Əlaqə Arxiv
news Image
2016.11.25
11:55
| A A A
İslam dini dəyərlərimizlə, dəyərlərimiz isə dinimizlə vəhdət təşkil edir

İHər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Bəs bu gün milli mədəniyyətimizin mühüm dəyərlərini özündə yaşadan muxtar respublikamızda dini dəyərlərimiz necə təbliğ olunur? Movqe.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bununla bağlı "Şərq qapısı" qəzetinə müsahibə verib. Mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni oxuculara təqdim edirik.

– Vüqar müəllim, İslam dini milli və mənəvi dəyərlərimizin inkişafında necə rol oynayır?

– Bildiyiniz kimi, İslam dini humanist bir dindir və tarixən yayılmış bütün ərazilərdə aid olduğu xalqın milli və mənəvi dəyərlərinə hörmətlə yanaşıbdır. İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edir. Məsələ burasındadır ki, bizim milli dəyərlərimizin təməlində dayanan əsas meyarlar dinimizdə də öz əksini tapıb. Bu dəyərlərin kökü İslamdan xeyli əvvələ gedib çıxır. Məsələn, Novruz bayramı. Bildiyiniz kimi, bu bayramı xalqımız min illərdir, qeyd edir. Novruzun kökündə nə dayanır? Bu bayramda təbiət canlanır, küsülülər barışır, kimsəsizlər yada salınır, hər kəs bişirdiyi nemətləri yaxınları ilə paylaşır, böyüklərin görüşünə gedilir və sair. Diqqət edin, bütün bu hərəkətlərə İslam da böyük yer verir. Bəzən mənə Novruzla bağlı belə bir sual verilir: Bu bayramda od yandırılması Zərdüştlüklə əlaqəlidirmi? Bu suala yenə də cavab verməyi özümə borc bilirəm ki, Zərdüştlükdə oda sitayiş məsələsi yoxdur. Yalnız odun insanların həyatında rolu nəzərə alınaraq ona dəyər verilib. O ki qaldı Zərdüştlüyə, bu haqda İslamda müəyyən bilgilər var. İslamdan öncə yer üzünə xeyli sayda elçilər, yəni peyğəmbərlər göndərilib və Zərdüşt Peyğəmbər də onlardan biridir. Burada əsas məqamlardan biri Xeyirlə Şərin mübarizəsi, sonda birincinin qalib olmasıdır.

Göytürklərdən bəri biz təkallahlığı qəbul etmişik, bütlərə tapınmamışıq, heç kəsin haqqına toxunulmamasını istəmişik. Buna görə də biz İslamı dərin anlamla qəbul etdik və tarix də göstərir ki, İslamın yayılmasında, formalaşmasında və inkişafında türklərin böyük rolu olub. Bundan əlavə, bizim milli dəyərlərimiz sayılan böyüyə hörmət, qadına verilən böyük dəyər və sair İslam dini yarandıqdan

sonra bu dində də öz əksini tapıb. Bu faktlar bizim xalqın nə qədər humanist dəyərlərə malik olduğunu sübut edir. Bütün bunlar onu göstərir ki, bizdəki dəyərlər İslamdan xeyli əvvəl var idi və bu din yayıldıqdan sonra dəyərlərimiz daha da kamilləşdi, daha geniş şəkildə təbliğ olunmağa başlandı. Bu gün ölkəmizdəki tolerantlığın əsas kökü də bizim dəyərlərimizdən qaynaqlanır. İslam dini isə bu dəyərlərimizin daha təkmil və kamil formalaşmasına öz təsirini göstərib. Bu mənada, İslam dini dəyərlərimizlə, dəyərlərimiz isə dinimizlə bir vəhdət təşkil edir.

– İslam dininin üç əsas simvolu vardır ki, onlardan da birini məscidlər təşkil edir. Bu gün muxtar respublikada məscidlərimizin fəaliyyəti necə qurulub?

– Əvvəlcə onu qeyd edim ki, məscidlər bir ibadət ocağı olmaqla yanaşı, həm də milli və mənəvi dəyərlərimizin təbliğ olunduğu yerlərdir. Hələ uzaq keçmişdən xalqımız məscidlərdən təkcə ibadət ocağı kimi deyil, həm də elm öyrənmək, vətənimiz üçün mühüm məsələləri müzakirə etmək və qərarlar vermək, birisinə yardım etmək və sair kimi məsələlərdə istifadə edib. Yetmiş il Sovetlər Birliyi dövründə məscidlərimiz tam fəaliyyət göstərə bilməsə də, müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə mühüm işlər görüldü. Naxçıvan Muxtar Respublikasında məscidlərimizin əsaslı şəkildə yenidən qurulması, yeni məscidlərin tikilməsi diqqət mərkəzində saxlanılan məsələlərdən biri olub. Məlumat üçün bildirim ki, hazırda muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib, 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Fəaliyyətləri ilə bağlı onu deyə bilərəm ki, məscidlərimiz hər kəsin üzünə açıqdır və istər dini ayinlər, istərsə də dini bayramlarımız milli və mənəvi dəyərlərimizə, İslam ənənələrinə uyğun olaraq təşkil olunur və keçirilir.

– Hər bir sahənin inkişafında, təbii ki, kadrların hazırlanması əsas vəzifələrdəndir. Bu gün dini sahədə mütəxəssis hazırlığı hansı səviyyədədir?

– Əlbəttə, bu sahədə kadr hazırlığı daim diqqət mərkəzində olan məsələlərdəndir. Ancaq etiraf edək ki, hələlik bu istiqamətdə lazımi səviyyəyə gəlib çatmamışıq. Bu gün muxtar respublikada 680 din xadimi qeydiyyatdan keçib, ancaq diqqət etsək, görərik ki, onların böyük əksəriyyəti orta yaş və ondan yuxarı olanlardır. Doğrudur, dini biliklərinin artırılması məqsədilə qurumumuz tərəfindən din xadimləri təkmilləşdirmə kurslarına cəlb olunur, onlar üçün əyani vəsaitlər hazırlanıb paylanılır. Ancaq ilahiyyat üzrə ali təhsilli kadrlarımız hələ ki azlıq təşkil edir. Sevindiricidir ki, “Naxçıvan” Universitetində keçən il Dinşünaslıq ixtisası açılıb, yaxınlarda isə iki və dördillik kurslardan ibarət mədrəsənin açılacağı planlaşdırılıb. Bu tədbirlərdən sonra inanırıq ki, yaxın dörd-beş il ərzində ali təhsilli kadrlara olan ehtiyacımızı ödəyə biləcəyik.

– Vüqar müəllim, muxtar respublikada ümumi dini durumu necə dəyərləndirərdiniz?

– Muxtar respublikada multikultural dəyərlərə yüksək qiymət verilməsi, dövlət-din münasibətlərinin mövcud qanunvericilik çərçivəsində tənzimlənməsi bu sahədə kifayət qədər müsbət nəticələrin əldə edilməsinə imkan verib. Bu gün muxtar respublikada 11 dini icma fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə İdarə tərəfindən bu icmaların fəaliyyətinə daim nəzarət olunur. Bundan əlavə, iki il bundan əvvəl Naxçıvan şəhəri də daxil olmaqla bütün rayonlarda multikulturalizm komissiyaları yaradılıb. Vaxtaşırı olaraq bu komissiyalar tərəfindən müxtəlif mövzularda tədbirlər təşkil edilir. Gənc nəslin maarifləndirilməsi baxımından həm dini icmalar, həm də adıçəkilən komissiyalar tərəfindən keçirilən tədbirlərin mahiyyəti tərəfimizdən müzakirə olunur. Bununla yanaşı, məscidlərdə təmizliyin saxlanılması, qəbiristanlıqlarda yerli icra nümayəndəlikləri ilə birlikdə iməciliklərin təşkil olunması, yas mərasimlərinin qəbul edilmiş qaydalar əsasında keçirilməsi və digər bu kimi tədbirlər diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda fəaliyyət göstərən məscidlərdən aidiyyəti üzrə istifadə edilir, dini ayrı-seçkiliyə, radikal və dini nifrət yayan cərəyanların təbliğinə yol verilmir. Yeri düşmüşkən onu da vurğulayım ki, insanların dini maariflənməsində dini ədəbiyyatlar böyük rol oynayır. Heç kəsə sirr deyil ki, ölkəmizə gətirilən dini ədəbiyyatların əksəriyyəti müxtəlif dini cərəyanların və radikal təriqətlərin yayılması məqsədi daşıyır. Bu məqsədlə də lazımi tədbirlər görülür. Belə ki, dini təyinatlı ədəbiyyatların, əşya və dini məzmunlu digər məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi məqsədilə ixtisaslaşdırılmış satış məntəqələri yaradılıb. Nəticədə, dövlətçiliyimizə zidd olan, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçiliyi təbliğ edən ədəbiyyat və əşyaların muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb.

– Bildiyiniz kimi, 2009-cu ilin oktyabrında Bakıda keçirilən İslam Konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısı çərçivəsində Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Fikrinizcə, Naxçıvan bu mədəni statusdan yararlanaraq İslam dünyasına hansı töhfələri verə bilər?

– Təbii ki, elmin, ədalətin, ümumilikdə isə inkişafın qoruyucusuna çevrilən İslam mədəniyyəti müsəlman dünyasında istiqamətverici qüvvə olub. Qədim Azərbaycan mədəniyyəti isə İslam mədəniyyətinin bir hissəsinə çevrilib.

Müasir qloballaşma dövründə isə mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya daha irəli gedərək nəinki bir-birini tanıma, eyni zamanda dünya siyasətində söz sahibi olma baxımından böyük rola malikdir. Hazırda bu məqsədlə

keçirilən tədbirləri daha sistemli təşkil etmək və xalqlar arasında əlaqələri mədəniyyətlər vasitəsilə inkişaf etdirmək məqsədilə bir çox layihələr həyata keçirilir ki, onlardan biri də “İslam Mədəniyyətinin Paytaxtı” layihəsidir. Naxçıvanın bu layihəyə təqdim edəcək mühüm potensialı var. Bu potensial, əsasən, özünü tarixi, mədəni və dini aspektlərdə göstərir. Diqqət edək, Naxçıvanın tarixi bəşər tarixinin özü qədər qədimdir, elə təkcə şəhər mədəniyyətinin yaşı 5000 ilə gedib çıxır. 5000 illik şəhər mədəniyyətinə malik bir ərazi isə tarixi abidələr baxımından kasad ola bilməz, hansı ki biz bu gün Naxçıvanın hər qarışında bu abidələrlə qarşılaşırıq. Naxçıvanda tarixi və mədəni abidələrə olan yanaşma haqqında isə danışmaq azdır, bunu, sadəcə, görmək lazımdır. Və nəhayət, dini baxımdan Naxçıvanın özünəməxsusluğu var. Müqəddəs “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf mağarasının burada olması, muxtar respublika ərazisində imamzadələrin, pirlərin mövcudluğu dini baxımdan Naxçıvanın əhəmiyyətini xeyli artırır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bizim milli mədəniyyətimizi əsrlərlə özündə yaşadan tarixi abidələrimizin üzərindəki dini yazılar da tarixən Naxçıvanın İslam aləmində hansı yeri tutduğundan xəbər verir. Bütün bu tərəfləri ilə Naxçıvanın İslam dünyasında, eləcə də Yaxın Şərqdə geniş təbliği üçün böyük imkanlar açılır. İnanırıq ki, belə mötəbər bir tədbirin keçirilməsinə Naxçıvanın ev sahibliyi etməsi qədim diyarımızın tarixi, mədəni, eyni zamanda turizm və iqtisadi baxımdan perspektivlərini ortaya qoyacaq. Son illər Naxçıvanda bu sahədə həyata keçirilən tədbirlər – məscidlərin tikilməsi və bərpası, tarixi abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması onu deməyə əsas verir ki, 2018-ci ildə keçiriləcək tədbirə Naxçıvan indidən artıq tam hazırdır.

– Müsahibə üçün sağ olun.

Sizin Reklam Yeriniz