news Image
2012.04.03
18:22
| A A A
Muğanlı aktiv sürüşmə zonasıdır

Abid Şərifov: "Ağsu aşırımında baş verən torpaq sürüşməsi ilə əlaqədar təmir-bərpa işləri aparılmalıdır"

"Ağsu aşırımında baş verən torpaq sürüşməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülməli, çökən yerlərdə təmir-bərpa işləri aparılmalıdır".

Bunu baş nazirin müavini Abid Şərifov hökumət nümayəndələri ilə birgə sürüşmə baş verən Ağsu aşırımına və Şamaxı rayonunun Muğanlı kəndinə baxış keçirildikdən sonra jurnalistlərə açıqlamasında deyib. Ağsu aşırımında bu gündən təmir-bərpa işlərinə başlanması barədə tapşırıq verildiyini bildirən baş nazirin müavini aşırımda minik avtomobillərinin hərəkətinə icazə verildiyini qeyd edib.

Muğanlı kəndində evləri qəzalı vəziyyətə düşən sakinlərə keçirilən görüş barədə danışan A. Şərifov qəzalı vəziyyətə düşən evlərdə təmirə ehtiyac olmadığını vurğulayıb: "Buradakı evlər köçürülməlidir. Bu ərazi aktiv sürüşmə zonasıdır. Artıq qəzalı vəziyyətdə olan 46 evin sakini qohumlarının evlərinə köçürülüb".

A. Şərifov həmin sakinlər üçün Şamaxının Meysəri kəndi yaxınlığında 55 hektar torpaq sahəsi ayrıldığını açıqlayıb. Muğanlı kəndinin bütünlükdə köçürülməli olduğunu deyən A. Şərifov ilkin mərhələdə qəzalı vəziyyətdə olan 46 evin sakinlərinin köçürülməsinə qərar verildiyini qeyd edib.

O, araşdırmaların davam etdirildiyini vurğulayıb: "Gələcəkdə kənddə başqa evlər də qəzalı vəziyyətə düşərsə, həmin evlərin sakinləri üçün Meysəridə ayrılan torpaq sahəsində yeni evlər tikilə bilər".

Baş nazirin müavini onu da deyib ki, Meysəri kəndinə yaxın ərazidə ayrılan torpaq sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının mütəxəssisləri tərəfindən bu gündən geoloji tədqiqat işlərinə başlanılıb. Bir həftə ərzində orada tikinti işlərinə başlamağın mümkün olub-olmaması barədə mütəxəssislərin rəyi açıqlanacaq. Rəy açıqlanandan sonra isə tikintinin layihələndirmə və maliyyələşdirmə işləri aparılacaq.

Qeyd olunub ki, ərazidə 46 ev, məktəb və tibb məntəqəsinin tikilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu gün Azərbaycanın hökumət nümayəndələri sürüşmə baş verən Ağsu aşırımına, Şamaxı rayonunun Muğanlı kəndinə baxış keçiriblər. Bölgəyə səfər edən nümayəndə heyətinin tərkibinə baş nazirin müavini Abid Şərifov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov və digər şəxslər daxildir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs