-ayrı region ölkələri daxili sabitliyin pozulması və vətəndaş qarşıdurmasına yol açan təhdidlərdən də sığortalanmamışlar. Müasir dövrdə siyasi və iqtisadi proseslərin mürəkkəbliyi nəzərə alınaraq, dövlətin təhlükəsizliyini və cəmiyyətdə sabitliyi gücləndirmək məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi üçün konstitusion əsasların yaradılması zərurətə çevrilmişdir.

Təklif olunan Referendum Aktı layihəsində Azərbaycan Silahlı Qüvvələrinin çərçivəsinin dəqiqləşdirilməsi, sərhəd qoşunları, daxili qoşunlar, Milli Qvardiya və digər silahlı birləşmələrin silahlı qüvvələrin tərkib hissəsi kimi müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, cəmiyyətdə ədavət və düşmənçilik oyada bilən bütün təşviqat və təbliğatın qadağa dairəsinin genişləndirilməsi, dövlətin əsaslarına təhlükə yaradan və cinayət xarakterli məqsədlər güdən, cinayətkar üsullardan istifadə edən birliklərin qadağan edilməsi təklif olunmuşdur.

Beləliklə, Konstitusiyaya təklif olunan dəyişikliklər son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Bu təşəbbüs dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlmişdir.

Sizin Reklam Yeriniz