news Image
2012.04.25
14:09
| A A A
Avtomobillər hələ də piyada səkilərindən dayanacaq kimi istifadə edirlər
Məzahir Rüstəmov: "Festival ərəfəsində səkilərdə saxlanılan maşınların yığışdırılıb cərimə meydançasına aparılmasına müvəqqəti addım kimi getmək olar"

Azərbaycanın mədəni həyatında əlamətdar hadisələrdən olan "Eurovision" mahnı müsabiqəsinə az müddət qalır. Artıq bütün ölkə bu möhtəşəm tədbirə hazırlaşır. Adətən, beynəlxalq və regional əhəmiyyətli tədbirlər keçirilən ərəfələrdə bütün ölkələrdə mövcud olan bu və ya digər problemlərin həlli, tikinti-quruculuq işləri daha da tezləşdirilir.

Bu mənada ölkənin paytaxtı Bakıda da müsabiqə ərəfəsi qızğın təmir-tikinti, təmizlik işləri aparılır. Belədə həm şəhərin gözəlliyi daha da artır, həm də gələcək qonaqların buradan daha məmnun qayıtmalarına hərtərəfli şərait yaradılır.

Hazırda Bakı şəhərində mövcud olan problemlərdən biri avtomobillərin harda gəldi saxlamasıdır. Şəhərdə normal avtomobil dayanacağının azlığı səbəbindən sürücülər maşınlarını bəzən piyada səkilərində, hətta yolun bir hissəsini tutmaq bahasına olsa belə yol kənarında saxlamalı olurlar. Nəticədə də şəhərdə geniş tıxaclar əmələ gəlir ki, bundan da həm piyadalar, həm də sürücülərin özləri ziyan çəkir. Düzdür, müvafiq qurumlar tərəfindən icazə verilməyən yerlərdə saxlanılan avtomobillərə qarşı müvafiq tədbirlər görülür. Belə maşınlar evakuatorlar vasitəsilə cərimə meydançalarına aparılır. Amma görünən mənzərə odur ki, avtomobillərin harda gəldi saxlanılması halları səngimək əvəzinə, daha da artır. Deməli, prosesə qarşı daha effektiv mübarizə aparılmalıdır. Qarşıdan mahnı müsabiqəsinin gəldiyini nəzərə alsaq həmin problemin köklü şəkildə həllinin vacib olduğu bütün çılpaqlığı ilə üzə çıxır. Deyəsən, Ukrayna bu sahədə olan problemin həlli yolunu tapıb. Belə ki, bu ilin iyununda Ukrayna və Polşada futbol üzrə Avropa çempionatı keçirilməlidir. Həmin çempionata da xeyli sayda əcnəbi tamaşaçısının gələcəyi gözlənilir. Bu vəziyyət isə Ukrayna rəhbərliyini futbol yarışlarının keçiriləcəyi şəhərlərdə avtomobillərin harda gəldi saxlanılması ilə bağlı problemin dərhal aradan qaldırılmasını tələb edir. Belə neqativ halın yarış ərəfəsində özünü göstərməməsi üçün Kiyev şəhər rəhbərliyi səkilərdən dayanacaq kimi istifadə edən bütün maşınları götürüb cərimə meydançasına aparırlar. Yəni bu zaman atılan addım bir neçə maşına deyil, qanunsuz yerdə saxlanılan bütün avtomobillərə şamildir. Bunun da nəticəsində Kiyevdə artıq yollarda tıxac problemi də bir qədər azalıb. Görəsən, "Eurovision" ərəfəsi Azərbaycanda da analoji addımlar atıla bilərmi?

Nəqliyyat məsələləri üzrə mütəxəssis Məzahir Rüstəmovun fikrincə, müvəqqəti addım olaraq qanunsuz yerdə dayanan avtomobillərin cərimə meydançalarına aparılmasını həyata keçirmək mümkündür: "Ukraynada səkilərdə saxlanılan avtomobillərin cərimə meydançalarına aparılması variantı onsuz da ölkəmizdə daim qüvvədə olub. Bizdə bu variantdan çoxdan istifadə olunur. Ukraynada isə ola bilsin sadəcə olaraq xəbərdarlıq nöqteyi-nəzərindən belə addıma keçiblər. Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Ona görə də düşünmürəm ki, qanunsuz yerlərdə saxlanılan avtomobilləri cərimə meydançalarına aparmaqla problemi həll etmək mümkün olsun. Onsuz da həmin proses bizdə ilboyu həyata keçirilir. Amma onun effekt verdiyini görməmişik. Düşünürəm ki, maşınların harda gəldi saxlanılmasına qarşı mübarizədə başqa yollar axtarılmalıdır. İllər öncə avtomobillərin qanunsuz yerlərdə qoyulmasına qarşı tədbirlər planı olub. Lakin təəssüf ki, dövlət başçısının sərəncamına uyğun olaraq verdiyi tədbirlər planı indiyə kimi həyata keçməyib. Həmin plana görə yeraltı və yerüstü qarajlar tikilib istifadəyə verilməliydi. Amma bu baş vermədiyindən artıq prosesin qarşısını almaq çətindir. "Eurovision" müsabiqəsi yaxınlaşdığından, məhz ona görə bunu həyata keçirmək artıq gecdir. Maşınların saxlanılması üçün münasib yerlər olmadığından onlar da məcburiyyət qarşısında harda gəldi saxlayırlar. Amma düşünürəm ki, musiqi festivalı ərəfəsində qanunsuz yerlərdə saxlanılan maşınların yığışdırılaraq cərimə meydançalarına aparılması həyata keçirilsə də, bu müvəqqəti xarakter daşıyacaq. Yəni müvəqqəti olaraq bu addıma getmək olar. Amma bu yolla problemi daimi həll etmək olmaz".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs