Əlaqə Arxiv
news Image
2012.04.25
15:12
| A A A
«Kamaz» sürücülərinin bahalı «kubik» biznesi
Hafiz Babalı: «Mişar daşının satışını əsasən «Kamaz» sürücüləri həyata keçirir və qiymətlər məsafəyə uyğun olaraq dəyişir» Ramil Osmanlı: «Düşünürəm ki, qiymət artımını mişar daşını daşıyan sürücülər qaldırıblar»

Havaların qızması ilə ölkədə tikinti işlərinin sürətlənməsi nəticə etibarilə bir sıra tikinti materiallarının qiymətinin bahalaşmasına səbəb olub. Əldə etdiyimiz məlumatlara görə, əsas bahalaşma el arasında "kubik" kimi tanınan mişar daşlarının qiymətlərində müşahidə olunur.

Təxminən bir həftə öncəyə qədər rayonlarda 48-55 qəpiyə satılan mişar daşları 20 qəpik bahalaşıb. 65-75 qəpik arasında dəyişən qiymətlər əlbəttə ki, alıcıları qane etmir. Çünki alıcılar bir "Kamaz" (750 dənə) mişar daşına görə təxminən 150 manat artıq ödəməli olurlar. Orta ölçülü ev tikmək üçün 8-10 min mişar daşı gərək olur ki, yeni qiymətlə 2 min manata qədər əlavə xərc çəkməlisən.

"Kamaz" sürücüləri bildirirlər ki, qiymətlərin bahalaşması Güzdəkdəki daş karxanalarında satılan mişar daşlarının bahalaşması ilə bağlıdır. Bildirilir ki, hökumət qurumları rayonlarda qəza vəziyyətində olan evlərin sökülüb yerində yenilərinin tikilməsi ilə bağlı işləri davam etdirdiklərindən mişar daşına olan tələbat artıb. Hazırda karxanaların qarşısında uzun növbələr yaranıb.

Bəzi məlumatlara görə, mişar daşının qiymətindəki bahalaşma mövsümi xarakter daşıyır. Bu aylarda fərdi evlərin tikintisi sürətləndiyindən tikinti materiallarına tələbat artır. Satıcılar bundan istifadə edib, özbaşına qiymət qaldırırlar.

Bahalaşmanı karter sövdələşməsinin nəticəsi hesab edənlər də var. Bir neçə daş karxanasında səhm payı olan ekspert Hafiz Babalının sözlərinə görə, daş karxanalarında qiymət artımını sırf mövsümi xarakterdir: "Mişar daşının satışını əsasən "Kamaz" sürücüləri həyata keçirir və qiymətlər məsafəyə uyğun olaraq dəyişir. Bakıda 40-45 qəpiyə satılan mişar daşı Şimal bölgəsində 50-55, Qarabağ zonasında isə 80-1 manat arasında satılır. Xatırlayırsınızsa, iki il bundan öncə ölkədə mişar daşı 1 manata satılırdı. O zaman Kürdən əziyyət çəkən vətəndaşların mənzil problemini həll etmək üçün hökumət böyük miqdarda karxanalardan material alırdı. Bununla əlaqədar qiymətlər bahalaşmışdı. Bu gün isə belə bir sifariş yoxdur. Nə qaçqın və məcburi köçkünlər üçün şəhərciklər salınır, nə də qəza vəziyyətində olan evlərin kütləvi tikintisinə başlanılmayıb. Bu mənada hesab edirəm ki, qiymət artımı mövsümi xarakter daşıyır və kamaz sürücülərinin şəxsi qərarına əsaslanır".

Qiymət artımının karxanaların kater sövdələşməsinin nəticəsi olması ehtimalına gəlincə, ekspert bunu istisna edir: "Təkcə Güzdəkdə 40-a qədər karxana fəaliyyət göstərir. Həmin karxanalar müxtəlif şəxslərə icarəyə verilib. Bu qədər karxanaların öz aralarında sövdələşmə aparması inandırıcı görünmür. Hesab edirəm ki, qiymət artımı daha çox mövsümlə əlaqədardır. Çünki bu aylarda rayonlarda fərdi ev tikintisi prosesi sürətlənir".

Qeyd edək ki, mişar daşının qiymətinin bahalaşması ilə əlaqədar olaraq ustalar da hörgünün xərcini artırıblar. Qəbul olunmuş qaydaya əsasən bənna bir mişar daşını onun satış qiymətinin yarı qiymətinə hörür. Bu isə o deməkdir ki, mişar daşı 50 qəpik olanda bənna onu 25, 70 qəpik olanda isə 35 qəpiyə üst-üstə qoyur.

Əmlak bazarı üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, onlar tikinti materialları bazarında mişar daşının qiymətinin artımını müşahidə etməyiblər: "Hər ayın əvvəllində ötən aydakı tikinti materiallarının qiymətlərilə bağlı bülletenimiz dərc edilir. Əgər qiymət artımı varsa, həmin bülletenə salınacaq".

R.Osmanlı da hesab edir ki, qiymət artımı daha çox mövsümi xarakter daşıya bilər: "Azərbaycanda bəzi xırda müdaxilələri nəzərə almasaq, "kubik" satışında monopoliya yoxdur. Ağır sahə olduğundan heç kəs risk edib ora girişə bilmir. Ölkədə kifayət qədər daş karxanası var və onların arasında rəqabət gedir. Düşünürəm ki, qiymət artımını mişar daşını daşıyan sürücülər qaldırıblar".

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz