Əlaqə Arxiv
news Image
2017.04.04
16:33
| A A A
Azər Məmmədli: "Məşqçim məni görəndə qaçıb gizlənir" - MÜSAHİBƏ

Movqe.az xəbər verir ki, Ağır Atletika üzrə 12 qat Azərbaycan çempionu Azər Məmmədov İslam Olimpiadasında da əsas medal ümidlərimizdəndir. +105 kq çəki dərəcəsində Yeniyetmələr arasında keçirilən Dünya çempionatında 2-ci olmaqla ölkəmiz üçün tarixi nəticəyə imza atan gənc idmançımız turnir öncəsi Goal.az-ın suallarını cavablandırıb.

- Qarşıdan İslam oyunları gəlir. Yarışa hazırlıq necə gedir?

- Yarışa hazırlıq yüksək səviyyədə gedir. Yüksək səviyyədə hazırlaşıram. Yanvar ayından təlim-məşq toplantısındayıq. Demək olar ki, hər gün məşq var. Yarışa 50 gündən az vaxt qalıb. Bu səbəbdən də tam ciddi hazırlaşmaq lazımdır. Hər gün məşq edirik.

 

- Qızıl medal qazanmağa əsas namizədlərdən birisən. Bu arxayınlıq, yoxsa əlavə məsuliyyət verir?

- Qətiyyən arxayınlıq vermir. Əksinə daha çox məsuliyyət verir. Hər məşqə daha ciddi yanaşmağa vadar edir.

 

- Körpücük üzərinə çıxanda doğma meydan və ya başqa ölkə amilinin hansı təsirləri olur?

- Doğma meydanda ailən, yaxınların, dostların səni izləyir. Başqa ölkədə isə tanımadığın adamlar səni alqışlayır. Doğma meydanda yarış adama daha ciddi gəlir. 

- Məşqlərdə asanlıqla qaldırdığın çəkinin yarışda öhdəsindən gəlmədiyin olub?

- 2015-ci ildə Gənclər arasında Avropa çempionatında iştirak edirdim. Təlim məşq-məşq toplanışlarında 220 kq qaldırmışdım. Yarışda isə 9 kq az, 211 kq qaldırmışdım. Hər 3 cəhddə edə bilmədim və Avropa ikinciliyi əlimdən çıxdı. Bu hər idmançının başına gələ bilər. İnsan elə vaxt olur özünü yaxşı, elə vaxt da olur ki pis hiss edir. Bu vəziyyət də çıxışına təsirsiz ötüşmür.

 

- Hansı uğursuzluq daha pis təsir edib və uzun müddət təsirindən çıxmamısan?

- 2011-ci ildə Yeniyetmələr arasında Avropa çempionatı nəticəm sıfır oldu. Məşqlərdə edə bildiyimi etsəydim, Avropa ikincisi olacaqdım. Bu yarışdan 18 gün sonra isə ölkəyə qayıdıb Yeniyetmələr arasında Dünya çempionatında iştirak edəcəkdim. Mənə çox pis təsir etmişdi. 5 ay hazırlaşasan, axırda da sıfır çəki. Telefonlarımı söndürmüşdüm. Ailəmlə, dostlarımla ünsiyyəti kəsdim. 18 gün ərzində bütün gün məşq etdim. Nəticədə dünya ikincisi oldum. Bu nəticə ölkə idmanı tarixində ilk idi. Ondan sonra da hələ belə əyarlı medal qazanan olmayıb.

 

- Uğursuzluğu unutmaq, qarşıdakı yarışlara köklənmək üçün psixoloqla məsləhətləşirsinizmi?

- Bizim psixoloqumuz var idi. Bayaq qeyd etdiyim Avropa Çempionatında uğursuzluq sonrası, mənim intizamıma, məşqlərimə çox təəccüblənmişdi. Səliqəni sevən insanam. Məşqdə də buna diqqət edirəm. Əsas odur ki, məşqlərdə sərbəst olasan. Buna alışmaq lazımdır.

 

- Son Azərbaycan çempionatında rəqiblərini böyük fərqlə üstləyərək çempion oldun. Səncə onlar zəifdir, yoxsa sən güclüsən?

- Bu 12-ci medalım idi. Heç bir idmançının günahına girmək istəmirəm. Çoxlu məşq etmək lazımdır. Digər idmançılar arasında məndən balaca və böyüklər, daha təcrübəlilər də var. Hələ özümə güclü deyə bilmirəm. Qarşıda çoxlu planlarım var. 

- Bir az da qələbələrin haqda danışaq...

- İlk yarışım 2009-cu ildə MDB ölkələri arasında keçirilən turnirdə ikincilik olub. Azərbaycan rekordçusuyam, 12 dəfə Azərbaycan çempionu olmuşam. Bundan başqa, Yeniyetmələr arasında dünya ikincisi olmuşam. Bu tarixi nəticədir və hələ də təkrarlanmayıb. İstiyərdim ki, çəki dərəcəmdə olan yeniyetmə idmançılar mənim qazandığım uğuru təkrarlasınlar. Bəzi idmançılar istəmirlər, ancaq mən istiyərdim ki, idmançılarımız ölkəmizi uğurla təmsil edib medalla qayıtsınlar. Hansı idman növü olmasından asılı olmayaraq, Azərbaycan nə qədər çox medal qazansa, mənimçün də bir o qədər fəxrdir. Avropa medalı 3 dəfə əlimdən çıxıb. 2 dəfə ikinciliyi, bir dəfə üçüncülüyü heç nədən əldən vermişəm. Hamısında da səbəb psixoloji gərginlik olub. Elə bil ki, öz əlimlə medalı verdim başqasına. 

 

- Uğursuzluqlardan sonra məşqi ilə danışırsınızmı niyə belə oldu deyə?

- Uğursuzluq olanda məşqçim məni görəndə qaçıb gizlənir. Mən ona o qədər suallar verirəm ki. Elə olur ki, məşqdə birdən qaldırmada ən çox 170 kq qaldırmışam. 165, 155-ə düşür. Onların öhdəsindən gəlirəm. Deyir yaxşıdır. Axşam yatana qədər fikirləşirəm, ona yazıram ki, niyə olmadı, niyə alınmadı? O da deyir "səbrli ol, bir az səbr elə". Vaxt yoxdur, həyat qısadır. Gərək nəsə edəsən. Bu mövzuda çox olur söhbətlərimiz. Anar müəllim həm dostumuz, qardaşımız, həm də böyüyümüzdür. Çox istəyirik onu.

 

- Lənkərandan ağır atletika ilə məşğul olan çox idmançılar olub. Sən də Lənkəranlısan...

- Bizim müəllimlər həmişə deyirdilər ki, Azərbaycanda ağır atletikanın vətəni Lənkərandır. Bizim Lənkərandakı idman zalından medal qazanan çox idmançılar çıxıb. Gənclərin Dünya və Avropa çempionatlarında, böyüklər arasında Dünya çempionatında medal qazananlarımız var. Həqiqətən də Lənkəranlı çox güclü idmançılar var. 6-7 məşqçi var ki, onların tələbələrinin sayı 100-ü keçir. 

 

- Səndə necə oldu bu sahəyə maraq yarandı?

- Çətinliyi sevən insanam. Ağır atletika da ən çətin idman növlərindəndir. Bu idman növü ilə hər adam məşğul ola bilməz. İdmançıdan çox intizam, ciddiyyət tələb edir. Mən də çətinin üstünə qaçıram həmişə. Ona görə ağır atletikanı seçdim. Elə insanlar var ki, çətinliyi sevmir "hazıra nazir" olmağa üstünlük verirlər. Mənimsə xarakterimdə bu yoxdur, elə bu səbəbdən də ən ağır idman növünü seçdim. 12 ildir məşğul oluram.

 

- Ağır atletika ilə məşğul olanların kabusu dopinqdir. Yerli idmançılarımız da dəfələrlə cəzayə məruz qalıblar. Sən dopinqlə necə mübarizə aparırsan?

- Məşqçilərin sözünə qulaq asmaq lazımdır. İdmançı gərək tələsməsin. Yəni nədənsə istifadə edib bu gün dünya çempionu olub, sonra onu itirməkdənsə, 1-2 il sonra öz əziyyətinlə qazanmağın yaxşdır. Mən bacardığım qədər elə şeydən qaçıram. Çətin idman növüdür. Kişisənsə məşq elə, öz gücünə inan və uğur qazan. Bu bir az da xarakter məsələsidir. 

 

- Ağr atletika ilə məşğul olmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?

- Səbr, ciddilik, məsuliyyət. Bu üçü olduqdan sonra güc də gələcək, texnikan da yaxşı olacaq. İradə də olmalıdır. Mən özüm də müşahidə edirəm. Bezənlər, yarımçıq tərk edənlər çox olur. Yorulurlar, məşqdən sonra bədənləri ağrıyır. Biz də məşq edirik, yoruluruq, ağrıyırıq robot deyilik ki. Əsas odur səbrli olasan, özünə inamın ola.

- Dostluq etdiyin idmançılar var?

- Belə bir deyim var, "idmançını idmançı yaxşı başa düşər". Dostlarım arasında idmançılar çoxdur. Onlar arasında atletlər, boksçular, güləşçilər, karateçilər var. Birinin adını çəksəm digərləri inciyəcək. Ona görə də ad çəkmək istəmirəm. 

 

- Digər idman növləri ilə aran necədir?

- İkinci sevdiyim idman növü qaydasız döyüşdür. Onun da çətin olması diqqətimi çəkir. Demək olar hər gün izləyirəm. Amerikalı idmançı var Con Cons var, "şir" ləqəbli. 2 dəfə dünya çempionu olub. Onun döyüşlərini daha çox izləyirəm. 

 

- Ləqəbdən söz düşmüşkən, sənin ləqəbin nədir?

- Mənə də "şir" deyirlər. Gənclər və İdman nazirimiz Azad Rəhimov da mənə "şir" deyir.

 

- Daha aşağı çəki dərəcələrində idmançılar üçün çəkilərini qorumaq çətin olur. Onların problemi artıq çəki olur. Sən isə +105 kq çəki dərəcəsində mübarizə aparırsan. Qidalanma rejimin maraqlıdır...

- Çəkim 157 kq-dır. İstəsəm 1 aya 110 kq olaram. Ancaq mənim qaldırdığım çəkilər, mənim rejimim elədir ki, hər gün 5 dəfə yemək yeməliyəm ki, məşqdə başım gicəllənməsin. Bu gün normadan bir az çox yesəm, sabah 2 məşqdən sonra yenə əvvəlki normaya düşürəm. Ən çox sevdiyim yemək də "ləvəngi"dir. O da Lənkəranlı olduğuma görə (gülür).

Sizin Reklam Yeriniz